Beynəlxalq münasibətlərdə diaspor fəaliyyətimizin ROLU...

DİASPOR 08 iyl 2023, 12:05
44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbə dövlət və xalq birliyinin ən bariz nümunəsi kimi tarix səhifəsində yeni mərhələ açdı. Bu qələbəni bizə iki cəbhədə gedən savaşlar qazandırdı. Biri ön cəbhədə qəhrəman oğullarımızın əldə silah düşmənə qarşı əzmkar duruşu idisə, digəri axra cəbhədə gedən informasiya müharibəsi idi. Bu savaşda qazandığımız tək 30 ildən bəri işğal altında qalan torpaqlarımız olmadı, həm də ictimaiyyətimiz informasiya savaşı kimi yeni qlobal, həm də dinc mübarizənin nə qədər önəmli olduğu gerçəyini dərk etdi. 

Xalqımızın dövlətin hüdudlarından kənarda xarici ölkələrdə düşmənə qarşı apardığı informasiya müharibəsində diaspor təşkilatlarının koordinasiya fəaliyyəti, dəstəyi danılmazdır. Dünya azərbaycanlıların birliyinə, əzmkarlıq və cəsarətinə 2020-ci ilin sərin payız günlərində bir daha şahidlik etdik.
Azərbaycanda diaspor quruculuğu Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə atılmış ilk əməli addımsa Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan edilməsi oldu. 



Hələ 1991-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, dekabrın 31-ni təqvimdə bayram gününə çevirdi. Həmin vaxtdan xalqımız hər təqvim ilinin son gününü sevinc və böyük coşquyla qeyd edir, bayram bayrama qarışır.  

31 dekabrın Həmrəylik Günü kimi qeyd olunması azərbaycanlıların həmrəylik ideologiyasına rəsmi çalar qatdı deyə bilərik. Danılmazdır ki, xalqımızın birlik ənənələrin kökü qədim çağlara dayanır. Tarixə nəzər salsaq bunu sübut edəcək faktların zənginliyini görə bilərik. Yadellilərə qarşı baş vermiş üsyanlar, xalq hərəkatları, müsəlman şərqində ilk demokratik respublikanın qurulması, Sovet zülmünə, ayrıseçkiliyinə qarşı etiraz ruhu və nəhayət əzəli torpaqlarımızın erməni işğalından azad edilməsi dövründə nümayiş etdirilən birlik bu həmrəyliyin nəsillərdən gələn milli şüurla var olması və zaman keçdikcə möhkəmlənməsinin nümunələridir. 

2001-ci ildə Heydər Əliyevin Sərəncamı ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həmrəylik tariximizdə böyük bir prosesin başlanğıcı oldu.  İlk qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etdi.

Lobbiçilik fəaliyyəti ümummilli liderin uğurlu siyasi xəttini davam etdirən İlham Əliyevin də diqqət mərkəzində idi. Bunun həyata keçirilməsi üçün ilk növbədə xarici dövlətlərdə güclü diasporun formalaşdırılması şərt idi. Bunu nəzərə alan Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı.  Bu mühüm fərman həm də lobbiçilik fəaliyyətinin daha da təkmilləşdirilməsini əhatə edirdi. Beləliklə, həmrəyliyimizin ali siyasi-ictimai müstəvidə öz sözünü deməsi üçün tam hüquqi baza yaradılmış oldu. Onu da xatırlatmaq yerinə düşər ki, bu gün həmrəylik yolunda fəaliyyətini davam etdirən Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə yaradılmış “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi”nin varisidir.



Komitə yarandığı gündən milli-mədəni və tarixi irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların vahic cəbhədə təşkilatlanması, Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir çox işlərə imza atıb. Dünyanın müxtəlif ölkələrində təsis edilmiş Koordinasiya şuraları, xaricdəki həmvətənlərimizin istifadəsinə verilmiş Azərbaycan evləri, Qarabağ, Nizami Gəncəvi və Xurşidbanu Natəvanın adlarını daşıyan Azərbaycan dili məktəbləri buna bariz nümunədir. 

Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılması, onun soyqırım kimi tanıdılması diaspor fəaliyyətinin əsas istiqamətlərindən biridir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə başladılan və geniş miqyas alan “Xocalıya ədalət” (Justice for Khojaly) beynəlxalq təbliğat-təşviqat kampaniyasının da bu faciəyə dünya səviyyəsində ədalətli qiymət verilməsində müstəsna rolu var. Bu günə qədər qətliamı soyqırım kimi tam və parlament səviyyəsində dünyanın bir çox ölkəsi, beynəlxalq təşkilatlar, eyni zamanda ABŞ-ın 21 ştatı rəsmi tanıyıb. 

Qeyd olunanlarla yanaşı, diaspor fəaliyyətində müəyyən çatışmazlıqların olduğunu da inkar etmək olmaz. Nəzərə alsaq ki, dövlətimiz hələ gənclik dövrünü  yaşayır hər sahədə olduğu kimi diaspor quruculuğunun da daha çox inkişaf etməyə, təkmilləşməyə və güclənməyə ehtiyacı var.


 
Bu gün dünyanın 50 ölkəsində Azərbaycanın 550 diaspor təşkilatı fəaliyyət göstərir. Onların işinə töhfə vermək məqsədilə 2018-ci ildə Prezident fərmanı əsasında Azərbaycan Diasporuna Dəstək Fondu  yaradılıb. Fondun fəaliyyətinin məqsədi ölkədə həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsi, ölkənin mənafelərinin müdafiəsidir. Fond, həmçinin, dünya azərbaycanlılarının milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyi göstərir. 

Diaspor İnformasiya Mərkəzinin direktoru, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdilinin sözlərinə görə, illərlə formalaşan Azərbaycan diasporunun gücünün, dövlətin diaspor sahəsinə qayğısının nəticəsində ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz Vətən müharibəsi dövründə erməni diasporunu rəzil duruma saldılar:



“Erməni diasporu hər zaman bizdən fərqli olaraq lobbiçiliklə məşğul idi. Avropa, Amerika və digər ölkələrin parlamentlərinin, dövlət qurumlarının qarşısında Azərbaycan və qardaş Türkiyənin əleyhinə böyük aksiyalar keçirirdilər. Vətən müharibəsində isə, bu vəziyyət tamamilə dəyişdi. Azərbaycan diasporu uzun illər avropalıları, amerikalıları, xariciləri aldadan erməni diasporunu ifşa etdi”. 

Toğrul Allahverdili Demokrat.az-a açıqlamasında deyir ki, Azərbaycan əsgəri cəbhədə düşmənə qarşı savaşarkən, diasporu da informasiya savaşında reallıqları çatdırırdı. Bundan əlavə, diaspor Avropada və digər dövlətlərdə orduya dəstək mitinqləri keçirirdi: 

“Hətta bu zaman erməni diasporu, Azərbaycan diasporuna hücum etmişdi, bir neçə soydaşımızı yaralamışdılar. Bununla belə Azərbaycan diasporunu qorxuda bilməmişdilər. Düşmən hər yerdə düşməndir. Həmin an cəbhədə Azərbaycan əsgərinə güllə atan erməni ilə Avropada və ya Amerikadakı erməni arasında fərq yox idi”. 

T.Allahverdili Azərbaycan diasporunun son illər daha çox lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu diqqətə çatdırıb:

“İstər Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən görüşlər, istərsə də xaricdən gələn mühüm şəxslərin komitə tərəfindən qəbul olunması, komitə sədrinin hər ay 3-4 ölkəyə səfər etməsi bunu göstərir.



Azərbaycan diasporu artıq tək azərbaycanlılarla deyil, dost və qardaş ölkələrin diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu gün Türkiyə və Azərbaycan diasporları Avropada, Amerikada bir amal uğrunda yəni, erməni yalanları, vandalizminə qarşı birləşiblər. Bundan əlavə İsrail və Azərbaycan diasporları birgə fəaliyyət göstərir. Bunun da nəticələrini yəni, yəhudi lobbisinin, diasporunun Azərbaycana verdiyi dəstəyi Vətən Müharibəsi zamanı gördük”. 

Çatışmazlıqların olduğunu da inkar etməyən ekspert son olaraq əlavə edib ki, Azərbaycan diasporu fəaliyyətini gücləndirməyə çalışmalıdır:

“Təbii ki, görülməli işlər çoxdur. Müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Artıq informasiya savaşı, siyasi elita arasında diplomatik danışıqlar başlayıb. Bununla bərabər, ermənilər dayanmır, öz çirkin əməllərindən əl çəkmirlər. Biz qarşı tərəfin təxribatlarına hazır olmalıyıq”.

Ekspertin də vurğuladığı kimi, müasir dövrdə beynəlxalq münasibətlərin vacib elementinə çevrilən diaspor quruculuğunun istənilən səviyyəyə çatması artıq zərurətə çevrilib. Bu zərurəti qonşu Ermənistan dövlətinin güclü lobbiçilik ənənələrinə baxdıqda daha aydın görürük. Dövlətin maraqlarını qorumaq, xalqın birliyini nümayiş etdirmək və haqqımız olanı tələb etmək üçün diaspor təşkilatları səylərini gücləndirməli, onlara göstərilən dəstəksə artırılmalıdır. 


Törə Zeynallı
Demokrat.az 


P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda yayımlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 may 2024, 14:32
Top