"Yeni milli ideyamız Bütöv Azərbaycan məfkurəsi ola bilər" — Musa Qasımlı ilə müsahibə

MÜSAHİBƏ 12 yan 2024, 12:15
 "Hesab edirəm ki, cəmiyyətdə də bu barədə yəqin müzakirələr gedəcək. Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır"- bu sitat Azərbaycanın yerli telekanallarına müsahibə verən Prezident İlham İlham Əliyevə məxsusdur. Bəs, Azərbaycanın yeni milli ideyası və hədəfləri necə olmalıdır? AzNews.az analitik-informasiya portalının bu barədə suallarına millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı cavablandırır.

“Fikrimcə, qarşıdakı illər üçün bizim başlıca hədəfimiz işğaldan azad edilmiş torpaqlarımızı dirçəltmək, keçmiş məcburi köçkünlərimizi dədə-baba torpaqlarına sistemli şəkildə qaytarmaq, elm, təhsil və mədəniyyətimizi bərpa etmək və Azərbaycanı inkişaf etmiş dövlətlər cərgəsinə çıxarmaq olmalıdır”.

- Musa müəllim, tarixi şəraitin dəyişməsi ideya və idealları da dəyişir. Prezidentin xüsusi vurğuladığı kimi, ərazi bütövlüyümüz bərpa olunub, Qarabağ işğaldan azad edilib. Yeni milli ideyamız necə olmalıdır?

- İndiyədək ixtisasıma uyğun olaraq bir çox dövlət başçılarının, siyasi xadimlərin müsahibələrini oxumuşam. Heç bir mübaliğəyə yol vermədən demək istəyirəm ki, 3 saata yaxın davam edən müsahibəni diqqətlə dinlədim. İndiyə kimi mahiyyətinə görə dərin, məzmununa görə çox geniş və strateji əhəmiyyətli bir nitq dinləməmişəm və oxumamışam. 1988-ci ildə Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi başlayandan bəri millətimizin qarşısında dayanan başlıca vəzifə, milli ideya Ermənistanın Azərbaycana kobud müdaxiləsini dayandırmaq olub. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra isə güclü dövlət qurmaq, Ermənistanın təcavüzünü durdurmaq, ölkənin inkişafının açarını tapmaq və işğal altında qalan əraziləri azad etmək olub. Bu bizim başlıca hədəfimiz, milli ideyamız olub. Ancaq bu ideya 1993-cü ilə qədər gerçəkləşdirilə bilməyib. 1993-cü ilin iyununda hakimiyyətə Ulu Öndər Heydər Əliyev gəldikdən sonra bu milli ideyanın gerçəkləşdirilməsi üçün zəmin hazırlanıb. Torpaqlarımızın işğaldan azad edilməsi başlıca hədəf, vəzifə və milli ideya olub. Millətin arzularını, ideyanı gerçəkləşdirən cənab prezidentimiz İlham Əliyevdir. Hesab edirəm ki, dünənki müsahibəsində cənab prezidentimiz bu milli ideyanın nədən olması barədə özünün fikirlərindəki bəzi işartıları söylədi. İdeologiyamız məlumdur. Millət yeni şəraitdə yeni ideyasız yaşaya bilməz. Fikrimcə, qarşıdakı illər üçün bizim milli ideyamız işğaldan azad edilmiş torpaqlarımızı dirçəltmək, keçmiş məcburi köçkünlərimizi dədə-baba torpaqlarına sistemli şəkildə qaytarmaq, infrastrukturu yaratmaq, geniş turist mərkəzlərinə çevirmək və nəhayət, ölkəni inkişaf etmiş dövlətlər cərgəsinə çıxarmaq olmalıdır. Bunun ardınca təbii ki, daha da güclü dövlət qurulandan sonra bizim başlıca məqsədimiz, milli ideyamız Qərbi Azərbaycan, Bütöv Azərbaycan ola bilər. Əlbəttə, bunları sistmeli şəkildə, ardıcıl reallaşdırmadan digəri barədə danışmaq populizm olar, çoxlu fəsadlar törədər. Dünənki müsahibə göstərdi ki, bizim cəmiyyətimizə yeni ideyaların gəlməsi, millətin o ideyalar uğrunda qüvvələrini səfərbər etməsi vacibdir. Cəmiyyət durğunluğa düşməməlidir.

- Problemə baxışda iki əsas aspekt var: 1. millilik ideyası; 2. missiya ideyası; Millilik və missiya yeni tarixi şəraitdə necə uzlaşmalıdır?

- Milli ideyanı yalnız böyük dövlət adamları həyata keçirirlər. Millət o böyük dövlət adamına inanır və milli ideyanın həyata keçirilməsi missiyasını ona tapşırır. Bizim tariximizdə 2003-cü ildə millətimiz milli ideyanın-yəni, torpaqlarımızın işğaldan azad edilməsi məqsəd və vəzifələrini başlıca hədəfi yerinə yetirmək missiyasını cənab prezidentimiz İlham Əliyevə etibar edib. Bu missiyanı həyata keçirmək çox ağır bir yükdür. Amma millət dövlət başçısının biliyinə, bacarığına, zəkasına etibar etdiyi üçün arxayındır, rahatdır. Amma düşünürəm ki, millət arxayın olmamalı, rahatlanmamalıdır. Millət daim irəli getməlidir. Dünən cənab prezidentimizin müsahibəsində də belə bir ideya var idi: Daim inkişaf etmək, yeni milli ideya. Çünki hər hansı bir millət və dövlət əgər yeni şəraitə uyğunlaşa bilmirsə onda durğunluq başlayır, geri gedir, böhran baş verir, hədəflərinə çata bilmir. Bununla bağlı dünya ölkələrinin tarixindən onlarla misal gətirmək olar. Deməli, ölkə daim yeniləşməlidir, cəmiyyətə yeni ruh-əhval verilməlidir. Yeni milli ideya, yeniləşmə yoxdursa, cəmiyyət geri gedər. Misal olaraq, zamanında şəraitə uyğunlaşmadıqları üçün bir çox böyük dövlətlər və imperiyalar dağılıblar. Roma imperiyası, Bizans imperiyası, Osmanlı dövləti, Avstriya-Macarıstan imperiyası, Almaniya və digərləri ya indi tarixin səhnəsində deyillər, ya da xeyli dərəcədə zəifləyiblər. Buna görə də cəmiyyətə qarşısına qoyduğu hədəflərə çatdıqdan sonra yeni milli ideyalar lazımdır. Düşünürəm ki, qarşıdakı illər üçün proses başa çatana qədər bizim əsas milli ideyamız işğaldan azad edilmiş torpaqlarımızı dirçəltmək, qüvvələri səfərbər edib ərazilərin tamamilə yenidən qurulmaq və ölkəmizi inkişaf etmiş ölkələr sırasına qoşmaq olmalıdır. Bu vəzifəni yerinə yetirdikdən sonra digər məsələlər gündəliyə gələ bilər. Hər biri ardıcıllıqla olmalıdır.

- Milli ideya hər xalq,cəmiyyət və dövlət üçün inkişaf strategiyasının əsasıdır. Biz tərəqqimizin əsas modelini necə görürük?

- Bizim tərrəqimizin təməlində dünyəvi, demokratik Azərbaycan dövləti dayanır. Müsəlman Şərqinə Cümhuriyyət məfkurəsini gətirmiş, qurmuş bir millətik. İnkişafımızın təməli milli müstəqil dövlətimizlə bağlıdır. Keçdiyimiz yol müstəqil dövlətin millətimiz üçün hansı imkanlar yaratdığını göstərir. Bir anlıq təsəvvür edin ki, əgər 1918-ci ildə qurulmuş cümhuriyyətimiz indiyə qədər mövcud olsaydı, indiki kimi milli siyasət yürüdülsəydi Azərbaycan hansı səviyyədə olardı? Dünyada yeri necə olardı? Keçilən tarixi yol göstərir ki, Azərbaycan millətinin tərəqqisinin təməlində iki başlıca amil dayanır: güclü dövlət, iradəli millət və qüdrətli dövlət rəhbəri. Biz xaos və anarxiya milləti deyilik. Biz dövlət millətiyik. Bizim uğurlarımızın təməlində güclü dövlət və güclü dövlət rəhbəri amili dayanır. Nə vaxt zəif olmuşuqsa, dövlət hakimiyyəti öz funksiyalarını yerinə yetirə bilməyib, millətimiz geri gedib. 1988-dən 1993-cü ilə qədər tariximizə diqqət yetirin. Necə oldu ki, biz milli ideyanı 2023-cü ilin sentyabrında tam başa çatdırdıq və tariximizdə yeni dövr başladı? Bunun bir cavabı var. Bu milli ideyanı gerçəkləşdirən güclü dövlət rəhbəri İlham Əliyev və ətrafında sıx birləşən millət oldu.

- Milli ideyanın milli şüura sirayət etməsi üçün hansı addımlar atılmalıdır?

- Milli ideyanın milli şüura çevrilməsindən ötrü bir çox vasitələr mövcuddur. Bunlar təhsilin bütün pillələrində vəzifələrin yerinə yetirilməsi, dərsliklər, dərs vəsaitləri, sənədli filmlər, bədii əsərlər, media və digərləridir. Dövlət suverenliyimizin 1991-ci ildən bəri ilk dəfə bərpa tam edilməsinə, qazandığımız cahanşümul qələbəyə həsr edilmiş o zəfərə layiq olan bədii əsər varmı? Hətta nə qədər əsərlər yazılsa belə, qazanılan qələbənin möhtəşəmliyinin kölgəsində qalacaq. Milli ideyanın milli şüura çevrilməsinin digər bir vasitəsi olan mediamıza diqqət yetirək. Hesab edirəm ki, bizim televiziyalarımızda, radiolarımızda, mətbuatımızda yaranmış vəziyyətin təhlilinə ehtiyac var. Təbii ki, şoular bütün ölkələrin televiziyasında demək olar ki, var. Amma bu şouların hədəfləri nədir? Cəmiyyəti içdən dağıtmaqmı, yoxsa sıx birləşdirmək? Cənab prezidentimiz dünənki müsahibəsində strateji bir məsələni ortaya qoydu. Milli ideya ilə bağlı geniş diskussiyaların olmalı olduğunu və bu işdə alimlər, politoloqlar, mütəxəssislər iştirak etməlidirlər. Hesab edirəm ki, bizim bəzi televiziya kanalları sanki Azərbaycan cəmiyyətinin ənənəvi əsaslarını dağıtmaqla məşğuldular. Biz milli-mənəvi köklərimizdən ayrılmayaraq yenilənməliyik, müasirləşməliyik.

- Yeni milli ideyanı həm də qloballaşma qarşısında milli varlığımızı və dövlət müstəqilliyimizi qorumaq zərurəti dayanır. Milli dövlətin siyasi baxımdan zəiflədilməsi qloballaşmanın əsas trendidir. Bu trend qarşısında yeni milli ideyanın müqavimət potensialı nə qədər olacaq?

- Bu gün dünya az qala bir ovucun içindədir. Təbii ki, biz dünyada baş verən qloballaşma proseslərinin qarşısını ala bilmərik. Bu, böyük bir meyildir. Bu proseslərdə bizi ayaq üstdə, diri saxlayan, irəli aparan minilliklər tariximizdən gələn milli kimiliyimiz, mənəvi-ruhani köklərimizdir. Biz milli, mənəvi köklərimizə sahib çıxmasaq milli ruhdan uzaq, kosmopolit bir təbəqə ilə üzləşə bilərik. Milli dövlət maraqlarının düzgün dərk edilmədiyi bir kəsimin olduğu cəmiyyət çox təhlükəlidir. Azərbaycan elə bir möhtəşəm qələbə qazanıb ki, onun miqyasını bəlkə də çoxları dərk etmir. Lakin hələ də "tənqidlərindən" əl çəkmirlər. Biz milli-mənəvi köklərimizə, ata-babalarımızdan qalan dəyərlərimizə sahib olmaqla zamanın tələblərinə uymalıyıq, müasirləşməliyik.

- Geosiyasi baxımdan - qlobalizm meyillərinə qarşı dura biləcək hər hansı səmərəli regional güclərin meydana çıxması əngəllənir. Bu əngəlləri necə aşacağıq?

- Dünyada indi yeni bir şərait yaranıb. Bəzi dövlətlər hesab edirlər ki, digər ölkələr onların hökmü ilə oturub-durmalıdırlar. Hər hansı bir regiona daxil olmaqdan ötrü ziddiyyətlər yaratmaq, region ölkələrini bir-birinə qarşı qoymaq və öz maraqları üçün istifadə etməyə çalışırlar. Bu Cənubi Qafqazda da aydın şəkildə görünür. Həmin ölkələr “parçala, hökm sür” siyasətini yürüdürlər. Onların başlıca məqsədləri təbii sərvətlərə, əlverişli satış bazarlarına, ucuz xammal mənbələrinə və etibarlı nəqliyyat kommunikasiya yollarına sahib olmaqdır. Düşünürəm ki, bir şəraitdə dövlətlərin öz maraqlarını dəqiq müəyyənləşdirməsi zəruridir. Çünki qonşular bir-birilə yola getmədən heç bir məsələni həll etmək mümkün deyil. Azərbaycanın bu məsələdə xarici siyasəti çox düzgündür və uğurludur. Azərbaycan heç bir dövlətin və ya dövlətlər qrupunun yanında deyil. Yalnız özünün milli dövlət maraqlarının yanındadır.

- Milli maraqların keşiyində duran milli dövlət neoliberal qloballaşma tərəfdarlarına sərf etmir. Deməli, yeni milli ideya həm də yeni risklər doğurur. Hansı risklər var və bu risklər necə həll olunacaq?

- İmperial güclər Azərbaycanın güclü dövlət olmasını, müstəqil daxili və xarici siyasət yürütməsini həzm edə bilmirlər. Azərbaycan elə bir səviyyəyə gəlib çatıb ki, artıq suallara cavab verən deyil, özü oturub, qarşısındakını ayaq üstə saxlayıb sual verib cavab almaq qüdrətindədir. Azərbaycanı da bu səviyyəyə gətirən cənab prezidentimizdir. Müstəqil, güclü dövlət olmaq digər ölkələrə sərf etmir. Bunu bir çox ölkələrdə çevriliş cəhdlərində, terrorda, sui-qəsdlərdə görə bilərsiniz. Güclü milli dövlətin yaradılması həmin ölkələr üçün risklərdir. 2020-ci ildən bəri Azərbaycanın ortaya qoyduğu mövqe az qala dünyada formalaşmış ənənələri dağıdıb, milli iradə ortaya qoyuldu. Güclü milli dövlət siyasi partiya mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın şansıdır. Bizim hər birimiz bu dünyada faniyik. Ancaq millət və dövlət baqidir, əbədidir. Mənəvi-ruhani birliyimizi təmin edəm dini birliyimizi parçalamaq, təriqətlərə, cərəyanlara islam dinini bölmək istəyirlər. Bunların arxasında onların strateji maraqları gəlir. Güclü dövlət olmasın, zəif boyun əyən dövlət olsun. Cənab prezident İlham Əliyev bu məsələləri alt-üst etdi və göstərdi ki, millətin tərəqqisinin təməlində güclü dövlət dayanır.

- Heç şübhəsiz ki, yeni milli ideya milli identifiklik üzərində bərqərar ola bilər. Bu zaman milli identifikliyimizə hansı baxış əsas götürülməlidir: primordial (primordial-əzəli, ilkin), konstruktiv, yoxsa instrumental?

- Biz millət olaraq dünyada kimliyimizlə tanınırıq. Bizim bəlli milli köklərimiz var. İslam dinini qəbul etməmişdən əvvəl milli kökümüz olub. İlk növbədə, milli kimliyimizə sahib çıxmalıyıq. Milli kimliyini, milli tarixini, keçmişini unudan bir millət hafizəsini unutmuşdur və tarixin qaranlıq sel sularına qərq olunmuş kimidir. Haradan gəlib harada dayandığını bilmədən, haraya getdiyini dəqiq müəyyənləşdirmədən bir millətin gələcəyi olmaz. Buna görə dünənki müsahibədə cənab prezidentimiz dedi ki, biz tariximizə üzvi baxmalıyıq bunlar bir-birini tamamlayır. Bunun təməlində milli tarix, milli kimlik, milli varlıq, milli özünüdərk dayanır. Bunları isə konstruktiv şəkildə əlaqələndirmək lazımdır. Yeni şəraitə uyğunlaşmadan keçmişə qapanıb qalmaq bu milləti geriyə aparar. Təəssüf ki, bu gün belə düşünən bəzi insanlar var.

- Milli ideya və millətin etnomədəni və vətəndaşlıq anlamı arasındakı real ziddiyyətlər necə həll olunacaq?

- Dünya tarixi əksər xalqların bir-birilə qaynayıb-qarışması, qarşılıqlı əlaqədə və ya təsirlərdə inkişaf etməsi tarixidir. Baş verən hadisələr, burulğanlar millətləri bir-birinə qaynayıb-qarışdırıb. Azərbaycanda bu gün yeganə bir millət var: Azərbaycan milləti. 44 günlük Vətən müharibəsində Qusardan Astaraya, Naxçıvandan Ağstafaya qədər bütüb şəhər, rayon, qəsəbə və kəndlərimizindən vətəndaşlarımız bir yumruq kimi birləşib tək vətən olan Azərbaycan torpaqlarını işğalçılardan azad etdilər. Bizim konstitusiyamızda referendumla qəbul edilib ki, milli sözü dövlət anlamı daşıyır. Artıq milli ifadəsi etnik anlamında deyildir. Azərbaycanda yaşayan vətəndaşlar müxtəlif etnik köklərə sahib ola bilərlər. Bu, normal bir şeydir. Amma onların hər birini tək bayraq, tək vətən, tək dövlət, tək millət, tək Azərbaycan vətəndaşlığı birləşdirir. Cəmiyyəti irəli aparan dövlət milliyyətçiliyidir, siyasi milliyyətçilikdir. Etnik millətçilik hər bir ölkəni, cəmiyyəti və dövləti parçalanmaya aparır. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində bizim şəxsiyyət vəsiqələrimizdə etnik mənsubiyyət ifadələri çıxarıldı, Azərbaycan Respublikasının vətəndaşı yazıldı. Azərbaycanda yaşayan bütün etnik qruplar hamısı qardaşdırlar. Hər biri Azərbaycan Respublikasının vətəndaşıdırlar. Azərbaycan hamının vətənidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top