İncəsənət müəssisələrində MİQ müsabiqəsinin müsahibə mərhələsinə başlanılır

İNCƏSƏNƏT 05 sen 2023, 11:11
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Test imtahanı 16 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib.

Müəllimlərin işə qəbulu üzrə test imtahanında iştirak etmiş 1026 namizəddən 511 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb.

5 sentyabr tarixindən etibarən Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Müsahibələrdə namizədlər peşəkar təcrübəyə malik səriştəli mütəxəssislərdən təşkil edilmiş komissiya tərəfindən qiymətləndirilir. Mümkün 30 baldan 21 və daha yüksək bal toplayan namizədlər müsahibədə uğur qazanmış hesab edilirlər.

Müsabiqənin müsahibə mərhələsinə 11 sentyabr tarixində yekun vurulması nəzərdə tutulur. Müsahibələr başa çatdıqdan sonra 7 iş günü ərzində namizədlərə nəticələr barədə məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top