Vahid Mustafayev keçmiş "ANS-çilər"-ə CAVAB VERDİ

SOSİAL 04 apr 2020, 15:53

DİQQƏT! AZƏRBAYCANLILAR SƏFEH XALQ DEYİL!


Son vaxtlar bir sıra hökumət məmurları Azərbaycanda da yoluxanları olan koronavirus qripi ilə əlaqədar son dərəcə diqqətsiz və təhlükəli çıxışlar edirlər. Bu gün Qərb media texnoloqlarının maşası ilə sistemli şəkildə oda atılan xalqlar sırasından Azərbaycanı çıxartmaq yerinə sapları özümüzdən olan oraq və çəkiclərimiz bizi sanki daha da tez yanıb külə dönmək üçün əzim-əzim əzişdirirlər. 


Adlarını çəkmək istəmədiyim məmurların arasında hətta savad sahibləri və uzun müddət jurnalistika ilə məşğul olanlar da mövcuddur. Heç də xırda vəzifə daşımayan, uzun müddət Azərbaycanın tanınmış media qurumlarında – “Azadlıq” qəzeti, ANS-TV və AzTV-də çalışan, Nazirlər Kabinetinin mətbuat katibi İ. Məmmədov belələrindəndir və sözsüz ki, illərlə topladığı jurnalist təcrübəsini və təmsil etdiyi təşkilatın əhali arasında olan nüfuzunu nəzərə alaraq çıxışlarında diqqətli olmalıdır. Bu gün, çörəkləri Azərbaycan xalqının qabarıq əlləri və tərindən çıxan məmurlar dünyada güc sahibi sayılan transmilli korporasiyaların yaratdığı və topluları maraqlarının istiqamətinə yönəltdikləri küyə düşüb bu dələduzluğa dəstək verməsə, əksinə, fəaliyyətini millətinin keçirdiyi psixoloji sarsıntıların qarşısında sipər etsə, problemlərə duruş gətirmək daha rahat olar. Amma mən fərqli bir mənzərə ilə rastlaşıram, sanki bizim məmurlar bu bəlanı planetimizə gətirənlərin komandasında yarımmüdafiəçi qismində hərəkət edərək xalqı top kimi düşmən qapısına çaxmaq istəyirlər...


İlk dəfə mən İ.Məmmədovun çıxışı ilə “haqqın.az” portalında martın 23-də rastlaşdım - məmur Azərbaycanda fövqəladə vəziyyətin elan olunmasına ehtiyac olmaması haqda mülahizələr irəli sürürdü. Bu məlumat məni və bütün xalqı bir balaca rahatlaşdırdı. Lakin dörd gündən sonra, martıqn 27-də İ. Məmmədov "Koronavirusun Azərbaycandaki inkişaf dinamikasını İspaniya ilə müqaisə etmək olar" kimi tirada səsləndirdi... İlk bəyanatdan 180 dərəcə fərqlənən bu abstrakt bəyanat məni və bütün xalqı bir balaca narahat etdi. İspaniya ilə müqayisə hansı müstəvidə edilirdi – xəstələnənlər, sağalanlar yoxsa ölənlərın sayı ilə? Lakin hökumət məmurlarının çıxışlarına qarşı illər boyu formalaşmış xalqın sağlam immuniteti bizi tam sarsıtmadı. Amma yenə də məlumatı dəqiqləşdirmək qərarına gəldim... “ANS Press” İnformasiya və Analitika agentliyinin mütəxəssisləri, İ.Məmmədovun təmsil etdiyi Nazirlər Kabineti və World Health Organization (Ümumdünya Səhiyyə Təşkilatı) gündəlik bəyan etdiyi rəqəmləri əsasında mənə təqdim etdiyi hesabatda (əlavədə: “Yoluxanların Sayının Artım Dinamikası (%) 23 mart - 03 Aprel” qrafik və cədvəli) hökumət məmurunun dediklərinin tam əksini gördüm... Xeyr, cənablar, Azərbaycanda koronavirus xəstəliyinin inkişaf dinamikası İspaniyadakı kimi deyil – tam fərqlidir. Bəs onda bu bəyanat niyə verildi? Öz xalqını niyə nahaq yerə narahat etmək lazım idi? Bəlkə peşəkar jurnalist İ.Məmmədovu kimsə məcbur edir ki, o, bu cür həqiqətə uyğun olmayan və xalqı psixoloji gərginliyə salan məlumatlar versin?�Lakin bu şokdan hələ özünə gəlməyən xalq cəmi altı gündən sonra, aprelin 3-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat katibi, həmin İ.Məmmədovdan yeni qrand tirada qəbul edir: “Koronavirus Azərbaycanda həndəsi silsilə ilə yayılır!”. Nənəm Mina Soltan xanım demişkən, Mazandaranda eşşək az idi, birini də gəmi ilə gətirdilər. Bu hardan çıxdı? Riyaziyyat, məktəbdə mənim sevimli fənnim olduğundan aydın bilirəm ki, “həndəsi silsilə” birincidən başlayaraq özündən əvvəlki hər bir rəqəmə eyni daimi rəqəm vurmaqla alınan ardıcıllığa deyilir. 


Məsələn, 2x”2”=4x”2”=8x”2”=16x”2”=32x”2”=64x”2”=128 və s. Yenə də müraciət etdim “ANS Press” İnformasiya və Analitika agentliyinin mütəxəssislərinə - yenə də yüksək çinli hökumət məmurunun dediklərinin tam əksini gördüm (əlavədə: “Koronavirusa Yoluxanların Gündəlik Dinamikasi” qrafik və cədvəli)! Belə ki, məmurun son bəyanatına görə, martın 27-də Azərbaycanda yoluxanların sayı 122 və növbəti gün 147 idi. Bu göstəriciləri biri-birinə bölsək, arada 1.2 bərabər daimi rəqəm yaranır. Bundan sonra gələn yoluxanların sayını 1.2 daimi rəqəminə vursaq, görürük ki, mövcud dinamika ilə üst-üstə düşmür. Bu da həqiqətə uyğun olmayan, lakin cəmiyyəti sarsıdan bir xəbər. Axı başqa xəbərlər də var (əlavədə bir neçə cədvəl və qrafiklərdən Azərbaycanın vəziyyətinin digər ölkələrlə müqayisədə daha yaxşı vəziyyətdə olduğu aydın görünür). Niyə bir dənə də olsun, yaxşı xəbər verilmir? Kimdir bu özünü ağıllı hesab edən ki, hamını pessimist etmək istəyir? Axı məmurlar da bizim xalqdandır, onların da əhval-ruhiyyəsi yaxşı olmalıdır ki, millətə keyfiyyətli xidmət göstərsinlər!


Onu da qeyd etmək lazımdır ki, Prezidentin və hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində bu gün bir çox dünya ölkələri ilə müqayisədə Azərbaycan qat-qat əlverişli vəziyyətdədir (əlavə etdiyim cədvəl və qrafiklərə bax). Xalqımız da bu məsələdə öz ayıqlığını və savadını nümayiş etdirdi. Bir sıra qabaqcıl ölkələrdən fərqli olaraq Azərbaycan vətəndaşları hökumətin qərarlarına diqqətlə yanaşdı və birlikdə bu mərdimazar virusun geniş yayılmasının qarşısını hələ ki, ala bilir. Amma yenə də təkrar etmək istəyirəm ki, bu “döyüşdə” əsas məsələ dəqiq məlumatın olmasıdır. Bəli, bizdə ABŞ-dakı kimi testlərin kütləvi keçirilməsinə imkan yoxdur, bir sıra tibb müəssisələrində lazımi avadanlıq və lazımi sayda mövcud deyil. Lakin bildiyimə görə, hökumət bu sahədə də fəaliyyətdədir. Bu barədə niyə məlumat verilmir? İlk xəstələri qarşılayan və onlara ilk yardım göstərən tibb personalından niyə heç kim yazmır? Niyə şücaət göstərib həmvətənlərimizi xilas edənlər kölgədə qalıb? Axı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər vəzifəli şəxslər daim həkimlərə təşəkkür edir və onların şücaətindən danışırlar. Hardadır bizim Səhiyyə nazirimiz Oqtay Şirəliyev? O, indi ən ön sıralarda olmalı və Azərbaycanın koronavirusla savaşında bir sipər rolunu oynamalıdır… Niyə onun mətbuat xidməti xəstəxanalardan məlumatlar vermir? Xəstəxanada və ya karatntində olan vətəndaşlarımızın əzizləri məlumat almaq istəyirlər axı. ANS olaraq biz hətta müharibə şəraitində belə əsgərlərdən valideyinlərinə videosalamlar gətirirdik və bu cəmiyyətdəki nigarançılığı və təzyiqi dərhal aşağı salırdı. İnanın, səngərdə vəziyyət daha təhlükəli idi… İş o yerə çatıb ki, hətta Prezident İlham Əliyev İqtisadiyyat naziri ilə görüşündə müxtəlif qurumların fərqli məlumat vermələrindən narazı olduğunu bildirmişdi.


Anlamıram, bu məlumat verən məmurlar niyə belə edirlər? Niyə yalnız səhv, neqativ və tükürpədici məlumatlar verirlər? Bəlkə bu yolla milləti qorxudub evlərində saxlamaq istəyirlər? Ümumiyyətlə, milləti qorxutmaq və qorxu içində saxlamaq kimin ağlına gələ bilər? Bəs sabah bu qorxaq millətlə biz torpaqlarımızı necə azad edəcəyik?


İnsan anadan azad doğulub və təbiətcə heç kim qorxu içində yaşamaq istəmir; əsasən də müsəlman Şərqində ilk istiqlaliyyət qazanan Azərbaycan xalqı. Cənablar, kim sizə deyib ki qorxu yaxşı hissdir? Evdə oturmağı tövsiyə edən məmurlar, bu arada bir vaxt edib Z.Freyd, K.İzarda, A.Zaxarovun qorxu və onun cəmiyyətə dəlalət edən neqativ təsirləri haqqda əsərlərini oxuyun. Unutmayın ki, qorxu insan bədənini mobilizə edir və güclü mübarizə enerjisi yaradır. Bu neqativ enerjinin akkumulyasiyası cəmiyyət şəklində cərəyan edilirsə, onun multiplikasiya effekti tamamilə gözlənilməz ola bilər. Onu da unutmayın ki, qorxunun əsas realizə ediləcək fizioloji komponenti qaçmaqdırsa, sərhədləri bağlanan cəmiyyət bundan da mərhum olarkən bütün qorxuya cavab verən funksionalı məhv edilə bilər və affekt vəziyyəti və bunun davamı kimi insanların hərəkətləri üzərində iradəli nəzarəti tam pozula bilər! Eyni zamanda, Qorxu nifrət generasiya edən bir varlıqdır və onun bütün enerjisi qorxu mənbəyini primitiv yollarla ləğv etməyə istiqamətləndirilir. Bu səbəbdən demokratik və insanların azadlıqlarına hörmətlə yanaşan cəmiyyətlər daha çox inkişaf edir və müəyyən psixoloji kataklizmalara daha az uğrayırlar.


Bu gün bütün dünya və Azərbaycan xalqı üçün çətin zamandır. Başımıza gələn bəla süni olsa belə, canlar aparır. Biz, Azərbaycan olaraq, artıq keçən və bu əsr çox canlar verdik. İndi hər bir Azərbaycanlını qorumaq vaxtıdır. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin vacib sərvətidir və onu ideoloji nöqteyi-nəzərdən güclü və qorxmaz, savadlı və peşəkar və ən əsası Optimist etmək lazımdır ki, müstəqilliymiz əbədi olsun! Uinston Çörçill deyirdi ki, pessimist hər fürsətdə çoxlu çətinliklər görür, optimist isə hər fürsətdə çoxlu imkanlar görür. Azərbaycanın isə yolu çox böyükdür və irəlidə bizi çox fürsətlər gözləyir. Hər bir çətin zaman qəhrəmanlar zamanıdır! Unutmamalıyıq ki, əsl qəhrəmanlar məhz çətin zamanlarda meydana çıxır və xalqına dəstək olurlar! Bu gün hər bir Azərbaycanlı məmur və ya sahibkar, qadın və ya kişi, yaşlı və ya cavan bu fürsətdən yararlanıb xalqına dəstək olmalı və xeyir gətirməlidir! Darıxmayın, başıyuxarı olun, onsuzda biz qələbə çalacayıq və Azərbaycan udacaq! Bu bir döyüşdü, elə vuruşaq ki, gələcək nəsilin yaraşıqlı nümayəndələrinin oxuduğu Vətən haqqında mahnılarında bizim haqda misralar olsun! “Döyüş alnınıza yazılıb…” 2/216

 

Vahid Mustafa Yev adlı şəxsin şəkli.

Vahid Mustafa Yev adlı şəxsin şəkli.

Vahid Mustafa Yev adlı şəxsin şəkli.

Vahid Mustafa Yev adlı şəxsin şəkli.

Vahid Mustafa Yev adlı şəxsin şəkli.

Vahid Mustafa Yev adlı şəxsin şəkli.

 

Vahid Mustafayev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top