Valideynlərin yüksək bal sevdası: "Uşaqlar böyük psixoloji gərginlik içindədirlər"

SOSİAL 24 apr 2024, 11:47
Ali məktəblərə qəbul imtahanı yaxınlaşır. Şagirdlər gərgin hazırlıq qrafiki ilə yanaşı həm də psixoloji narahatlıq içindədirlər. Bir çox abituriyent indi yüksək bal toplamaq uğrunda var-gücü ilə çalışır. Onsuz da gərginlik yaşayan, zehni və psixoloji yorğunluq keçirən şagirdləri bir tərəfdən də valideynlərinin yüksək bal gözləntisi daha da yorur. 

Təhsil eksperti, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri Demokrat.az-a açıqlamasında cəmiyyətin yüksək bal sevdasından danışıb. 

O düşünür ki, təhsil sistemindəki əsas problem tədris prosesinə düzgün yanaşmamağımızdır:

"Biz hələ bilmirik təhsilin funksiyası nədir, bizə nə qazandıracaq. Tədris şəxsiyyət yönümlü prosesdir. Məqsəd 11 illik dövrdə müxtəlif fənlərdən istifadə etməklə fərdi şəxsiyyət kimi formalaşdırmaqdır. Məktəbi aliləşdirən də bu missiyadır. Amma bu alilik yox olmaqdadır, çünki məktəb dövrünə universitetə hazırlıq müddəti kimi yanaşırıq. Sanki şagirdlər 11 il məktəbə ona görə gedirlər ki, sonda universitetə daxil olsunlar. Təbii ki, hər bir bacarıqlı şəxsin universitetə daxil olması alqışlanmalıdır". 

E.Nurinin fikrincə, universitetlə bağlı yanaşmamız da düzgün deyil: 

"Cəmiyyət buna rəqabət mexanizmi kimi baxır. Universitet məktəbin şəxsiyyətə çevirdiyi gənci əmək bazarında kadr olmaq üçün yetişdirməlidir. Bizsə universiteti ilahiləşdirdik. Abituriyent özünü binadan atır ki, universitetə qəbul ola bilmədi, valideyn uşağını evdən qovur və ya əksinə restoranda uşağının qəbul olmasını qeyd edir. Bunlar gülüncdür, universitetə qəbul olmaq uğur deyil, sadəcə olaraq seçimdir. İnsan universitetdə oxumağı seçməyib cəmiyyətə başqa cür fayda vermək istəyə bilər. Məsələn, kimsə maşın ustası olmaq istəyə bilər. Peşələrə də ehtiyac var".

Ekspert vurğulayıb ki, təhsilə düzgün yanaşmanı təmin etməliyik:

"Bu olmadan digər məsələlərdən danışmaq faydasızdır. Təhsil üçbucağını şagird, müəllim və valideyn təşkil edir. Ən böyük günahkar valideyndir, çünki o, şagirdin qərarına birbaşa təsir edə bilir, müəllimi manipulyasiya edir. Valideynlərlə iş aparılmalıdır ki, onlar təhsilin mahiyyətini anlaya bilsinlər. Uşaqlar böyük psixoloji gərginlik içindədirlər. İmtahana uşaq psixoloji olaraq tək getmir, atası, anası, qonşudakı tum satan xala, onların hədyanlı baxışları onu izləyir. "Zəif yazsam, nə deyərlər" fikri ilə qələmi əlinə götürərək testi cavablandırmağa çalışır. Burada hansı uğurdan söhbət gedə bilər?!".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top