“Paşinyanın məqsədi Qarabağı Azərbaycandan ayırmaqdır” — Tofiq Zülfüqarov (MÜSAHİBƏ)

MÜSAHİBƏ 08 sen 2023, 15:21
Ermənistanla Azərbaycan arasında dalana dirənən sülh danışıqları, sərhəddə və Qarabağda yaşanan gərginlik, yeni müharibənin mümkün perspektivi, Rusiya ilə Ermənistan münasibətlər aktual gündəmdir.

Sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov bu məsələlərlə bağlı Azpost.info-ya müsahibə verib.

-Ermənistan-Azərbaycan sülh danışıqları faktiki olaraq dayanıb. Bunun səbəbləri nələrdir?

– Postkonflikt dövründə iki problemin həlli gündəmə gəldi. Biri Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərin reinteqrasiya məsələsidir. Azərbaycan bəyanat verib ki, bu, daxili məsələdir və bununla özü məşğul olacaq. Digər məsələ isə Ermənistanla sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması, təzminat məsələləri və s. digər postkonflikt məsələlərdir. Bu problemlərin həllinə dair Azərbaycan tərəfindən beş maddəlik sənəd təqdim etdi. Yəni ki, sülhün əldə olunması üçün Azərbaycan təşəbbüs göstərdi. Amma Ermənistan tərəfi çalışır ki, sülh sazişinə mütləq Qarabağ məsələsini daxil etsin. Bununla da Qarabağda gedən proseslərə müdaxilə etmək imkanını saxlamaq niyyətindədir. Təbii ki, bu, Azərbaycanın mövqeyinə ziddir. Ona görə də sülh danışıqlarında faktiki olaraq irəliləyiş yoxdur.

-Sizcə, sülh danışıqlarının bundan sonrakı taleyi necə olacaq?

-Hesab edirəm ki, bir çox məsələlərdəki problemlərə görə sülh sazişinin imzalanması imkanları azalıb. Birincisi, əgər Ermənistan istəyirsə ki, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi ilə bağlı diskussiyalar açsın, paralel olaraq hazır olmalıdır ki, Qərbi azərbaycanlılarla bağlı məsələ də gündəmə gəlsin. Yəni ki, Qarabağda yaşayan ermənilərlə bağlı müzakirələrlə yanaşı, vaxtilə Ermənistanda yaşamış azərbaycanlılarla bağlı da müzakirələr olmalıdır. Amma biz görürük ki, İrəvan bunda maraqlı deyil. Məsələn, Azərbaycan Prezidenti səviyyəsində bəyan edilib ki, Bakı Qarabağda yaşayan erməni sakinlərə vətəndaşlıq verməyə hazırdır. Bu, ermənilər üçün ən böyük status sayılmalıdır. Amma Ermənistan tərəfindən 1990-cı illərədək Ermənistanda yaşamış azərbaycanlılarla bağlı heç bir bəyanat verilməyib. Ümumiyyətlə, qarşı tərəf bu mövzuda müzakirəyə hazır deyil. Bu, təbii ki, sülh sazişinə, ümumiyyətlə sülh danışıqlarına əngəl törədir.

İkinci əngəl Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. SSRİ dağılandan sonra belə bir konsepsiya əsas götürülüb ki, 1991-ci ildə olan adminstrativ sərhədlər əsas götürülməlidir. SSRİ-dən ayrılan dövlətlər bunu əsas götürüblər. Söhbət Alma-Ata Bəyannaməsindən gedir. Amma Ermənistan bu konsepsiyaya imza atandan sonra özü üçün müddəa əlavə edib ki, “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir”. İrəvanın bu iddiası da danışıqları pozan amildir. İndi sərhədləri müəyyən etmək üçün müəyyən təkliflər səslənir. Məsələn, Ermənistan deyir ki, sərhədlərin müəyyənləşməsində 1975-ci ilin xəritələri əsas götürülsün. Azərbaycan deyə bilər ki, 1920-ci ilin xəritələri – Zəngəzur və Göyçə verilməmişdən qabaq olan xəritələr əsas götürülsün. Düzdür, Bakı xəritələrlə bağlı mövqe açıqlamayıb, amma istisna etmirəm ki, bu mövqe ortaya qoyulsun. Yəni ki, sülh danışıqlarında bu məsələlərdə irəliləyiş olmur.

Biz görürük ki, Ermənistan sülh gündəmindən qaçır, yeni şəraitdə münaqişənin davamı siyasətini həyata keçirir. Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra keçirilən seçkilərdə erməni iqtidarı kimi qalan Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu partiyanın seçki platformasında, seçki şüarında “Qarabağın xilası üçün ayrılmaq” var. Bu, Paşinyan hökumətinin məqsədidir. Demək ki, rəsmi İrəvan “Miatsum” siyasətini yeni şəraitdə davam etdirmək niyyətindədir.  Bu siyasi konsepsiyanı Ermənistan 2021-ci ilin may ayında qəbul edib. 44 günlük müharibədən sonra da Ermənistan Qarabağa büdcəsindən maliyyələşmə həyata keçirir. Bütün bunlar sülh danışıqlarında irəliləyişi tormozlayır. Bu halda sülh sazişinin imzalanması mümkünsüz görünür.

-Məlumdur ki, sülhün alternativi müharibədir. Hazırda erməni təxribatları istər sərhəddə, istərsə də sülhməramlıların müvəqqəti nəzarətindəki Qarabağda səngimir. Sülh danışıqlarının dalana dirəndiyi, təxribatların artması fonunda yeni müharibə gözləntisi varmı?

-Təbii ki, Azərbaycan hərbi təxribatlara hərbi yolla cavab verir, qarşı tərəf susdurulur, adekvat addımlar atılır. Bu, normaldır və təxribata cavab verilməlidir. Əlbəttə, Azərbaycanın öz maraqlarını müdafiə etmək üçün gücdən istifadə etməsi istisna olunmur. Nəzərə almaq lazımdır ki, Azərbaycan qarşı tərəfdən hərbi baxımdan çox güclüdür. Bu gücü də hamı anlayır, bilir. Bu gücdən daha yüksək səviyyədə Azərbaycan hər an istifadə edə bilər.

-Biz “İkinci Qarabağ masası” qurmaq cəhdlərini də müşahidə edirik. Sizcə, bunun arxasında nə dayanır?

-Ermənistan istəyir ki, beynəlxalq ictimaiyyətin nəzərinə çatdırsın ki, Qarabağ məsələsi həll olunmayıb. Daha doğrusu, rəsmi İrəvanın niyyəti ondan xəbər verir ki, dünyaya Qarabağ məsələsini Azərbaycanın daxili məsələsi kontekstindən çıxarsın, beynəlmiləlləşdirsin. Ermənistanın hazırkı siyasəti bu istiqamətdədir. Ermənistan yenidən danışıqlar masasında Qarabağ məsələsini canlandırmaq niyyəti güdür. Paşinyanın “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmini beynəlxalq mexanizmlərlə həll olunmalıdır” bəyanatı da bundan xəbər verir. Eyni zamanda, reinteqrasiya məsələsi ilə bağlı Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan rəsmilərinin xarici ölkələrdə görüşünün keçirilməsi barədə çağırışlar edilir. Bu da İrəvanın Qarabağ məsələsini Azərbaycanın daxili məsələsi halından çıxarmaq cəhdləridir. Təbii ki, vasitəçilik etməklə bölgəyə daxil olmaq istəyən qüvvələr var və onlar Ermənistanın bu çağırışından yararlanmaq niyyətindədirlər. Bunun da son vaxtlar Fransanın timsalında şahidi oluruq. Bir çox qüvvələr maraqlıdır ki, bölgədə müxtəlif səbəblərə görə bu münaqişə davam etsin və idarəetmə mexanizmasını istifadə etsinlər. Bunları isə təbii ki, Azərbaycan qəbul etmir, etməməlidir.

-Paşinyanın Rusiya ilə bağlı açıqlamalarına rəsmi Moskvadan və Kremldən sərt reaksiya gəldi. Hazırda Rusiya-Ermənistan arasında gərginlik müşahidə edilir. Sizcə, Paşinyanın Rusiya əleyhinə bəyanatlarını, ümumiyyətlə, bu gərginliyi inandırıcı saymaq olarmı?

-Rəsmi İrəvan istəyir ki, Rusiya son 30 ildə olduğu kimi, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, anneksiya siyasətinə dəstək versin. Amma Rusiya bunu etmək istəmir. Ermənistan da istəyir ki, Rusiyanın ağalığından imtina etməklə özünə yeni ağa tapsın. Daha doğrusu, İrəvan yeni sponsor axtarışındadır ki, anneksiya siyasətinə dəstək verən güc olsun. Paşinyanın nə qədər səmimi olub-olmadığını deyə bilmərəm, ola bilsin ki, bu bir taktiki gedişdir. Amma dəqiq olan odur ki, Ermənistanın indi istədiklərini Rusiyadan almaq  imkanı yoxdur. Rusiyanın da İrəvanın istəklərini ya vermək istəyi yoxdur, ya da vermək imkanı məhduddur. İrəvanın hər zamankı qeyri-ciddi siyasəti davam edir və dediyim kimi, Ermənistan yeni sponsor axtarışındadır. Ermənistan bölgədə qonşu ölkələrlə sülh, sabitlik və əməkdaşlıq yolu yox, konfrantasiya yolunu seçir, hansısa fövqəl qüvvələrə özünü oyuncaq kimi təqdim edir. Bir növ, fövqəladə dünya dövlətlərinə öz xidmətini təklif edir.

-Ermənistana illərdir ağalıq edən Rusiya bu siyasətinə görə İrəvanı cəzalandıracaqmı?

-Ermənistan hesab edir ki, Rusiya artıq onları cəzalandırıb. 44 günlük müharibənin nəticələrini İrəvan Moskvaya irad kimi tutur, Rusiyanın onlara kömək etmədiyini iddia edir. Bütün günü təbliğat gedir ki, Rusiya Paşinyana görə Ermənistanı cəzalandırmaqda davam edir. Guya ki, Paşinyan demokratdır, Putin də bu “demokratı” sevmir. Bunlar isə hamısı nağıldır. Paşinyan demokrat deyil. Vaxtilə Hitler də partiyasının ideologiyasını “nasional sosializm” adlandırırdı. Guya ki, onlar da milli sosialist dövlət yaradırdılar. İndi Paşinyan da guya “nasional demokrat”dır. Nikol demokratiyanı təkcə öz millətinə aid edir. Bu, faşizmin bir növüdür. Guya ki, Rusiya da “milli demokrat” Paşinyana görə Ermənistanı cəzalandırmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top