“Cəmiyyət təkcə trollardan ibarət deyil” - Rəşad Məcid

Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid bəzi gənc yazarlara çağırış edib. 

 

 R.Məcid Yazıçılar Birliyinin  növbəti qurultayında sədrliyə namizdəlik iddiasında olan gənc yazarlar - Tural Turan, Fuad Cəfərli və Emil Rasimoğluya xitab edərək, aşağıdakıları bildirib.

 

“Sizin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar haqqında belə yekəxana tonda və kobud leksikonla danışmağınız məni təəssüfləndirdi. Siz bununla öz mənəvi, ədəbi və mədəni keyfiyyətlərinizin hansı səviyyədə olduğunu ictiamiyyətə göstərmiş oldunuz. Əmin olun, cəmiyyət təkcə çayxanada dedi-qodu yapan, sosial şəbəkələrdə hər sərsəm fikrə züy tutan 5-3 adamdan-profildən-troldan ibarət deyil. Dəyərlər tam sarsılmayıb, savadlı, soyuqqanlı, ağıllı və abırlı adamlar hələ də çoxdur. Və siz bu hərəkətinizlə onların gözündə öz mahiyyətinizi ortaya qoydunuz. 

 

Anar müəllimin sizi tanımaması təbiidir. Siz bu son yekəxana bəyənatlarınızdan başqa diqqəti cəlb edəsi nə iş görmüsünüz ki?! Əgər 5-3 ortabab şeirlə ədəbiyyatı “zənginləşdirdiyinizi” düşünürsüzsə, bu, xam xəyaldır, yanılırsınız. Anar müəllimin diqqətini çəkməyə layiq olmaq istedadın, çoxillik əzmkar yaradıcı fəaliyyətin, ədəbiyyata xidmətin nəticəsində mümkündür. Bunu çoxları arzulayıb, gücü çatmayanda təhqirə keçib, bəziləri də Anar müəllimin satirik əsərlərinin qəhrəmanlarına çevrilib, hətta bundan sevinib xoşbəxt də olublar. 

 

Öz uğursuzluğunu kənarda axtarmaq, bütün problemlərin səbəbkarı kimi Anar müəllimi görmək şakəri yeni deyil. Son 20 -25 ildə bunu çox görmüşük. Görünür, sizin AYB üzvü olmağınız , təqaüdə layiq görülməyiniz , ikinizin Gənclər Şurasında təmsil olunmağınız subyektiv və səhv qərar olub. Bunu zaman və təəssüf ki, həm də siz özünüz davranışınızla təsdiq etdiniz. Gərək AYB vəsiqələrini sizə təqdim edəndə Anarın tariximiz, mədəniyyətimiz, ədəbiyatımız haqqında əsərlərini, ən azından “Yaşamaq haqqı” traktatını da verəydik. İnanmıram ki, onları oxuyan hansısa Azərbaycan gənci ədəb-ərkan əndazəsini, nəzakət qaydalarını bu dərəcədə aşardı. Təəssüf! Amma gec deyil. O əsərləri tapıb oxuyun! İşləyin, zəhmət çəkin, özünüzü təsdiq etməyə çalışın! “Şeirdən çox da ucalıq ummayın!” Həyat sərtdir, amansızdır, hərdən rəhmdildir və həm də bütün bunlarla maraqlıdır. İndidən - gənc yaşınızda içinizi kin-küdurətlə doldurmayın. Qoruyun şeir yazan ürəyinizi...”.(modern)

11 Avqust 2019, 13:40   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß