“Anam niyə 2026-cı ili gözləməlidir?” — Tanınmış iqtisadçı

SOSİAL 07 fev 2019, 16:48

ABŞ-da ezamiyyətdə olan tanınmış iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində anasının üzləşdiyi problemdən söz açıb. 


Demokrat.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır:


"Anamın 71 yaşı var. Allah bütün analara sağlam və uzun ömür versin. 53 il dil-ədəbiyyat müəllimi işləyib. Atam rəhmətə gedəndə mənim 13, balaca qardaşımın isə 5 yaşı var idi. Bəy nəslindən olmasına, BDU-nun filologiya fakültəsini bitirməsinə baxmayaraq anam ot da biçib, mal-qara da saxlayıb, odun da yarıb, min bir əziyyətə qatlaşaraq 5 oğul böyüdüb.


Son illər xəstəliyi ilə əlaqədar anamın hərəkətində çətinlik yaranıb, ikinci qrup əlildir. Hər bir övladı anamı ayrı cür çox istəyir. Yəqin qürbətdə olduğum üçün bu istəyi mən daha dərindən hiss edirəm. Hər gün bir neçə dəfə zəng edirəm, halını xəbər alıram.


Anamın hərəkət qabiliyyətinin zəifləməməsi üçün, reabilitasiya məqsədilə onu ildə bir dəfə Bakının 4-cü mikrorayonunda yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinə göndəririk. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən bu mərkəz əlilliyi olan şəxslərə kompleks tibbi-sosial yardım üçün nəzərdə tutulub. Yaz və yay aylarında sıxlıq olduğu, həm də səhhətində problem yarandığı üçün anamı bu ilin fevral ayında Respublika Əlillərin Bərpa Mərkəzinə yerləşdirməyə qərar verdik. Müraciətimizə cavab verdilər ki, adi qaydada növbəyə yazılsanız, növbəniz 2026-cı ildə çatacaq, nazirliyə müraciət edin. Nazirlikdən isə dedilər ki, bu məsələ yalnız nazir səviyyəsində həll olunur. Bizim isə nazirlərə heç vaxt əlimiz çatmır. Vəziyyəti belə görüb fikrimizdən daşındıq.


Bunu yazmaqla yalnız anamın problemini qabartmaq istəmirəm. Ölkədə 620 minə yaxın əlilliyi olan şəxs var. Hətta onların yarısının belə ehtiyacını ödəmək üçün bərpa mərkəzlərinin sayı onlarla olmalıdır. Bilirəm ki, mənim anam kimi on minlərlə şəxsin belə mərkəzlərdə bərpa olunmaq üçün müntəzəm kurslar qəbul etməyə ehtiyacı var. Onu da başa düşürəm ki, bərpaya ehtiyacı olanların çoxluğu hamının bir neçə mərkəzdə reabilitasiyasını mümkünsüz edir. Elə ona görə də ki, bu gün siyahıya yazılana 2026-cı ildə növbə çatır.


Bəs onda nədən belə mərkəzlərin sayı artırılmır və yaxud mövcud mərkəzlərin çarpayı imkanları genişləndirilmir? Bakı şəhərində belə mərkəzlərdən bir neçəsini tikib əlillərin istifadəsinə verməyə nə mane olur? 53 il müəllim işləyən 71 yaşlı əlil anam sağlamlığını az da olsa bərpa etmək üçün niyə 2026-cı ili intizarla gözləməlidir?".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top