“Ermənistan havadarlarının köməyi ilə yeni hərbi qarşıdurmaya hazırlaşır”

MÜSAHİBƏ 15 avq 2023, 13:16
Vahid Əhmədov: “Baş verənlər görə məsuliyyət İrəvanla yanaşı, həm də beynəlxalq təşkilatların üzərinə düşür”

Son günlər Ermənistanın “Laçın” sərhəd buraxılış məntəqəsi, habelə digər istiqamətlər boyunca çoxlu sayda hərbi texnika və canlı qüvvə cəmləşdirməsi müşahidə edilir. Ermənistanın yeni müdafiə hədləri hazırlaması, səngərlər qazması, əraziləri minalaması, Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi rəsmi İrəvanın məkirli niyyətlərindən xəbər verir. 

Moderator.az olaraq millət vəkili Vahid Əhmədovla söhbətimizdə bu və bu kimi məsələləri şərh etməyə çalışdıq:

-Vahid müəllim, Ermənistan Azərbaycanla sərhəd boyu ərazilərə çoxlu sayda silah-sursat və canlı qüvvə toplamaqdadır. Bu,  rəsmi İrəvanın müharibəyə hazırlığı kimi qiymətləndirilə bilərmi? 

-Şübhəsiz. Baş verənərə başqa ad vermək mümkün deyil. Ümummilli lider Heydər Əliyev deyirdi ki, ordunun, texnikanın hər zaman bir missiyası olub. Bu da döyüşmək, mübarizə aparmaqdır. Əgər bu gün Ermənistan Azərbaycanla sərhəddə hərbi texnika, canlı qüvvə cəmləşdirirsə, deməli, yenə hansısa təxribata hazırlaşır.

Xatırladım ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən - 14 avqust tarixində də açıqlama yaydı və bildirdi ki, Ermənistan intensiv şəkildə bölgəyə hərbi qüvvələr cəlb edir. Bu isə o deməkdir ki, düşmən irimiqyaslı təxribata hazırlıq görür və bu yolla nəyəsə nail olmağa çalışır.

-Necə hesab edirsiniz, yeni hərbi toqquşma baş verərsə, bunun mümkün nəticələri nə olacaq?

-Yeni hərbi qarşıdurmanın nə ilə nəticələnəcəyi hər bir azərbaycanlıya məlumdur. Hər bir azərbaycanlı, eləcə də Azərbaycan Silahlı Qüvvələri haqqında məlumatlı olan hər bir əcnəbi aydın başa düşür ki, bu qarşıdurma Ermənistan üçün əsl faciə olacaq. Çünki Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi potensialının 80%-ni məhv etdi. Müharibə zamanı 12 min nəfərdən artıq erməni ordu sıralarını özbaşına tərk edərək fərarilik etdi. Ermənistanın hərbi texnikasının bir hissəsi bu gün Hərbi Qənimətlər Parkındadır ki, bu reallığın özü  Azərbaycanın hərbi qüdrətinin ən bariz göstəricisidir. Bu baxımdan, əminliklə bildirirəm ki, yeni qarşıdurma Ermənistan ordusunun qalıqlarının da qısa zamanda məhv olması ilə nəticələnəcək.
 
-Sizcə 3 il bundan öncə ağır hərbi məğlubiyyətə uğrayan Ermənistan yeni qarşıdurma üçün gərəkən cəsarəti hardan alır?

-Ermənistanı yeni qarşıdurmaya təhrik edən bu ölkədəki revanşist qüvvələr, habelə ermənilərə havadarlıq edən dövlətlərdir. Bu məsələdə Rusiyanın separatçılara olan loyal münasibəti, Fransa, Hindistan, İran kimi dövlətlərin İrəvana dəstəyi həlledici rol oynayır. Məhz bu qüvvələrdən, eləcə də beynəlxalq erməni lobbisindən dəstək alan Ermənistan yeni bir təxribata əl atmaqla, 44 günlük Vətən müharibəsinin nəticələrini ortadan qaldırmaq, status-kvonu öz xeyrinə dəyişmək niyyətindədir. Lakin Ermənistan bir deyil, min belə  təxribata əl atsa da, heç nəyə nail ola bilməyəcək. Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin hərbi-siyasi nəticələri nəinki dəyişilməyəcək, əksinə, daha da möhkəmlənəcək.

-Vahid müəllim, mövcud vəziyyətlə bağlı Türkiyənin də Azərbaycana dəstək bəyanatı oldu. Sizcə mümkün qarşıdurma fonunda Türkiyə ilə yanaşı, digər türk dövlətlərinin də dəstəyinə ümid edə bilərikmi?
 
-Hər şeydən öncə qeyd edim ki, Türkiyə Azərbaycanın tarixi müttəfiqi kimi bütün çətin zamanlarda öz dəstəyini bizə yaxından hiss etdirib. Biz 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq. Müharibə dönəmində elə bir gün, elə bir saat olmadı ki, Türkiyə bizi tək qoysun. Türkiyənin müharibə dönəmində ölkəmizə verdiyi mənəvi-diplomatik dəstək Ermənistana havadarlıq edən üçüncü qüvvələrin müharibəyə açıq şəkildə müdaxilə etməsinin qarşısını aldı, onlar üçün ciddi çəkindirici rol oynadı.

Müharibədən sonra Azərbaycanla Türkiyə arasında əməkdaşlıq, tarixi dostluq-müttəfiqlik münasibətləri yeni mərhələyə qədəm qoydu. 2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində iki dövlət arasında strateji müttəfiqliklə bağlı Bəyannamə imzalandı. Bəyannamədə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, eləcə də hərbi sahədə tam və hərtərəfli əməkdaşlıq öz əksini tapdı. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyəni faktiki olaraq xarici siyasət, müdafiə və təhlükəsizlik məsələsində bir dövlətə çevirdi.

Vətən müharibəsindən sonra Azərbaycanın digər türk dövlətləri ilə də əlaqələri daha da genişləndi. Müxtəlif türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli müqavilələr imzalandı. 31 mart 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirildi, Türküstan Bəyannaməsi qəbul edildi. 2021-ci ilin 12 noyabr tarixində keçirilən İstanbul görüşündə isə təşkilatın adı Türk Dövlətləri Təşkilatı sözləri ilə əvəz edildi. VIII Zirvə görüşündə Prezident İlham Əliyev qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Dünyasının Ali Ordeni ilə təltif edildi.

Onu da xatırladım ki, Şuşa şəhəri TÜRKSOY tərəfindən 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Bütün bunlar Azərbaycanla digər tük dövlətləri arasında hərtərəfli əmədaşlığın sürətlə inkşaf etdiyini göstərir. Baş verənlər onu deməyə əsas verir ki, türk dünyası Azərbaycana güvəndiyi, etibar etdiyi kimi, Azərbaycan da hər zaman öz türk qardaşlarına etibar edə, onların dəstəyinə ümid edə bilər.

-Ermənilərin Xankəndinə silah-sursat daşıması, separatçıların hələ də Qarabağ ərazisini tərk etməməsi, rəsmi İrəvanın 10 noyabr 2020-ci il Bəyanatının şərtlərini yerinə yetirməməsində Rusiya sülhməramlılarının “günah payı” nə dərəcədədir?

-10 noyabr Bəyanatının hələ də yerinə yetirilməməsinin bir səbəbkarı Ermənistandırsa, bunun digər səbəbkarı Rusiyadır. Çünki 10 noyabr Bəyanatına görə erməni silahlılarının Qarabağdan çıxarılmasını, bölgədə təhlükəsizliyi və sabitliyi məhz Rusiya sülhməramlıları təmin etməli idi. Ancaq praktikada biz bunun tam əksini müşahidə etdik. Məlum oldu ki, ermənilər Qarabağa silah-sursatı Rusiya sülhməramlılarının müşayiəti ilə gətirir. Rusiya sülhməramlıları separatçılara qarşı mübarizə aparmaq əvəzinə, onları himayə edir. Nəticə isə göz önündədir. Bu gün sülhməramlıların himayəsinə sığınan Ermənistan sərhədlərimizdə çoxlu sayda hərbi texnika və canlı qüvvə toplamaqla yeni təxribatı üçün hazırlıq işi aparır.

Bu faktın özü onu deməyə əsas verir ki, Rusiya sülhməramlıları öz missiyalarının öhdəsindən gələ bilmir, yaxud gəlmək istəmirlər. Onların bölgədəki mövcudluğu nə sülhə, nə də sabitliyə xidmət etmir. 

-Vahid müəllim, erməni terroru səbibi ilə “Laçın” sərhəd buraxılış məntəqəsinin ara-sıra bağlanması həm Ermənistan, həm də xaricdəki erməni havadarları tərəfindən Qarabağ ermənilərinin blokadası kimi dəyərləndirilməkdədir. Sizcə mövcud olmayan bir blokadanı Qarabağ ermənilərinin boyuna biçməkdə məqsəd nədir?

-Məqsəd dünya birliyini, beynəlxalq ictimaiyyəti aldatmaq, onlarda Azərbaycan haqqında yanlış rəy formalaşdırmaqdır. Ermənilər və onların havadarları bütün dünyanı inandırmağa çalışırlar ki, guya Azərbaycan Xankəndi və ətraf bölgələrdəki erməniləri blokadada saxlayır, onları humanitar fəlakətlə üz-üzə qoyur. Əslində, ermənilər bu yalanı bəşəriyyətə sırımaqla həm öz terror və təxribatlarını pərdələməyə çalışır, həm də dünya birliyini ölkəmizə qarşı qaldırmaq, Azərbaycanı təzyiq və sanksiyalara məruz qoymağa çalışırlar. Ermənilər çalışır ki, yalan və dezinformasiyalarla Azərbaycana qarşı beynəlxalq cəbhə formalaşdırsınlar və öz məkirli məqsədlərini beynəlxalq birliyin, aparıcı dövlətlərin əli ilə həyata keçirsinlər.

Təbii, Azərbaycan erməni yalanlarının ifşası istiqamətində bütün gərəkli addımları atıb və bu gün də atmaqdadır. Erməni yalanlarından fərqli olaraq, Azərbaycan öz həqiqətlərini konkret faktlar -  fotolar, videolar, şahid ifadələri, beynəlxalq ekspertlərin rəyi fonunda ortaya qoyur. Bütün bu faktlar göstərir ki, Ermənistanın həyasızcasına beynəlxalq ictimaiyyəti aldatmaqda, onları öz məkirli niyyətləri üçün vasitəyə çevirməkdədir. Ancaq rəsmi İrəvan, eləcə də erməni havadarları bilməlidirlər ki, onların Azərbaycanla bağlı heç bir planı reallığa çevrilməyəcək. Azərbaycanın qüdrətli ordusu, yenilməz Ali Baş Komandanı var. Azərbaycan xalqı öz ordusu, Müzəffər Ali Baş Komandanı ilə birlikdədir və birlik bizim gələcək zəfərlərimizin təminatçısı olacaq!
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top