"İnsanlar Prezidentdən narazı deyil, yerlərdəki məmurlardan narazıdır" — Şeyxin deputat qardaşı

MÜSAHİBƏ 11 mar 2020, 15:53

VI çağırış Milli Məclisin deputatı Cavanşir Paşazadənin Pravda.az-a müsahibəsi:

 

-Növbədənkənar parlament seçkilərində çoxsaylı görüşlər keçirmisiniz, nə müşahidə etdiniz?

 

-Təşviqat kampaniyası müddətində dövlətçilik mövqeyini ortaya qoyan, inkişafa töhfə verən media nümayəndələrinə minnətdarlığımı bildirirəm. Onlar peşəkarlıqlarını bir daha nümayiş etdirmiş oldular. Dövlət başçısı da jurnalistlərin əməyini yüksək qiymətləndirir, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün addımlar atır. Peşəkar jurnalistlər yalnız öz fəaliyyətləri ilə kifayətlənməməlidirlər, onlar xaricdə Azərbaycan əleyhinə təbliğat aparanlarla, “Youtube” video-portalından istifadə edərək təhqir səsləndirənlərə qarşı mübarizə aparmalıdırlar. Çünki jurnalistlərin təsir imkanları daha genişdir. Hesab edirəm ki, dövlətə ən böyük dəstək də budur. Növbədənkənar parlament seçkiləri əvvəlkilərdən fərqləndi. 2005-ci ildən Milli Məclisin deputatıyam, bu müddət ərzində 4 dəfə seçkidə iştirak etmişəm. Bilirsiniz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkədə köklü islahatlar həyata keçirir. Parlamentin də buraxılmasının səbəbi bu idi. Növbədənkənar parlament seçkilərində bütün namizədlərə bərabər şərait yaradıldı, hər kəsə gücünü göstərmək imkanı verildi. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda növbədənkənar parlament seçkiləri demokratik şəkildə keçirildi. Təbii ki, yaradılan şəraitdən sui-istifadə etməyə çalışanlar oldu. Onların məqsədi ölkədə xaos yaratmaqdır. Dövlətin bu cür addımların qarşısını almaq üçün bütün imkanları var. Azərbaycan dövləti qanun çərçivəsində addımlar ataraq, planlaşdırılan təxribatın qarşısını aldı. Seçkilərdə 1 319 deputatlığa namizəd iştirak edirdi, bunların hamısı seçilə bilməz ki... Parlamentdə 125 deputat yeri mövcuddur... Namizədlərin hamısı deputat olmaq istəyir, nəzərə almaq lazımdır ki, Milli Məclis seçkili orqandır, burada xalqın sözü önəmlidir. Uduzan zaman dövlətə çamur atmaq düzgün deyil. Deputat xalqın içərsində olmalıdır, belə olanda, növbəti seçkidə də etimad qazanır. Seçiciləri ən azından dinləmək lazımdır... Azərbaycan Prezidenti İlham Əliyevin Tovuzda "ASAN Həyat" kompleksinin açılışında gənclərlə görüşü zamanı jestini hər kəs xatırlayır. Dövlət başçısı onun üçün nəzərdə tutulmuş kreslonun adi stulla əvəz edilməsini tələb edib. Bunu Prezident edirsə, Cavanşir Paşazadə və ya digər deputatlar da edərsə, nə olar ki?! Nazir, deputat, icra başçısı özünü yuxarıdan aparmamalıdır. Əgər cənab Prezident bu cür sadəlik nümayiş etdirirsə, biz kimik ki? Bu seçkilərdə bir daha sübut olundu ki, xalqın içində olmaq lazımdır.

 

-Rəqiblərinizlə işinizi necə koordinasiya etdiniz?

 

-75 saylı Lənkəran-Masallı seçki dairəsindən 12 nəfər namizədliyini irəli sürmüşdü. Sonradan onların bəziləri namizədliklərini geri götürdü. Həmin şəxslər bildirdilər ki, Cavanşir Paşazadənin yenidən namizəd olacağını bilmirdik... Amma sonadək 5 namizədlə mübarizə apardım. Aramızda hər hansı konflikt yaranmadı, normal şəkildə mübarizə apardıq. Əvvəlcədən də təklif etmişdim ki, kampaniya müddətində həyata keçirəcəyimiz işlərdən danışaq, bir-birimizin əleyhinə kampaniya aparmayaq. Demişdim ki, rəqiblərdən kim seçilərsə, təbrik edəcəyəm. 75 saylı Lənkəran-Masallı seçki dairəsində nümunəvi seçki prosesi həyata keçirildi.

 

-Bəzi şəxslər Milli Məclisin əvvəlki tərkibinin yenidən seçkilərə qatılmasını birmənalı qarşılamadı. Bu istiqamətdə müəyyən narazılıqlar var. Bu barədə nə deyə bilərsiniz?

 

-Milli Məclisin hazırki tərkibində deputatların 43-ü yenidir. Parlamentdə gənclər kifayət qədərdir. Milli Məclis qanunverici orqandır, ona görə də burada əsasən təcrübəli insanlar təmsil olunmalıdır. Axı qəbul olunan qanunlar birbaşa cəmiyyət həyatına təsir edir. Gənc deputatlar da təcrübə toplamalıdırlar. Dünyanın heç bir yerində parlamentin tərkibində gənclərdən ibarət deyil. Bir çox xarici ölkələrdə olmuşam, həmin ölkələrin parlamentlərində 80 yaşında da deputat var. Azərbaycanda deputat seçilmək üçün yaş məhdudiyyəti yoxdur. Yəni Azərbaycanın səsvermə hüququ olan hər bir vətəndaşı seçkilərdə iştirak edə bilər. Səsvermənin nəticələrinə etiraz olaraq aksiyaların keçirilməsinə gəlincə, deyə bilərəm ki, Mərkəzi Seçki Komissiyası fakta əsaslanan şikayətlərin hamısına baxıb, ciddi pozuntuya yol verən 4 seçki dairəsinin, bütövlükdə 388 seçki məntəqəsinin nəticəsini ləğv etdi. Heç bir seçkidə belə addım atılmamışdı. Amma bəziləri bununla qane olmadı, aqressiv davranırdılar. Onların aqressiyası seçkidən əvvəl bəlli idi. Özünüz də şahidi oldunuz, həmin namizədlər səsvermə günü məntəqələrə gələrək səs-küy salırdılar, komissiyaların işinə müdaxilə edirdilər.

 

-Bölgələrdə namizədlərə qarşı açıq etirazlar da oldu. Bu, nəyin nəticəsi idi?

 

-Etirazlar deputat olduğu dövrdə fəaliyyət göstərməyənlərə qarşı oldu. Düzdür, bəziləri deputatlardan təyinatı üzrə xahişlər etmir. Yəni elə bilirlər ki, deputatlar iş yerləri açmalıdırlar, körpü salmalıdırlar, yol çəkməlidirlər. Bu, düzgün yanaşma deyil. Hökumət ölkədəki əksər problemləri həll edib. Məsələn, 15 il bundan əvvəl daha çox qazın, suyun, işığın çəkilməsinin xahişini edirdilər. Artıq bu problemlər həll olunub. Azərbaycan bütün sahələrdə MDB ölkələrindən çox irəlidədir. İşsizlik problemi də aradan qaldırılır. Prezident dəfələrlə vurğulayıb ki, dövlət sahibkarın yanındadır. Amma regionlarda bəzi məmurlar problemlər yaradırlar. Hər bir məmur öz sahəsi üzrə görüntü xatirinə deyil, ciddi şəkildə işləsə, problemlər də olmaz. Keçirdiyi görüşlərə insanlar sərbəst gələ bilməlidir, çıxışlar da sifarişlə deyil, istəyə uyğun olmalıdır. Hər bir kənddə pay torpaqları var, kəndlilər həmin torpaqları əkib-becərə, dolana bilərlər. Amma bu torpaqlarda evlər tikiblər. Bu cür təyinatlı torpaqlar satıla bilməz. Tutaq ki, kənd yalnız evdən ibarət oldu, bunun sonu necə olacaq? Örüş yerləri də zəbt edilib, hansısa sahibkara 90 illiyə icarəyə verilib. Bəs sadə vətəndaşlar nə etməlidir? Mal-qarasını hara çıxarsın. Həmin sahibkar da örüş yerlərindən mövsümi istifadə edir. Kəndliləri də həmin yerlərdə işlədəndə nökər kimi işlədirlər. Həmin insanlarla əmək müqaviləsi də bağlanılmır. Sabah o vətəndaş pensiya necə alacaq, icbari tibbi sığortadan necə istifadə edəcək? Baxın, problem budur. Bu işlər nizama salınmalıdır, məsələn sahibkar 300 hektar torpaq sahəsi icarəyə götürübsə, ora yerlilərdən 30 işçi götürülsün, 12 ay maaş almaq şərtilə... Nə istəyir, əksin. İnanın, insanlar dövlətdən, Prezidentdən narazı deyil, yerlərdəki məmurlardan narazıdırlar. Kəndlərdə su problemi də var, sahibkar suyu öz ərazilərinə çəkirlər, kəndli nə etsin bəs? Meşələrin də 49 illiyə sahibkarlara verilməsinin əleyhinəyəm. Meşə Fonduna toxunmaq olmaz. Cənub bölgəsində, Astarada dağlarda ağac yoxdur. Ora elə çay yerlərdir ki... Dövlət investisiya yatırarsa, həmin yerlərdə çay plantasiyaları salmaq olar. Təklif edirəm ki, hökumət rayonlardan seçilən deputatları qəbul etsin, onları dinləsin... Hökumət deputatların təkliflərini ümumiləşdirirək tədbirlər görə bilər. Kəndli ilə akademik dildə danışmaq lazım deyil, onun öz dilində danışmalısan.

 

-Siz işinizi bundan sonra necə quracaqsınız, hansı yenilikləri edəcəksiniz?

 

-Xalqın gözləntiləri böyükdür. Prezident də deputatlara tövsiyə edib ki, seçicinin yanında olsunlar, problemin həll edilməsində yaxından iştirak etsinlər. Təkliflərimizlə, işimizlə Prezident İlham Əliyevə dəstək olmalıyıq. Çox ciddi şəkildə işləməliyik.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top