Azərbaycan Kubokunda insident — İkinci yarımfinalçı bəlli oldu (YENİLƏNİB)

İDMAN 19 dek 2018, 22:00

Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin ikinci görüşündə “Sumqayıt” və “Neftçi” klubları arasında cavab qarşılaşması keçirilib.

 

Demokrat.Az xəbər verir ki, komandalar arasında ilk görüşdə “Sumqayıt” 2:0 hesabı ilə qalib gəldiyindən cavab görüşünün gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilirdi. “Kapital Bank Arena”da oynanılan cavab matçında ilk dəqiqələrdən irəli atılan “flaqman” rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, hesabı 43-cü dəqiqədə aça bilib. Künc ötürməsindən sonra rəqibin cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edən Namiq Ələsgərov qapını dəqiq nişan alıb - 0:1. Fasilədən sonra paytaxt təmsilçisi təzyiqi artırsa da, hesab dəyişməyib.

 

Beləliklə, “Neftçi” komandası cavab qarşılaşmasında minimal hesabla qalib gəlməsinə baxmayaraq, iki oyunun yekununda 1:2 hesabı ilə məğlub olduğundan Azərbaycan kubokunun dörddəbir finalında mübarizəni dayandırıb. “Sumqayıt” klubu “Zirə”nin ardından yarımfinala yüksələn ikinci komanda olub.

 

Azərbaycan kubokunun dörddəbir final mərhələsinin dekabrın 20-də keçiriləcək digər iki oyununda “Sabah” ilə “Qəbələ” və “Keşlə” ilə “Qarabağ” komandaları üz-üzə gələcəklər.

***

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt" və "Neftçi" komandaları arasında keçirilən cavab görüşündə insident baş verib.

 

Demokrat.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıtda "Kapital Bank Arena"dakı oyunun 43-cü dəqiqəsində qonaqlar hesabı açdıqdan sonra yaşanıb. Meydan sahiblərinin azarkeş qrupu ilə yaxınlıqda əyləşən "Neftçi"nin bir neçə futbolçusu və texniki əməkdaşları arasında mübahisə düşüb. Nəticədə qonaq komandanın nümayəndələri həmin sektoru tərk etməli olublar. Onlar "Neftçi" azarkeşlərinin yer aldığı tribunaya yerləşdiriliblər. 

 

Qeyd edək ki, ilk hissədən sonra "Neftçi" 1:0 hesabı ilə öndədir. Yeganə qolu Namiq Ələsgərov vurub.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top