BDU: "Universitetdə həyata keçirilən islahatlar kimlərisə narahat edir"

GÜNDƏM 28 okt 2019, 20:37

“Son günlər Bakı Dövlət Universiteti ətrafında bəzi şəxslər əsası olmayan informasiyalar verir, həqiqəti əks etdirməyən yalan xəbərlər yayırlar. Diqqəti çəkən odur ki, bu informasiyaların heç biri BDU-da təhsilin və tədrisin, idarəetmənin keyfiyyəti ilə bağlı məlumatlar deyil”.

 

Demokrat.az xəbər verir ki, bu barədə APA-ya Bakı Dövlət Universitetindən bildirilib.

 

Məlumatda qeyd olunur ki, daha çox bufet, yeməkxana tipli məsələləri qabardan şəxslərin qərəzi açıq şəkildə görünür: “Bu gün bəzi mətbu orqanlarda “BDU-nun yeməkxanasında qanlı olay – rektora yaxın gənc bıçaqlandı” başlıqlı yazı reallığı əks etdirmir. Belə ki, xəsarət alan şəxslər nə BDU-da təhsil alır, nə də universitetin əməkdaşıdır. Hadisə isə ümumiyyətlə BDU-nun inzibati binası daxilində və BDU-nun hər hansı bir yeməkxanasında baş verməyib. Hadisə BDU-nun yaxınlığında baş verib və xəsarət alanlara ilkin tibbi yardım BDU-nun poliklinikası tərəfindən göstərilib. BDU-nun poliklinikası təkcə universitetin müəllim və tələbə heyətinə deyil, ilkin tibbi yardıma ehtiyacı olan hər kəsə bu xidməti ödənişsiz olaraq göstərir”.

 

Məlumatda həmçinin qeyd olunub ki, yaxın günlərdə 100 illik yubileyi qeyd olunacaq ölkəmizin ən böyük və qədim universitetində son 3 ay ərzində tədrisin və təhsilin, idarəetmənin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən islahatlar kimlərisə narahat edir: “BDU-da fəaliyyət göstərən yeməkxana və iaşə obyektlərinin heç birinin universitetin rektoru Elçin Babayev ilə əlaqəsi yoxdur. Bu obyektlərdə xidmətlər özəl iaşə təşkilatları ilə bağlanmış xidməti müqavilə əsasında göstərilir. Bütün jurnalistləri istənilən vaxt BDU-ya dəvət edirik və istənilən məlumatı, xəbəri yerində dəqiqləşdirmək, aydınlaşdırmaq imkanı yaradırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top