“Qəzzada sülhməramlı qüvvələr yerləşdirilə bilər” — AÇIQLAMA

SİYASƏT 27 mar 2024, 17:05
İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, müharibə bitdikdən sonra Qəzza zolağını idarə edəcək yerli alternativ yaradılmalıdır. Amerika Birləşmiş Ştatlarında səfərdə olan Y.Qallant qeyd edib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağı İsrail və ya Fələstinin HƏMAS hərəkatı tərəfindən deyil, yerli alternativ hakimiyyət orqanları tərəfindən idarə olunacaq.

“World Panorama” Strateji Araşdırmalar Mərkəzinin sədri Ramiyə Məmmədova Demokrat.az-a açıqlamasında deyib ki, yaxın gələcəkdə bölgədə sabitliyin bərqərar olması real görünmür:

“Yaxın Şərqdə gedən bugünkü proseslər onu göstərir ki, İsrail-Fələstin münaqişəsi artıq Yəmən kimi bəzi region ölkələrinə də öz təsirini göstərib. Münaqişənin miqyası böyüdüyünə görə onu dayandırmaq da çətinləşib. ABŞ və bəzi Avropa ölkələri kimi qlobal güclər münaqişənin böyüməsinə təkan verir. Bu gün İsrail Qəzzada genosid aparmaqda ittiham edilir. 

Ancaq bu o demək deyil ki, İsrail Qəzzada əməliyyatları dayandıracaq və bölgəyə sakitlik çökəcək. İsrail HƏMAS-a qarşı müharibə aparır, amma eyni zamanda da dinc insanları qətlə yetirir. Beynəlxalq hüquqa görə İsrail soyqırımı törətməklə məşğuldur. Qarşısına məqsəd qoyub ki, bölgəni HƏMAS-dan və digər terrorçu qüvvələrdən təmizləsin və Qəzza əhalisini də bir tərəfə sıxışdırsın”. 

Politoloqun sözlərinə görə, bölgə iqtisadi baxımdan da İsrailə lazımdır: 

“Dənizə açılan limanlar vasitəsilə İsrail öz iqtisadiyyatını gücləndirmək istəyir. İsrail tərəfi bir neçə dəfə vurğulayıb ki, bölgədə onun tərəfindən yeni idarəçilik sistemi yaradılacaq. Amma bu idarəetmə nə dərəcədə qəbul olunacaq sual altındadır. 

ABŞ-nin də dəstəyi ilə ola bilsin ki, bölgədə hansısa sülhməramlı qüvvələr yerləşdirilsin. Amma bugünkü gündə müharibə və qətliam davam etdiyinə görə bu ehtimalın nə dərəcədə gerçəkləşəcəyi və tərəflərin buna razılaşacağı sual altındadır. Bu məsələyə beynəlxalq ictimaiyyətin nə reaksiya verəcəyi də sual altındadır”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top