"Dəmir yolu keçidlərində nişanlara diqqət etmək lazımdır" — Qəzaların səbəbi AÇIQLANDI

SOSİAL 18 apr 2024, 12:41
Ötən günlərdə Qala stansiyasında avtomobil dəmir yolu xəttini keçməyə çalışarkən yük qatarına çırpılıb. Nəticədə 3 nəfər xəsarət alıb. Digər oxşar hadisə Əmircan stansiyasında baş verib. Sürücü idarəetməni itirərək dəmir yolu keçidinin şlaqbaumuna dəyib, sürücü yaralanıb. Dəmir yolu keçidlərində avtomobil qəzalarının baş verməsinin səbəbləri barədə nəqliyyat eksperti Rövşən Həsənov Demokrat.az-a açıqlama verib. 

O bildirib ki, yol hərəkətinin təşkilində heç də hər şey tam qurulmayıb:



“Əvvəllər dəmir yolu infrastrukturu bir o qədər də inkişaf etməmişdi. Yeni salınan yollarda yol nişanları mövcuddur. Dəmir yolu keçidlərində də yenidənqurma işləri aparılıb. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, əksər qəzalarda olduğu kimi, bu bədbəxt hadisələrin də kökündə məhz qayda pozuntuları dayanır. Qayda pozuntusu ilk növbədə sürücülərin sürət həddini aşmasıdır. Misal üçün, onlar düşünürlər ki, 80-90-la hərəkət edən nəqliyyat vasitəsini tez bir vaxtda durdurmaq mümkün olduğu kimi qatarı da dayandırmaq olar. Amma bunu həyata keçirmək çox çətindir. Yüzlərlə metr məsafə lazımdır ki, qatarın sürəti azalıb çoxalsın. Sürücülər dəmir yolu keçidlərində şlaqbaum olmadıqda belə nişanlara diqqət yetirməlidirlər. Bütün hallarda sürət həddi aşılmamalıdır. Düşünməsinlər ki, qatar  əyləcə basıb dərhal durdurula bilər. Bu, yanlış yanaşmadır. Qəzaların əsas səbəbi məhz sürət həddinin aşılması və diqqətsizlikdir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top