DEVA Partiyasının deputatı: "Azərbaycanla Türkiyə orduları arasındakı hərbi təlimləri müsbət qarşılayırıq"

MÜSAHİBƏ 25 okt 2023, 15:49
"Biz dost və qardaş ölkə Azərbaycanın inkişaf etməsi, böyüməsi və güclənməsi üçün atılacaq bütün addımları dəstəkləyirik".

Bu sözləri Türkiyənin Demokratiya və Sıçrayış Partiyasının (DEVA) deputatı Cem Avşar Demokrat.az-a müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cem bəy, artıq Qarabağ tamamilə işğaldan azad olunub və orada yenidənqurma işləri həyata keçirilir. Qarabağdakı yenidənqurma və bərpa işləri ilə bağlı DEVA Partiyasının, eləcə də sizin hansısa təklifləriniz var?

- İndiki şəraitdə Türkiyənin referansı ilə Qarabağda böyük layihələr alına biləcəyini düşünürəm. Amma təbii ki, ərazi və yaratdığı imkanlar böyükdür. Ona görə üzərində çalışaraq fərqli alternativlər də ortaya çıxa bilər. Bu mənada, Türkiyənin başda inşaat sektoru olmaqla, sənaye, kənd təsərrüfatı, texnologiya və şəhərsalma sahələrində bölgədə ciddi şəkildə yenidənqurma işləri həyata keçirəcək mütəxəssisləri və sahibkarları var. Biz dost və qardaş ölkə Azərbaycanın inkişaf etməsi, böyüməsi və güclənməsi üçün atılacaq bütün addımları dəstəkləyirik.

- Bir neçə gündür Azərbaycan və Türkiyə orduları hərbi təlimlər keçirirlər. Üstəlik, bu təlimlərin Qarabağda da keçirilməsi diqqət çəkir. Bu, ekspertlər tərəfindən düşmənlərimizə qarşı gözdağı olaraq qiymətləndirilir. Siz müxalifət partiyası olaraq Azərbaycan və Türkiyə qardaşlığının ordulara da yansımasını, güclərin birləşdirilməsini necə dəyərləndirirsiniz?

- Biz bunu əlbəttə müsbət dəyərləndiririk. İki qardaş ölkə arasındakı münasibətlərə və regionun önəminə uyğun mövqe həm əldə olunan hərbi razılaşmalara, həm də təbii ki, strateji əlaqələrə əsaslana bilər. DEVA Partiyası Azərbaycan və Türkiyənin hərbi sahədə atdığı addımları müsbət qarşılayır. 

Orada diqqət edilməsi lazım olan məsələ Rusiya ilə balanslı siyasət aparılmasıdır. Bu mənada da Türkiyə və Azərbaycan cəhətdən proseslər müsbət davam edir. İstər indiki şərtlər kontekstində, istərsə də ötən ay Ermənistanın ABŞ-la oxşar hərbi təlim keçirməsi Rusiyada ciddi narahatlığa səbəb olub. Çünki Ermənistan həm hərbi cəhətdən Rusiyanın müttəfiqidir, həm də Rusiyanın Ermənistanda hərbi bazaları var. Yəni bu vəziyyət təbii olaraq Kremli qəzəbləndirdi. Bizim Azərbaycanla hərbi təlimlər keçirməyimiz isə Moskvada bir az qıcığa səbəb ola bilər, amma bu, Türkiyə-Rusiya münasibətilərini zədələməz. Üstəlik, bu hərbi təlim bölgədəki həssaslıqlar nəzərə alınmaqla həyata keçirilir. Ona görə də biz də bunu təbii qarşılayırıq.
 
Bildiyiniz kimi, Azərbaycanın indiki hərbi komandanlıq səviyyəsi xüsusilə 1990-cı illərdən başlayaraq Türkiyənin dəstəyi ilə hazırlanıb. Üstəlik, Türkiyə-Azərbaycan hərbi əlaqələrinin miqyası nə Rusiya, nə də dünya tərəfindən bilinməyən bir şey deyil. Bu kontekstdə də müsbət və dəstəklənməsi lazım olan bir prosesdir.

- Hazırda Azərbaycanla Ermənistan arasındakı əsas həll olunmayan məsələlərdən biri Zəngəzur dəhlizidir. Sizcə, bununla bağlı Türkiyə hansı addımları atmalıdır?

- Ermənistan Azərbaycanın sərhədlərini Qarabağla birlikdə rəsmən tanıyıb. Baş nazir Nikol Paşinyan bunu dəfələrlə açıqlayıb. Yəni hazırda iki ölkə arasında rəsmi olaraq sərhəd problemi yoxdur. Bundan sonrakı əsas problem ola biləcək məsələ Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin açılması ilə bağlı ölkəmizin və Azərbaycanın ilkin planı Ermənistanın bu məsələyə necə mövqe sərgiləyəcəyidir. Rəsmi İrəvanın mövcud razılaşmalara əməl edib-etməyəcəyi bundan sonrakı dönəmdə Türkiyənin Ermənistanla olan münasibətlərində həlledici rol oynayacaq.

Təbii ki, burada Rusiyanın da mövqeyi önəmlidir. Bilinən məsələlərə görə ölkəmiz Zəngəzur dəhlizinə çox ciddi önəm verir. Bu, Türkiyənin Orta Asiya ilə birbaşa əlaqəsini təmin edəcəyi üçün həm geosiyasi, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Həmçinin, Azərbaycan üçün də belədir. Lakin bir tərəfdən İran bu məsələdən narahatdır, digər tərəfdən Rusiya təmkinli yanaşır. Təbii ki, bu, qarşılıqlı razılaşmalarla həll olunacaq məsələdir. Ona görə də rəsmi Moskva birbaşa nə isə demir. Amma digər tərəfdən, Türkiyənin geosiyasi mövqeyinin güclənməsi Rusiyanın orta və uzunmüddətli perspektivdə xeyrinə olacaq bir şey deyil. 

Rusiya hazırda məşğul olduğu üçün bu məsələlərə lazımi önəm verə bilməyə bilər. Lakin qeyd etmək lazımdır ki, Kreml vaxtı gələndə bu məsələlərə qayıtmaq üçün vergül qoyub. Bunu unutmaq olmaz. Hazırda Rusiyanın “hə” dediyi məsələlərin bir çoxu “yox” deyə bilmədiyinə görə özü üçün uzunmüddətli perspektivdə müvəqqəti olaraq dondurulmuş məsələlərdir. Ona görə səsini çıxarmır. Zəngəzur dəhlizi də belə bir məsələdir. 

Amma təbii ki, bu, Türkiyə üçün çox da əhəmiyyətli bir vəziyyət deyil. Əgər ölkəmiz bununla bağlı indi addım ata bilirsə, atmalıdır. Məncə, indiki şəraitdə Türkiyənin bunu etməsi mümkündür. 

Üstəlik, Zəngəzur dəhlizinin açılması və Ermənistanın bu məsələdə Türkiyə ilə Azərbaycanla razılaşaraq konstruktiv rol oynaması nəticəsində Ankara-İrəvan münasibətləri də çox daha müsbət bir prosesə keçər. Buradakı əsas və açar nöqtə Zəngəzur dəhlizidir. Ermənistan bu məsələdə çox çətinlik yarada biləcək durumda deyil. Hesab edirəm ki, Paşinyan da praqmatik lider olduğu üçün bununla bağlı ciddi problem olmayacaq. Amma dediyim kimi, hələ də aydın vəziyyət yoxdur. Bu məsələni dəyərləndirərkən İran faktorunu çox diqqətlə nəzərə almaq lazımdır. Yəni Zəngəzur dəhlizi yeni geosiyasi reallıqlar baxımından çox maraqlı bir vəziyyət yaranıb.

- Bəs Zəngəzur dəhlizinin açılması ilə bağlı DEVA Partiyasının mövqeyi necədir? 

- Zəngəzur dəhlizinin açılması regionun, Orta Asiyanın, Azərbaycanın, Ermənistanın, hətta bütün bölgənin Qərblə inteqrasiyasında çox ciddi rol oynaya bilər. Bu, Türkiyənin regionda iqtisadi və siyasi təsirini artırmaqla yanaşı, qeyd etdiyim kimi, bütün bölgə ölkələrinin Avropaya inteqrasiyasını sürətləndirər. Əlbəttə ki, bu da çox mühüm və müsbət məsələdir. Ona görə də partiyamızın buna qarşı çıxacaq bir mövqeyi ola bilməz. Bu prosesləri dövlət həssaslığı ilə həyata keçirmək İran, Rusiya və Çinin həssaslıqlarını daim ölçüb-biçərək, tarazlıqda saxlamaq lazımdır. Ümumilikdə, bu dəhlizin açılması çox müsbət bir proseslərə səbəb olacaq.

Burada bir məqamı qeyd etmək istərdim: Azərbaycan-Ermənistan son vaxtlar gündəm mövzusu olsa da, Rusiyanı çox narahat edən məsələ əslində Qazaxıstandır. 

- Nə üçün belə düşünürsünüz?

- Çünki Qazaxıstanda baş verən son hadisələr Rusiyanı çox narahat edir. Ona görə də hadisələri dəyərləndirərkən Rusiya, xüsusən də Qazaxıstan nəzərə alınır. Rusiya Mərkəzi Asiyada təbii sərvətlərinə görə ən böyük və ən nüfuzlu gücdür. İşin bu tərəfi həmişə bərabərlikdə və hesabda saxlanılmalıdır. Kreml Qazaxıstanın münasibətini çox diqqətlə izləyir və onun hansı mövqe tutacağını dəqiq proqnozlaşdıra bilmir. Yəni, deyə bilərik ki, Rusiyanın Azərbaycan-Ermənistan məsələsinə münasibəti müvəqqəti də olsa, konkret və aydındır. Amma Qazaxıstanla bağlı ciddi qeyri-müəyyənliklər var. Üstəlik, Rusiyada Ukraynadan sonra Qazaxıstanın da hədəf olması ilə bağlı söz-söhbətlər çox yayılır. Amma Rusiyanın qısa müddətdə belə bir məqsədi, hədəfi və gücü olacağını düşünmürəm.

Həmçinin, Rusiyada Zəngəzur məsələsi ən azı Azərbaycan və Ermənistan məsələsi qədər mühüm və prioritet məsələdir. Zəngəzur dəhlizinə niyə xüsusi önəm verir? Çünki Türkiyənin Orta Asiya ilə strateji və iqtisadi əlaqələri bu dəhliz sayəsində artacaq. Bu mənada İran və Rusiyanı uzunmüddətli perspektivdə yaxınlaşdıran başqa bir ölçü kimi qəbul edilməlidir. Ona görə də Yaxın Şərqdəki proseslərin hansı istiqamətdə gedəcəyi vacibdir. 

- Necə düşünürsünüz, Qərb ölkələrinin Azərbaycana qarşı qərəzli münasibət sərgiləməsinin və ikili standartlardan yanaşmasının əsas səbəbi nədir?

- Əslində İsrail də Qərb ölkəsidir, amma Azərbaycanla münasibətləri çox yaxşıdır. Daha çox Avropanın, Fransanın və ABŞ-ın Azərbaycana qarşı ikili standartlardan yanaşdığını götürük. Bunun da səbəbləri hər kəsə məlumdur. Birincisi, oralardakı erməni lobbiləri çok aktiv fəaliyyət göstərirlər. Yeri gəlmişkən, son zamanlarda Azərbaycan lobbisi Rusiyada çox təsirli olmağa olmağa başlayıb. Bunun müsbət nəticələrini Rusiyanın son addımlarında açıq şəkildə görmək mümkündür. 

İkincisi, Azərbaycana qarşı ikili standart aparan ölkələrdə Türkiyənin nüfuzunun və gücünün artdığını da qeyd etmək lazımdır. Onlar, ona görə də Ankara və Bakıya qarşı belə addımlar atırlar. Ümumiyyətlə, Qərbin mövqeyi birmənalı deyil. Yəni oradakı ölkələr arasında da fikir ayrılıqları var. Məsələn, ABŞ və Böyük Britaniyanın bu məsələdəki mövqeyinin tam olaraq üst-üstə düşmədiyini görürük. Əslində Almaniya ilə Fransanın da mövqeyi bir-birindən fərqlənir. Lakin Qərbin Ermənistana münasibətində bəzi subyektiv səbəblər var. Hərçənd ki, bunun da real geosiyasəti dəyişdirəcək bir şey olmadığını gördük.
 
Yəni İkinci Qarabağ müharibəsində kimin kimi dəstəkləməsindən asılı olmayaraq, Azərbaycan Türkiyənin də siyasi dəstəyilə istədiyini əldə etdi. Ona görə də Qərbin bu qərəzli və ikili standartları sadəcə siyasi cəhətdən qiymətləndirməlidir. Onlar, həmçinin Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün belə addımlar ataraq "Biz sizin yanınızdayıq" imicini formalaşdırmağa çalışırlar. Bununla da İrəvanı Moskvadan hərbi və strateji mənada yavaş-yavaş uzaqlaşdırırlar. Düşünürəm ki, Qərbin buradakı əsas məqsədi Azərbaycana qarşı açıq düşmənçilik aparmaq daha çox, Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır.


Elmir Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top