Qahirədən Naxçıvana uzanan yol: “Azərbaycan təsəvvür etdiyim kimi deyilmiş…” — MÜSAHİBƏ

MÜSAHİBƏ 01 sen 2023, 11:41
Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Naxçıvanda “Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” keçirildi. Bir həftə davam edən tədbirdə müxtəlif ölkələrdən olan iştirakçılar arasında Misiri təmsil edən İsra Adil də var idi. Müsahibimin ölkəmizə sevgisi o qədər böyükdür ki, suallarımı tərcümə etməyə ehtiyac da görmədim. Azərbaycanca ünvanladığım suallara elə doğma dilimdə də cavab tapdım. 

-    Uzun müddətdən sonra görmək  istədiyin ölkədə oldun. Təəssüratlarını öyrənmək maraqlıdır…

-    Hər şeydən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımı bildirmək istəyirəm. Düşərgə çox faydalı və əyləncəli idi. Həmçinin fərqli ölkələrdən mehriban gənclərlə dostlaşdım.  Hər il Komitə tərəfindən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və Azərbaycana dost münasibət bəsləyən xalqların gəncləri üçün düşərgə təşkil edilir. 

-    Hansı bölgələrdə oldun? Haraları gəzdin? 

-    Bakı, Qəbələ və Naxçıvanda oldum. Bakıda Qız qalası, İçəri Şəhər, bulvar, Nizami küçəsi, Şəhidlər Xiyabanı, Fəxri Xiyaban, Heydər Əliyev Mərkəzinə getdim. Naxçıvanda isə Əlincə qalası, Əshabi-Kəhf, Heydər Əliyev Muzeyi, Möminə Xatun türbəsi, Xan Sarayı, Hüseyn Cavid məqbərəsi, Naxçıvanqala (tarix – memarlıq muzey kompleksi), Nuh peyğəmbər türbəsi, Heydər Əliyev Sarayı, Batabat gölünə getdim. Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdim. 

-    Təsəvvüründəki Azərbaycan və insanları ilə  gəlib, gördüyün eynidir? Yoxsa təsəvvür etdiyindən daha fərqli mənzərə ilə qarşılaşdın?

-    Mən illərdir Azərbaycanın gözəl yerlərinin şəkillərinə, videolarına baxıram və əlbəttə ki, bu ölkədə olmaq istəyirdim. Azərbaycan təsəvvür etdiyim kimi deyilmiş. Həqiqətən də çox gözəl və təmiz ölkədir. Onun xalqı da mehriban və çox qonaqpərvərdir. Azərbaycanda olanda hiss etdim ki, mən elə öz vətənimdəyəm.

-    Azərbaycana maraq necə yarandı səndə?

-    Bir dili öyrəndikdə o dildən istifadə edən xalqı tanımağa çalışırıq. Mən Azərbaycan dilini sevdiyimə görə Azərbaycanı və Azərbaycan xalqını daha da yaxından tanımaq istədim.

-    Dilimizi gözəl bilirsən, danışırsan, yazırsan. Öyrənmək çətin olmadı? 

-    Azərbaycan dilini öyrənmək mənim üçün çox çətin deyildi. Çünki mən əvvəl türk dilini öyrənmişdim. Amma yenə də Azərbaycan dilinin qrammatikasını ərəb dilində izah edən kitab olmadığına görə bəzi qaydaları başa düşməkdə çətinlik çəkdim.

-    Artıq Azərbaycan dilini tədris də edirsən, qrammatika kitabı da yazmısan. Bir az bu barədə danışardın.

-    Əslində ona görə qrammatika kitabı yazdım ki, Azərbaycan dilini öyrənmək istəyən misirlilər və digər ərəblər çətinlik çəkmədən bu dili öyrənsinlər. 

-    Burada ən çox xoşuna gələn nə oldu? 

-    Azərbaycanda ən çox xoşuma gələn möhtəşəm yaşıl mənzərələrdir.

-    Bakı kiçik şəhərdir, Qahirə isə hədsiz böyük. Bu səni təəccübləndirmədi?

-    Xeyr, təəccüblənmədim. Misirdə də kiçik şəhərlər var. Məni həqiqətən də təəccübləndirən azərbaycanlıların çoxunun  Naxçıvanda olmamasıdır. Məncə Naxçıvanı ziyarət etməyə dəyər.

-    Azərbaycanlılarla misirlilər arasında hansı oxşar və fərqli cəhətlər var səncə? Əhalinin əksəriyyəti müsəlmandır, yəqin ki, oxşarlıqlar az deyil…

-    Məncə fərqli cəhətlər yoxdur. Hər iki dövlətin xalqı çox qonaqpərvər və irqçilik bilməyən xalqdır. Həmçinin onların adət-ənənələri də bir-birinə çox oxşayır.

-    Həmvətənlərin Azərbaycan haqqında nə düşünür? 

-    Azərbaycanı sevən misirlilərin sayı çoxdur. Onlar Azərbaycan haqqında düşünürlər ki, gözəl və təmiz, yaşıl mənzərələrlə zəngindir. Onun xalqı mehriban və öz vətənini sevəndir.

-    Çox güman milli mətbəximizi də dadmısan. Ən çox hansı təamı bəyəndin?

-    Ən çox bəyəndiyim Şəki paxlavasıdır.

-    Azərbaycana ikinci dəfə səyahət etmək istəyərsənmi? 

-    Əlbəttə, Azərbaycanda yenə olmaq istəyirəm. Quba, Qobustan, Şəki, Şuşa, Gəncəni də görmək istəyirəm. 







Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top