“Gənclərin kitab çap etdirmək sevdasını da anlamıram…”

ƏDƏBİYYAT 20 noy 2023, 15:48
Yazıçı Nemət Mətin feysbuk hesabında kitab çapında yazıçıların və nəşriyyatların üzləşdikləri problemlərdən yazıb. Onun fikrincə, məişət qayğılarını unutmaq üçün yeganə çıxış yolu kitab oxumaqdır. Yazıçı fikirlərinə belə davam edib:

“Yazıçıların bioqrafiyasını oxuduqca görürsən ki, əksəriyyəti başqa işlərdə işləyib. Ölkəmizdə kitabdan pul qazanan 5-10 adam varsa, min bir fırıldaq edir. Çox çətindir. Yalandan kitabın üstünə 3-cü, 5-ci nəşr yazdırır, kitabı keyfiyyətsiz çap edən mətbəədə çıxarır. Başqa yazıçı-şairin kitabını öz adına çap etdirən də var. Qapı-qapı gəzib kitabını paylayan da görmüşük. Kitabı çıxsın deyə yaltaqlanan da olur. Xeyli borcu olan nəşriyyatları say-say bitməz... Bütün bunlara baxmayaraq insan gərək əyilməsin”.

Gənc yazıçılarımız bəzən kitablarını çap etdirə bilmədikləri üçün gileylənirlər. Amma yazıçı Ayxan Ayvaz belə düşünmür. O, Demokrat.az-a açıqlamasında problem kimi görünən məsələyə münasibətini bildirib:  

“Açığı, məncə, bu cür problem yoxdur. Çünki mən heç vaxt kitabımı çap etdirmək problemi yaşamamışam. "Qanun" nəşriyyatı həmişə dəstək olub. Mənə elə gəlir, istedadlı adamlara da həmişə dəstək olurlar. Sadəcə məsələ burdadır ki, bəzən gənc yazıçının kitabı nəşriyyatı geriyə salır. Onun kitabı satılmır, maraq yaratmır, nəticədə də tozlanıb qalır rəflərdə. Ona görə nəşriyyatlar seçim etmək məcburiyyətindədirlər. Bizim kimi Allah ümidinə yaşayan nəşriyyatlar da neyləsin, hamının kitabını çap etmək olmur, çünki ətraf özünü dahi elan eləyənlərlə doludur. Ona görə də məcburdurlar ki, seçim edib bildikləri, istedadlarına bələd olduqları imzaları çap etsinlər. 

Ümumiyyətlə, gənclərin bu kitab çap etdirmək sevdasını da anlamıram. Tutaq ki, mənim kitabım çap olunmursa, heç olunmasın. Buna görə niyə gileylənim? Ölkədə bu boyda problem var, yerində olmayan o qədər sahə var ki... Məncə, gənclər etiraz ruhlu olsunlar və düşəni vurmasınlar. Gənclər azı dişlərini çıxarıb əjdaha kimi onları udmaq istəyən məmurlardan özlərini qorusunlar. Dünyada sağlığında kitabı çıxmayan o qədər yazıçı olub ki... Kitab çıxartmaq yox, yaxşı mətn yazmaq vacibdir. Yaxşı mətn kitab halında olmasa da axır-əvvəl öz yerini tapacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top