Sərnişinlər 214 saylı marşrutun sürücülərindən narazıdırlar – ŞİKAYƏT

SOSİAL 24 yan 2019, 20:42
Hər gün sosial şəbəkələrdə avtobus sürücülərinin məsuliyyətsiz davranışlarını göstərən paylaşımlarla rastlaşırıq. Paylaşılmayan hadisələr isə elə avtobuslarda da qalır. Haradasa sərnişinlərin həyatından cavabdeh olan sürücülər öz həyatlarını belə düşünmürlər. Sanki telefonla məşğul olmaq, siqaret çəkmək, “şir”ə dönüb sərnişinlərlə kobud rəftar etmək onlarda vərdiş halını alıb. Belə və bundan da dəhşətli halların baş verdiyi avtobuslardan biri də 214 saylı marşrut xəttidir. Həmin xəttin avtobuslarında demək olar ki, hər gün bir xoşagəlməz hadisə yaşanır.

Azadinform-a müraciət edən 214 saylı marşrut avtobusunun daimi sərnişinlərindən biri (adını sərnişinin xahişi ilə qeyd etmirik) ötən gün səhər saat 06:50-də yaşadıqlarını bizimlə paylaşıb.

Qeyd edib ki, gözdən zəif, eynəklə belə yolu çətin görən sürücü insanları mənzil başına necə çatdıracağını özü belə bilmirdi. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin 02065 eyniləşdirmə nömrəsi ilə hərəkətdə olan 214 saylı marşrutun sürücüsü sərnişinlərə qorxulu anlar yaşadıb:

“Ayağı pedalda, gözü isə yolu güclə görən sürücü sanki belə də olmalıdır düşüncəsi ilə yolunu davam edirdi. Hətta, sərnişinlərdən bir neçəsi sürücüyə “gözündə problem varsa, başqa bir işlə məşğul ol”, - deyəndə “gəl, sən otur, sür görüm görəcəksən?”, - deyə kobud şəkildə və yüksək səslə cavab verib. Bir sözlə gözünün zəif olduğunu öz dili ilə təsdiqləyib. Dedikləri azmış kimi hələ gediş haqqını düzgün ödəyən bir xanıma “mürdəşir sifətini yusun, 30 qəpik niyə verirsən? Görmürsən 40 qəpik yazılıb?”, - deyə qışqırıb və təbii ki, bununla da sərnişin-sürücü “davası” düşüb.

Şikayətçi deyir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyindən start götürüb “Vasmoy bazar”dakı son dayanacağına qədər yol qət edən 214 saylı sərnişin avtobusundan hamı narazıdır:

“Təsəvvür edin ki, saat 09:00-da işdə olmalı olan qəsəbə sakinləri saat 06:00-da bu avtobusa minməlidir ki, vaxtında işə çatsınlar. Çünki bu marşrutun sürücüləri avtobusları “sürünə-sürünə” idarə edirlər. Əslində 20-30 dəqiqəyə Qara Qarayev metro stansiyasına çata biləcək bu avtobuslar həmin vaxtı 1 saat, hətta elə olur ki, 1 saat 30 dəqiqəyə qədər uzadırlar. Səbəb isə sürücülərin hər addım başı saxlaması və sərnişinləri “presləməsi”dir. İnanın ki, hər gün o avtobusda elə hərəkətlər, elə söyüşlər olur ki, sadəcə etik cəhətdən düzgün olmadığına görə deyə bilmirəm. Bircə onu deyə bilərəm ki, düşünün ki, avtobusdakı sərnişinlərin ya hamısı qadındır, ya da hamısı kişi. Yəqin nə demək istədiyimi anladınız?!”.

O hətta bu marşrutdan müntəzəm şəkildə istifadə edən bütün sakinlərin adından məsuliyyətlə deyib ki, dəfələrlə aidiyyəti qurumlara şikayətlər ünvanlasalar da hələ ki, bir tədbir görən yoxdur.
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu cür hallar yolverilməzdir:

“Bununla bağlı agentlik öz səlahiyyətləri çərçivəsində tədbir görəcək. Daşıyıcı şirkətə həmin sürücünü müəyyənləşdirərək onunla bağlı ciddi tədbirlərin görülməsi üçün göstərişlər veriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top