“Ailəmi dolandırmaq üçün yeni bir mənbə axtarıram” — Aslan İsmayılov

SOSİAL 13 iyn 2019, 20:13
Hüquqşünas Aslan İsmayılov Milli Məclisin deputatı Vahid Əhmədovun: “Nə üçün banklar insanlardan 12%-ə götürüdüyü krediti əhaliyə 25 %-ə verir?” sualına Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirovun verdiyi cavaba münasibət bildirib.
 
 
Demokrat.az xəbər verir ki, Aslan İsmayılov bank sistemindən və eləcə də, məhkəmə sistemindən narazılığını ifadə edərək bildirib ki, banklar 5-7 faizlik krediti verərkən vətəndaşlardan qat-qat artıq “şapka”lar alır, məhkəmələr isə rüşvətlə hökm çıxarırlar:
 
 
“Sahib Daşdəmirovun cavabına Vahid Əhmədov qismən münasibət bildirdi. Mən də buradan bildirirəm ki, onsuz da işsizəm, heç bir obyektim yoxdur, hüquqla bağlı bütün fəaliyyətim qadağan olunub, başqa gəlir yerim də yoxdur. 
 
 
Həqiqətən ailəmi dolandırmaq üçün yeni bir mənbə axtarıram. Əgər, doğrudan da, bu ölkədə 5-7 faizlik kredit verirlərsə, mən dərhal götürməyə hazıram… 
 
 
Yəni bu, yalan məlumatdır. Kağızda 5-7% olan kreditin ondan qat-qat artıq olan “şapka”ları var. Bank sektorunun da qurbanlıq keçi olmasını istəmirəm. Hər münasibətdə ədalətli olmaq lazımdır. 
 
 
Birincisi, xarici banklar Azərbaycanda normal biznes mühitinin, rəqabətin olmadığından kredit vermirlər. Mərkəzi Bank da onun kimi. Bəli, banklar əhalidən pulu 10-12%-lə götürür və yaxşı halda əhaliyə 25%-ə verir. Kənardan baxanda banklar 15-20% gəlir əldə edir. Reallıqda isə belə deyil”.
 
 
Aslan İsmayılov yazır ki, kredit məsələsində “çoxlarına qəribə gəlsə də, ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi qurumlar qazanır”. 
 
 
O yazır: “Xüsusilə, son dövrlər əhali məcburiyyət qarşısında kredit götürməli olur və maddi durumunun ağır olduğundan nə faizləri, nə də krediti vaxtında qaytara bilir. Mən hələ bilərəkdən saxta yollarla aldıqları pulları mənimsəmək üçün kredit götürənləri, yaxud krediti götürəndə onun qaytarmaq lazım olduğunu düşünməyənləri demirəm. 
 
 
Banklar məcbur olub əmanətlərini qoyulmuş girovlar hesabına qaytarmaq istəyir və məhkəmələrə müraciət edirlər”. 
 
 
Aslan İsmayılovun iddiasına görə, borclu müştərilər məhkəməyə verildiyi zaman btün rəsmi və qeyri-rəsmi ödənişləri bank ödəməli olur.  “Bəzən məhkəmə qərarının icra olunması üçün çəkilən xərclər alınacaq məbləğin 50%-ni təşkil edir. Ona görə də bu məsələdə sadə hesablamaq ki, banklar 15-20% qazanır bu düz deyil və böyük ədalətsizlikdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top