Kanadada doğum evində iki uşaq səhvən başqa ailələrə verilib — 69 ildən sonra üzə çıxdı (FOTO)

MARAQLI 24 mar 2024, 14:15
Kanadanın Manitoba əyalətinin hökuməti 1955-ci ildə doğuş zamanı xəstəxanada qarışıq salınan və öz ailələrinə verilməyən Edvard Embrouz və Rişar Bovedən üzr istəyib.

Bu, iki illik araşdırma sonunda üzə çıxıb. Manitobanın baş naziri Vab Kinyu əyalətin qanunverici orqanında çıxışı zamanı bu hadisənin iki uşağa, dörd valideynə və iki ailəyə nəsillər boyu ziyan vurduğunu deyib.

Kişilərin bioloji ailələrində böyümədiklərinə dair acı həqiqət bir neçə il əvvəl, özünün Kanadanın yerli xalqlarından birinə mənsub olduğuna inanaraq böyüyən Rişar Bovenin 2020-ci ilin Milad bayramında qızından hədiyyə olaraq DNT testi aldığı zaman ortaya çıxıb. Nəticələr göstərib ki, R.Bove ümumiyyətlə yerli əhaliyə aid deyil, onun ailə şəcərəsinin kökləri Polşa və Ukraynaya aiddir.

Bir müddət sonra Edvard Embrouz və bacısı öz nəsillərinin mənsubiyyətini öyrənmək üçün analoji DNT testindən keçiblər, nəticədə Edvardın ölkənin yerli xalqına aid olduğu və bacısı ilə heç bir bioloji əlaqəsi olmadığı aydınlaşıb. Ancaq test bacının bir bioloji qardaşı olduğunu (Rişar Bove) göstərib.

Kişilər və ailələri məsələni daha yaxından araşdırdıqları zaman, hər ikisinin 1955-ci il iyunun 28-də eyni xəstəxanada doğulduqları məlum olub. Doğum evində onları səhv salıblar və öz bioloji valideynlərinə verilməyiblər.

“Sizə qayğı göstərə bilmədiyimizə, qorumadığımıza və dünyaya gəlişinizi gözləyən ailələrdə sevgi içində böyüməyiniz üçün əlimizdən gələni edə bilmədiyimizə görə səmimi qəlbdən üzr istəyirik”, – deyə Vab Kinyu əlavə edib.

Kişilər artıq çoxdan ölmüş bioloji valideynləri ilə görüşə bilməsələr də, daha əvvəl tanımadıqları bir neçə bacı və qardaşları, habelə digər qohumları ilə tanış olublar.

Edvard Embrouz və Rişar Bove hələ buna görə indiyədək heç bir maddi təzminat almayıblar. Lakin vəkil Bill Qanqın bildirdiyinə görə, ədalətin bərpası üçün mübarizə davam edir.//Azərtac

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top