Baba Vəziroğlu: “Şuşa Tanrıya yaxın olduğum yerdir...”

ƏDƏBİYYAT 17 iyl 2023, 18:22
“Şuşada bir neçə dəfə olmuşam. Hər dəfə bu diyara uça-uça gedirəm. Sanki il uzunu məni gözləyir, mən də onun görüşünə tələsirəm. Orada ikən özümü çox bəxtəvər hiss edirəm. Bir növ, dünyanın fani işlərindən uzaqlaşmış oluram”.

Bu sözləri Şuşada keçirilən Vaqif poeziya günləri ilə bağlı Demokrat.az-a  təəssüratlarını bölüşən Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib. 

Şair Vaqif poeziya günləri tədbirinin yüksək səviyyədə keçirildiyini bildirib: 

“Şuşaya həm də ona görə böyük həvəslə gedirəm ki, bu tədbiri Heydər Əliyev Fondu təşkil edir. Bu Fond tərəfindən təşkil edilən hər bir tədbir yüksək səviyyədə baş tutur. Çox tədbirlərdə oluram. Bəzən çatışmazlıqlar olur, qarışıqlıq yaranır. Amma Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər şey dəqiq və qüsursuz olur”.

Baba Vəziroğlu hər dəfə Şuşadan dərin təəssüratlarla qayıtdığını deyib: 

“Şuşa Tanrıya yaxın olduğum bir yerdir. Gecələr Tanrı ilə dərdləşirsən, sevincini, kədərini bölürsən. Hər dəfə oradan zəngin təəssüratlarla qayıdıram. Yazıçı, şair fotoqraf deyil ki, həmin dəqiqə olduğu yerin şəklini çəkib göstərə bilsin. Təəssüratlar zaman keçdikcə yaranır, günlərin birində gözəl nəğməyə çevrilir. İnşallah yəqin ki, o gün gələcək, Şuşadan aldığım yüksək zövq, ora ilə bağlı keçirdiyim hisslər, unudulmaz təəssüratlar əsərlərə çevriləcək”. 


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top