“Mərcan” toyuqları ilə bağlı ŞOK FAKTLAR — Diqqətli olun! (FOTOLAR)

SOSİAL 20 mar 2020, 14:51

Məlumdur ki, hazırda ölkəmizdə koronavirus epidemiyası ilə əlaqədar dövlət tərəfindən sosial izolyasiya tədbirləri həyata keçirilir. Və bu tədbirlər sırf insanların təhlükəsizliyinin təmin edilməsinə hesablansa da, onlar arasında bəzi çaşqınlıqlar da yaradıb.


Müşahidələr göstərir ki, ölkədə karantin vəziyyətinin elan edilməsi konkret olaraq insanların daha çox marketlərdən ərzaq almasına səbəb olub. Təbii ki, Novruz bayramı ilə əlaqədar da əhalinin marketlərə axını daha da artıb. Bir sözlə, hazırda marketlərdə şıdırğı alver gedir ki, deyəsən, bəzi şirkətlər bu fürsətdən maksimum yararlanmağa çalışırlar.


"Konkret.az" saytı redaksiyaya ünvanlanan müraciətə əsasən xəbər verir ki, söhbət “Mərcan” toyuqlarının istehsalı ilə məşğul olan şirkətdən gedir. Həmin toyuqları alaraq doğrayan alıcı onun içərisində böyük bir buz parçasının olduğunu görüb. Alıcı toyuğun çəkisini artırmaq məqsədilə içinə su vurulduğunu iddia edir.


Xatırladaq ki, bundan öncə də sosial şəbəkələrdə dəfələrlə broyler toyuqlarının iynə ilə su vurulub şişirdildiyi göstərilən videolar paylaşılıb.


Məsələ ilə bağlı “Mərcan” toyuq əti məhsullarının istehsalçısı olan “Azerbaijan Poultry Company” MMC-nin PR və kommunikasiya meneceri Günay Əkbər bunları bildirib:


“Mərcan” istehsalçısı Azərbaycanda ilk dəfə olaraq hava ilə soyutma sistemini tətbiq edib. Məqsəd məhsulu mikroorqanizmlərdən qorumaq və çəkidə saxtakarlığa yol verməməkdir. İstehsal etdiyimiz toyuqlar hava ilə soyudulduğundan onların içərisinə suyun daxil olması mümkün deyil. Qablaşdırılıb soyudulan və ya dondurulan toyuqlar GPS izlənməsi olan daşınma nəqliyyatı vasitəsi ilə marketlərə çatdırılır. Soyuq zəncirin qorunması məhsulun xarab olmaması üçün vacibdir. Nəqliyyat vasitələrimizə yerləşdirilən GPS-lər oradakı temperatur durumunu, nəqliyyatın hərəkət trayektoriyasını məlumat şəklində bizə ötürür.


Bir sözlə, məhsulun yetişdirilməsindən tutmuş, marketlərə çatdırılmasına qədər nəzarət güclüdür. Və şəkildə göstərilən vəziyyətin baş verməsi zavodumuzda olan reallığa ziddir. Əlbəttə ki, araşdırma aparıb səbəbin nə olduğunu müəyyən etmək olar. Bununla artıq aidiyyəti orqanlar məşğul ola bilər”.(Konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top