"Qarabağla bağlı mitinqlərin qarşısını alan hakimiyyət səhv yoldadır" — İlyas İsmayılov

MÜSAHİBƏ 29 okt 2018, 22:39

“Qarabağla bağlı məlumatları oxuyuram, ürəyimdən qara qanlar axır. Məlumatlara görə, ermənilər nəinki Dağlıq Qarabağda, işğal etdikləri digər ərazilərdə də quruculuq fəaliyyətinə başlayıblar. Laçına, Kəlbəcərə yol çəkir, dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri gətirib ata-baba torpaqlarımızda məskunlaşdırırlar. Bir tərəfdən də ABŞ-ın Ermənistandakı keçmiş səfiri açıqlama verərək bildirir ki, ermənilər Dağlıq Qarabağ ətrafındakı 7 rayonu belə, qaytarmaq istəmirlər. Azərbaycan hakimiyyəti isə camaatın Qarabağ mitinqinə gəlməsinə imkan vermir”.

Ədalət partiyasının sədri İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Partiya sədrinin fikrincə, Dağlıq Qarabağla bağlı keçirilən aksiyalar ümumxalq mitinqinə çevrilməlidir: 

“Mitinqlərin qarşısını alan hakimiyyət səhv yoldadır. Bu kütləvi tədbirlər ancaq hakimiyyətin mövqeyini möhkəmlədə bilər. Diplomatik danışıqlarda xalqın ümumxalq etirazlarını əsas gətirib Azərbaycandan güzəşt gözləyən beynəlxalq qüvvələrə bu yolla daha rahat şəkildə rədd cavabı vermək mümkündür”.

Ermənistan baş naziri Paşinyanın xalqın qarşısına çıxaraq, “Qarabağla bağlı atılacaq bütün addımları sizinlə məsləhətləşəcəyəm” deməsini xatırladan partiya sədri, Azərbaycan hakimiyyətinin isə xalqın iradəsindən niyə çəkindiyini anlamadığını deyib: 

“Bizimkilər heç kiminlə məsləhətləşmirlər. 25 ildən artıq hakimiyyətdirlər, Qarabağın geri qaytarılması istiqamətində heç bir addım atmayıblar. Əslində isə hər seçki dövründə xalqa Qarabağla bağlı hesabat verməlidirlər. Qarabağ problemi Azərbaycanın suverenlik məsələsidir və onun həlli heç kimin monopoliyasında saxlanılmamalıdır”.

Bəs, erməniləri özgə torpağını işğal altında saxlamağa bu qədər həvəsləndirən nədir?

Sualı cavablandıran Ədalət partiyasının sədri bu cəsarəti iki arqumentlə izah etdi:“Bunlardan biri xarici dəstək, digəri isə Azərbaycan hakimiyyətinin qətiyyətsizliyidir”.

Son zamanlar dünyada baş verən bəzi hadisələrin Qarabağ probleminin həllində mənfi nümunələr yaratdığını düşünən həmsöhbətimiz, Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Valday forumunda Krımla bağlı səsləndirdiyi fikirləri misal göstərdi: “Putin forumdakı çıxışı zamanı dedi ki, Krım məsələsi beynəlxalq hüququn millətlərin öz müqəddəratını təyin etmək hüququ çərçivəsində həllini tapıb. Açığını desəm, Putinin bu fikirlərini nə onun özünə, nə də lideri olduğu Rusiyaya yaraşdıra bildim. Çünki Rusiya böyük dövlətdir, dünyanın nizamlanmasında özünəməxsus rol oynayır. Hətta bəzi ölkələrin ərazi bütövlüyünün pozulmasını əsas gətirib onlara hərbi yardımlarını əsirgəmir. Krımı isə özü ilhaq edib. Putin təcrübəli siyasətçi olmaqla yanaşı, həm də hüquqşünasdır. Digər siyasi liderlərdən fərqli olaraq, o, beynəlxalq hüquqa daha çox hörmətlə yanaşmalıdır. Rusiya prezidentinin özü də gözəl bilir ki, Krımda yaşayan soydaşlarının öz müqəddaratını təyin etmək hüquqları yoxdur. Çünki ruslar bu hüquqdan artıq istifadə edib dünyanın ən geniş əraziyə sahib dövlətini – Rusiya Federasiyasını yaradıblar. Eyni millətin bir başqa ölkənin ərazisində ikinci dövlət yaratması beynəlxalq hüquqlarla təsbit olunmuş xalqların öz müqəddaratını təyinetmə prinsipinə ziddir. Əgər ruslar bildirsəydilər ki, onlar Krımı tutmasaydılar, artıq orda – Sevastopolda NATO-nun bazası yaradılacaqdı, bu arqumenti indiki beynəlxalq şəraitdə müəyyən mənada anlamaq olardı. Ancaq bu ilhaqa beynəlxalq hüquqi don geydirmək yolverilməzdir”.

Dünyada, xüsusilə regionda böyük nüfuzu olan Rusiyanın bir çox ölkələrdə separatizmi açıq-aşkar dəstəkləməsini qınayan Ədalət partiyasının sədri ermənilərin də bundan yararlandıqlarını vurğulayıb.

Ermənilərin Qarabağ iddialarına bizim hakim dairələrin düşünülməmiş çıxışlarının da haqq qazandırdığını bildirən İlyas İsmayılov, Türkiyə ilə münasibətlərimizi əks etdirən “bir millət, iki dövlət” tezisinə də qarşı çıxıb: 

“Dedikləri fikirlərin hansı nəticələr doğuracağını anlamayan bəzi siyasilər zaman-zaman “bir millət, iki dövlət” tezisini dilə gətirirlər. Ermənilər də bu tezisdən istifadə edib, “necə ola bilər ki, türklərin iki dövlət qurmaq haqları var, bizim yox?” antitezisini irəli sürürlər. Odur ki, Azərbaycanın siyasi iradəsini təmsil edənlər danışmamışdan əvvəl bir az düşünməlidirlər. Dilə gətirdikləri fikri ağıl süzgəcindən keçirib ağızlarından çıxarmalıdırlar. Əks halda, cəmiyyətimizə xeyirdən çox, zərər gətirə bilərlər”.

Azərbaycan hakimiyyətinin Qarabağ probleminə laqeydliyindən ermənilərin cəsarət aldığını deyən İlyas müəllim, qondarma “Dağlıq Qarabağ Respublikası”nın sabiq naziri N. Melkumyanın bir zamanlar söylədiyi fikri xatırlatdı: 

“Vaxtilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş separatçı xarici işlər naziri N.Melkumyan jurnalistlərin suallarını cavablandıraraq deyirdi: “Azərbaycan xalqı öz torpaqlarını azad etmək istəmir”. Gəlin, biz göstərək ki, o, yanılır, Azərbaycan xalqı öz torpaqlarını azad etmək əzmindədir. Unutmaq olmaz ki, ərazidən, torpaqdan qiymətli heç nə yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top