"Bəlkə Mehman elə güllələnməlidir?" - Yazıçı Seyran Saxavət

MÜSAHİBƏ 07 yan 2019, 20:56
Yazıçı Seyran Səxavət bloger Mehman Hüseynovun aclıq etməsi barədə "Azadlıq" radiosuna müsahibə verib.

Demokrat.Az həmin müsahibəni təqdim edir.

Yazıçı Seyran Səxavət isə M.Hüseynovun aclıq etməsindən xəbərsiz olduğunu bildirir:

- Mən bu sahənin adamı deyiləm. Bu, sırf mənə aid olmayan şeydir. Peşəkar hüquqşünas olmalısan ki, nəsə deyəsən. Mən də indiyə qədər dediklərimə hörmət olaraq, yanlışdan qorxduğuma görə belə işlərə qarışmıram.

- Söhbət bir gəncin taleyindən, fikir, ifadə azadlığından gedirsə, hüquqşünas olmağa ehtiyac varmı?

- Söz azadlığı o demək deyil ki, bilmədiyim işlərlə bağlı ağzıma gələni danışım. Bizdə söz azadlığını baş-ayaq başa düşürlər. Elə bilirlər söz azadlığı varsa, kim nə haqda gəldi, bildi, bilmədi danışa bilər. Belə olmamalıdır. Söz azadlığı odur ki, yaxşı həkim xəstəlik haqda fikrini bildirsin, yazıçı həyati şeylər haqda danışsın. Mən minlərlə müsahibə vermişəm, amma öz sahəmə aid.

- Mehman Hüseynovun həbsinin başa çatmasına az qalmış əlavə ittihamlar verilib, 12 gündür etiraz olaraq aclıq etdiyi bildirilir. Bu, həyati məsələ deyil?

- Mən bilmirəm, axı, onu niyə tutublar. Heç maraqlanmıram da. Mənim sahəm deyil, siz də məndən zorla söz almaq istəyirsiniz. Bilmirəm, axı. Bəlkə o elə tutulmalıdır, bəlkə elə güllələnməlidir? Bəlkə tutulmalı deyil, mükafatlandırılmalıdır? Bilmirəm.

- Cəmiyyətdə bir qınaq var ki, niyə yazıçılar, şairlər, ziyalılar bu mövzuda susurlar.

- Cəmiyyətdə qınaq adlı bir şey yoxdur. Jurnalistlərin uydurmasıdır. Qınaq sağlam cəmiyyətdə olur. Harada görmüsünüz o qınağı? Hansı nümunəni göstərə bilərsiniz ki, ictimai qınaq olub, bu da müsbət, həqiqətə söykənən bir nəticə verib? Qınaq var? Bizdə qınaq yoxdur, qeybət var.

- Niyə belə olub bəs? Niyə Azərbaycanda sağlam tənqid yoxdur?

- O, uzun məsələdir. Onu siz də bilirsiniz. Belə şeylər haqqında mən... Mən heç nədən çəkinmədən həmişə fikrimi demişəm, indiyə qədər də 2 mindən yuxarı müsahibə vermişəm. Bir şey haqda min dəfə soruşmusunuz məndən, bunu bir dəfə soruşmaq lazımdır, «çevir tatı, vur tatı» mənlik deyil. Bu, mənim həyat tərzimə, prinsiplərimə uyğun deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top