“İnsanları aldadıb, seçkini hörmətdən salıb...” — "Belə də partiya sədri olar?"

MÜSAHİBƏ 23 yan 2020, 12:31

“Valideynlərin, müəllimlərin, alimlərin sözünü parlamentdə deyən olmalıdır”

 

Tanınmış ziyalı, təhsil eksperti, təhsil naziri yanında İctimai Şuranın üzvü Etibar Əliyev 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən deputatlığa müstəqil namizəddir. Etibar müəllimin fikirləri, təklifləri təhsil cameəsində, eləcədə bütövlükdə cəmiyyətdə həmişə böyük maraqla qarşılanıb. Media üçün də əlçatan, jurnalistlərlə çox yaxşı ünsiyyət quran, tirajlı ekspertlərdən biridir.

 

Demokrat.az xəbər verir ki, Etibar Əliyev "AzPolitika.info"-ya müsahibəsində seçki kampaniyası, məqsədi, şüarları və atacağı addımlar barədə danışıb.

 

- Etibar müəllim, seçki kampaniyanızda Sizə uğurlar arzulayırıq. İndiki dövrün şərtlərini nəzərə alsaq, parlament seçkilərində iştirak qərarınız hansı amillərlə bağlıdır?


- Təşəkkür edirəm. Hər bir ziyalı ölkənin siyasi həyatında iştirak etməlidir. 1990-cı ilin parlament seçkisində rəhmətlik türkoloq-alim Aydın Məmmədovun vəkili olmuşam. Seçici kimi bütün seçkilərdə səsvermədə iştirak etmişəm. 2010-cu ilin parlament seçkilərində isə deputatlığa namizəd olmuşam. Növbədənkənar seçkidə iştirak etməyimin səbəbi müqayisədə kimlərdənsə üstün olmağım deyil. Sadəcə 30 illik bir müddətdə ölkənin ictimai-siyasi həyatında iştirakımla bağlıdır. Düşünürəm ki, seçilsəm, parlamentə yük olmaram.


- Qalib gələcəyinizə əminliyiniz nəyə söykənir?


- Mən qələbə çalmağıma əminəm. Sosial şəbəkələr cəmiyyətdə sözünü çəkinmədən deyən insanlara geniş meydan açır. Mənim dövrü mətbuatda minlərlə məqaləm və müsahibəm dərc olunub. Yüzdən çox televiziya çıxışlarım olub. Mən təkcə təhsildən və elmdən yazmıram. Mənim yazılarımın mövzuları çox genişdir və bu baxımdan yaxşı tanınıram. Bununla yanaşı ölkədə kitab təbliğatçısı, ensiklopediya bilicisi kimi tanınıram. Elmin populyarlaşdırılması istiqamətində xeyli işlər görmüşəm. Digər namizədlərdən fərqli olaraq özümün təqdimatıma yeni başlamamışam.


- Seçki dairəsinin ərazisində əsasən hansı problemlər var? Seçiciləri narahat edən ən ciddi çətinliklər, həllini gözləyən məsələlər nədən ibarətdir?


- Seçki dairəsində namizədlərin qeydə alınmasında problem olmadı. Təbliğat və təşviqat işlərində də xeyli sərbəstliyimiz var. Seçki dairəsinin ərazisində problemlər həddindən artıq çoxdur. Liftlər sovetdən qalmadır və istifadə üçün təhlükəlidir. Qaraçuxur və Yeni Günəşlinin yolları bərbad vəziyyətdədir. Evlərin dam örtüyündən şikayət edirlər. Məktəblilərin yolu keçmələri üçün keçid zolaqları yoxdur. Bu dairənin ərazisində yaranmış cari problemlər uzun illər icra hakimiyyətinin başçısı və ərazinin deputatı tərəfindən dinlənilməyib. Mən bu dairəni deputatı olan, lakin deputat üzünə həsrət qalan dairə adlandırardım. Demək olar ki, 30 ildir bu dairənin ərazisində yaşayıram və buraların problemlərini aidiyyatı orqanlar qarşısında deputatdan çox qaldırmışam.

 

 

- Rəqiblərinizdən biri hazırda həmin dairənin deputatıdır. Əgər, millət vəkili öz dairəsində yaxşı işləyibsə, bu mənada onunla mübarizə aparmaq bir qədər çətinləşir. Sizdə durum necədir?


- Bəli, rəqiblərimizdən biri bu dairənin deputatıdır. (Gülür) Özü də özünü buraxmışlardandır. Bəla burasındadır ki, onun üzünü görən olmayıb. Çox vaxt adı ilə soyadını səhv salırlar. İnsanları aldadıb. İndiki durumda namizədlərin hər biri ondan çox səs toplaya bilər. Seçki marafonu başlayandan indiki günə qədər onun haqqında müsbət fikir söyləyən kimsəyə rast gəlmədim. Onun bu hərəkəti insanlarda seçkiyə nifrət yaradıb. Bu səbəbdən, onu heç kim özünə rəqib saymır. Bizlərə də xeyli çətinliklər yaradıb. İnsanların seçkiyə inamını qaytarmağa çalışırıq. Adam siyasi partiya, dərnək rəhbəri olması ilə qürrələnir. Siz onun “Feysbuk” səhifəsinə baxın. Paylaşmalarını 10-15 nəfərdən çox bəyənən olmur. Belə partiyamı olar? Bu cür imitasiyalarla hakimiyyəti uzun illər aldadıblar. Bizdə siyasi partiyalar seçkinin əngəlinə çevriliblər. Qeyri-Hökumət Təşkilatı rəhbəri kimi sizi əmin edirəm ki, QHT-lərin ölkənin ictimai-siyasi həyatındakı rolu siyasi partiyalardan qat-qat üstündür.


- Əsas şüarlarınız, vədləriniz nədən ibarətdir?


- Əsas şüarım və vədlərim bunlardır:


İnkişaf təhsil və elmlə başlayır. 20 ildir ki, təhsilimizin və elmimizin inkişafı üçün çalışır, bütün ölkədə təhsil eksperti kimi tanınıram. Məktəblərimiz və universitetlərimiz dəyişməlidir. Valideynlərin, müəllimlərin, alimlərin sözünü parlamentdə deyən olmalıdır. Mən Milli Məclisdə onların sözçüsü olmaq istəyirəm.


Kasıbı da, varlını da müalicə edən səhiyyəmiz olmalıdır. Səhiyyəmiz dəyişməli, dünya standartlarına çatmalıdır. Hər kəsin səhiyyəyə əli çatmalıdır. Tibbi sığorta o səviyyədə olmalıdır ki, insanlar xəstələnəndə maddi sıxıntı yaşamasın, pul axtarmasın. Tibb Universiteti yeni nəsil həkimlər hazırlamaq üçün yenidən qurulmalıdır.


Əhalinin yaxşı qazancı olmaldır. Yeni və gəlirli iş yerlərinin açılmasının ən yaxşı yolu iqtisadi azadlıqları artırmaqdır. Sahibkarlığa əngəllər olmamalıdır. Məmurlar özləri və yaxınlarının biznesi üçün çalışır. Bu bəladır. Sahibkarlığa maneələr tam aradan qalxmazsa, köklü inkişaf olmayacaq. Bunu başqa ölkələrdə böyük alimlərin proqramları əsasında həyata keçiriblər. Bu proqramlarla tanışam və onların tələblərini parlamentdə qaldıracam. 


Ədalət yarımçıq olmaz! Vətəndaş polisə, məhkəməyə güvənməlidir. Xalqımız ədaləti təmsil edənlərə arxayın olmalıdır. Bu sahədə gerçək islahatlara ehtiyac var. Ədalət inkişafın dayağıdır. Ədalət iş adamını, kapitalı ölkədə saxlayacaq və xaricdə oxuyan gəncləri ölkəyə qaytaracaq. Milli birlik həqiqətlə ədalətin vəhdətidir. 


Necə edək ki, hamı gücünü bir yerə qoysun?! Milli birlik həqiqət və ədalətlə qurulmalıdır. Tərəflərin bir-birinə hörmət etməsi üçün onların haqları bərabər tutulmalıdır. Doğruları danışmaq, doğruları etmək lazımdır. Hər kəs inanmalıdır ki, onun haqları qorunur, dövlət onun haqlarını təmsil edir,hamı bərabərdir, heç kim qanundan yayına bilməz.


- Seçicilərdən əsas gözləntiləriniz nədən ibarətdir?


- Əsas gözləntim qələbədir. Başqalarından fərqli olaraq mənim vəkilim orta məktəb müəllimləri, ali məktəb müəllimləri və elmi işçilərdir. Yəni aydın olan bir elektoratdır. Qapısını döydüyüm bu təbəqədən olan bütün insanların xoş rəftarını görürəm. Bu isə çox böyük qüvvədir və deputat olmaq üçün yetərli səslərdir. Sabahdan fərdi görüşlərdən kütləvi görüşlərə başlayıram. Seçilməsəm belə, xeyli dost qazandım.


- Seçki günü dairədə ənənəvi metodlar bu dəfə də davam etsə, hansı addımları atacaqsınız?


- (Gülür) Tövbə qapısı açıqdır. Tövbə edib, yenidən Akademiyadakı işimə qayıdacam...


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top