“Bu şəhərciyə Heydərabad adı verilsin” — Yazıçı Anardan Prezidentə TƏKLİF

MARAQLI 02 mar 2019, 16:56

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.


Demokrat.az xəbər verir ki, həmin tədbirdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev də çıxış edib.

 

O, dövlət başçısına 50 nəfər yaşlı, 20 nəfər cavan yazıçıya Prezident təqaüdünün təyin olunması və ədəbiyyat xadimlərinin digər problemlərinin həll edilməsinə görə minnətdarlığını bildirib.


Anar Şabranda bəstəkarların, rəssamların və yazıçıların yaradıcılıq evinin yaradılması məsələsinə də toxunub və deyib: 


“Mən gedib o yeri görmüşəm. Şabran rayonunda çox səfalı bir yerdir, meşənin içində. Amma böyük bir tala var. Ona görə deyirəm ki, orada ağac da qırılmayacaq, bulaq var, gözəl bir yerdir. Dünən mən Şabran Rayon İcra Hakimiyyətinin başçısı ilə telefonla danışdım, dedi ki, layihə artıq hazırdır. Bəstəkarlar, rəssamlar, yazıçılar üçün üç bina, bir də ümumi bina tikiləcək ki, orada konfrans zalı, poliklinika və dükanlar olacaq. Torpaq və yol işləri qurtarıb. Martda tikinti işləri başlanacaq. Mən Sizə həm Yazıçılar Birliyi adından, həm də icazələri ilə bizim Rəssamlar və Bəstəkarlar ittifaqlarının adından təşəkkürümü bildirmək istəyirəm ki, belə bir nadir şəhərcik yaranacaq.


Bir təklifimi də vermək istərdim. Mən istərdim ki, bu şəhərcik Ulu Öndərimizin şərəfinə Heydərabad adlansın. Çünki bu, həm Heydər Əliyevin Azərbaycan mədəniyyətinə sevgisinin, qayğısının rəmzi olar, həm də Azərbaycanın coğrafi xəritəsində Ulu Öndərin adı ilə daha bir məskən ola bilər”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top