Prezidentdən vacib mesajlar: Cənubi Qafqazda sülhün perspektivləri...

COP29 24 apr 2024, 18:20
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi. COP29-a ev sahibliyi edəcən Azərbaycan üçün qlobal tədbirdən öncə belə bir forumun keçirilməsi əhəmiyyətlidir. Bununla həm beynəlxalq diqqəti ölkəmizə yönəldir, həm də beynəlxalq ictimaiyyətə lazımi mesajlar çatdırılır. Forumda iştirak edən Prezident İlham Əliyev çıxışında beynəlxalq ictimaiyyətə mühüm mesajlar verdi. Bu mesajlar arasında ən əhəmiyyətlisi Cənubi Qafqazda sülh imkanlarının yaranmasıdır. Adətən qlobal əhəmiyyətli tədbirlərin keçirilməsində sabitlik və sülh ən vacib amil olur. Bu nəhəng tədbirin Azərbaycanda keçirilməsinin vacib kompenentləri arasında ölkəmizdəki sabitlik və təhlükəsizlik mühiti də var. Lakin Azərbaycan-Ermənistan münasibətləri fonunda regionun qeyri-sabit olması haqda da fikirlər, iddialar səsləndirilir. Xüsusilə bölgədə sabitlik istəməyən qüvvələr də beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə çalışır. Bu baxımdan, Prezidentin sülh və sabtlik haqda səsləndirdiyi fikirlər xüsusilə əhəmiyyətli idi.

Dövlət başçısı bəyan etdi ki, hazırda unikal şans yaranıb: “Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunu edirik. Düşünürəm ki, COP29 əla fürsətdir”. 

Prezident bununla Cənubi Qafqazda sülh dövrünün başlandığının mesajnı verdi, o cümlədən, COP29-un bu sülh üçün əla fürsət olduğunu bildirdi.

Prezident İlham Əliyevin çıxışında ən mühüm məqamlardan biri də bəzi ölkələrin Azərbaycana qarşı əsassız hücumlar etməsi haqda dedikləri idi. Dövlət başçısı bəyan etdi ki, bu hücumlara qarşı cavab tədbirləri həyata keçirilir. 

Xaricdən gələn təhlükələr həm də informasiya müstəvisindədir. Xüsusilə bir sıra ölkələr Azərbaycanı silahlanmada ittiham edir, ölkmiz haqqında beynəlxalq rəyi çaşdırmağa çalışır. Hərçənd ki, bu gün bölgədə silahlandırılan Ermənistandır. 

Prezident bu haqda açıq danışdı. Bildirdi ki, Fransa, Hindistan və Yunanıstan Ermənistanı Azərbaycana qarşı silahlandırır. Buna görə, Azərbaycan oturub gözləyə bilməz.

“Onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”, - dövlət başçısı bildirib.

Dövlət başçısı bununla açıq mesajlar verdi.

Birincisi, təhdidlər olarsa, Azərbaycan adekvat cavablar verəcək. 44 günlük müharibə və sonrakı dövrdəki təcrübə Azərbaycanın böyük potensialının olduğunu təsdiq edir. 

İkincisi, Ermənistan xarici güclərin oyunlarından iştirak edərək, Azərbaycana qarşı təxribat törədərsə, bundan ən çox əziyyəti özü çəkəcək.

Üçüncüsü, Cənubi Qafqazda sabitliyə qarşı olan ölkələr Fransa, Hindistan və Yunanıstandır. Beynəlxalq ictimaiyyət  diqqəti bu ölkələrə yönəltməli, onların anti-sülh addımları qınanmalıdır.

Dövlət başçısı bu mesajları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun keçirilməsi bu kontekstdə xüsusi əhəmiyyət kəsb edirdi.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top