Xərçəngə səbəb olan elektron siqaret Azərbaycanda qadağan edilir? — AÇIQLAMA

SOSİAL 24 apr 2024, 16:16
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib. 

O qeyd edib ki, elektron siqaret son illər gənclər arasında dəb halını alıb, amma onlar elektron siqaretin sağlamlığa ziyanlarının fərqində deyillər: 

"Araşdırmaya görə, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür". 




Məsələ ilə bağlı tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, adi standartla hazırlanan tütün məmulatları olduqca ziyanlıdır:

“Tütün məmulatlarının yanması zamanı qətrana bənzər buxar insanın nəfəs yollarına daxil olur. Bundan sonra isə qana keçir. Bu da birbaşa olaraq xərçəng əmələ gətirir. Ona görə də xərçəng xəstəliyinə siqaret çəkən şəxslərdə çəkməyənlərə nisbətən 20 dəfə daha çox rast gəlinir. Siqaretdə olan tütün birmənalı olaraq ziyanlıdır. 

Xərçəng şişi yaratması ilə bağlı məsələ də sübuta yetirilib. Siqaretin tərkibində olan nikotin yalnız asılılıq yaradır. Qətrana bənzər maddələr isə xəstəliyə səbəb olur. Elektron siqaretlərdə isə sintetik, aromatik maddələr var. Bunlar da xərçəng şişi törətmək qabiliyyətinə malikdirlər. Çox təəssüflər olsun ki, bu gün elektron siqaretlərin istifadəsi kişilərlə yanaşı qadınlar arasında da geniş yayılıb.  Bunun son dərəcə təhlükəli olduğunu nəzərə almaq lazımdır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top