Xalq artisti Şahmar Ələkbərovun doğum günüdür — FOTOLAR

İNCƏSƏNƏT 23 avq 2023, 14:24
Cəmi 50 il yaşayıb. Amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yaza bilib.

Demokrat.az
xəbər verir ki, bu gün Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 il ötür.

O, Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. "Ustalar" tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərоv onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib.

Şahmar Ələkbərov "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib.

Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə "Ulduz" proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, "Molla Nəsrəddin" radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.

Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli-mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli-mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir.

Ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar Ələkbərov. “Dağlarda döyüş”dən başlamışdı onun ilk aktyor karyerası. Şahmar Ələkbərovun yaratdığı Qəzənfər ("Yeddi oğul istərəm"), Oğul ("İntizar"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Azad ("Bakıda küləklər əsir"), Qatır Məmməd ("Gəncəbasarlı qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"), İbrahim ("Atları yəhərləyin") kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.

Şahmar Ələkbərovun elə qəhrəmanları var ki, onları xatırlamamaq mümkünsüzdür. "Yeddi oğul istərəm" filminə tamaşa edəndə hamımız Qəqəninin "Ölmə, Qəzənfər dayı, ölmə!" deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirik. Bu çox nadir səhnələrdəndir ki, hətta ölüm anında aktyor tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas olan keyfiyyət deyildi.

Şahmar Ələkbərov kinoda rejissor kimi də sözünü deyib. Onun bu sahədə ilk işi Gülbəniz Əzimzadə ilə birgə çəkdiyi "İmtahan" filmi olub. Sonra "Sahilsiz gecə"ni çəkib. Şahmar Ələkbərovun ssenarisi əsasında ekranlaşdırılan "Qəzəlxan" filmi də uğurlu alınıb. 

Azərbaycanın görkəmli şairi Ə.Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır.

Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Ələkbərov 1992-ci il avqustun 12-də vəfat edib.

Xalq artisti Şahmar Ələkbərovun anadan olmasından 80 ili münasibətlə tanınmış Mədəniyyət Nazirliyinin nümayəndələri, sənət dostları İkinci Fəxri xiyabana gələrək Şahmar Ələkbərovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Şahmar Ələkbərov böyük aktyor, rejissor olmaqla yanaşı, həm də xoşbəxt insan idi. Onun sənəti bizim qəlbimizdə, kinomuzda, incəsənətimizin tarixində əbədi yaşayacaq.

Aktyorun ömür yolundan və yaradıcılığından danışan tanınmış rejissor Cəmil Quliyev deyib: 

"Bu gün Şahmar Ələkbərovun əziz xatirəsini hörmətlə anırıq. O, böyük sənətkar, çox işıqlı insan idi. Hətta bu tədbirdə də biz onun işığını hiss edirik. Azərbaycan kinosunun salnaməsinin yaranmasında, Azərbaycan kinosunun ötən əsrin 70-80-ci illərdəki inkişafında Şahmar müəllimin müstəsna xidmətləri olub. Onun yaratdığı surətlər, çəkdiyi filmlər, xüsusilə "Qəzəlxan" filmi daim tamaşaçıların qəlbində yaşayır və yaşayacaq. O, həmçinin gözəl dublyaj ustası idi, onun səsləndirdiyi filmlər bu gün də qorunub saxlanılır”.

Xalq artisti Həmidə Ömərova Şahmar Ələkbərovla bağlı ürək sözlərini belə ifadə edib: 

“Biz tez-tez qastrollara gedirdik. Şahmar müəllim çox təmkinli, az danışan insan idi. Səfərlər zamanı oxuduğu mahnılar zövqümüzü oxşayırdı. Çox gülərüz siması var idi. Xəstə olanda belə pozitivliyini saxlayırdı. “Qəzəlxan” filmini çəkən zaman da ruhdan düşmürdü. Kiminsə kefi olmayanda da çalışırdı ki, onun könlünü açsın. Şahmar müəllim bizim ürəyimizdə böyük iz qoydu”.











SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 apr 2024, 15:46
Top