“Nikol Paşinyan danışıqlara gedən deyil” — Sabiq xarici işlər naziri

SİYASƏT 22 fev 2019, 11:20

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların davam etdirilməsi üçün gündəmdə heç bir mövzu yoxdur”.


Demokrat.Az bildirir ki bu sözləri modern.az-a ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərini şərh edərkən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söyləyib. O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarını nəzərə alsaq, ermənilərin danışıqlar davam etdirməyə həvəssiz olduğunu görərik:


“Bu vəziyyətdə tək Azərbaycanın və Minsk qrupunun həmsədrlərinin danışıqları davam etdirmək barədə istəyi yetərli deyil. Ermənistanda gedən proseslər, düşmən ölkənin daxili siyasəti göstərir ki, Nikol Paşinyan danışıqlara gedən deyil. Onun hazırkı məqsədi Robert Koçaryan qruplaşması ilə daxildə mübarizə aparmaqdır. Öz növbəsində R. Koçaryan da həbsxanada olsa belə, xüsusilə Qarabağ mövzusuna aid bəyanatlar səsləndirir. Bu baxımdan hiss olunur ki, həmsədrlərin gəlişinin texniki məqsədi var. Onlar icraçı sədrin yaxın zamanda regiona səfərini təşkil etmək üçün çalışırlar. Rusiya, Fransa və ABŞ-ın Minsk qrupundakı təmsilçilərindən real nəticə gözləmək mənasızdır”.


T. Zülfüqarov xüsusi vurğulayıb ki, həmsədrlər guya hansısa prosesi idarə etdiklərini göstərməyə çalışırlar:


“Hazırda elə təəssürat yaranıb ki, həmsədrlər vasitəçi kimi deyil, sadəcə müşahidəçi qismində prosesdə iştirak edirlər. Minsk qrupunun yaradılması, münaqişənin həlli prosesinin aktivləşdirilməsi, həmsədrlərin fəaliyyəti başlanğıcda ciddi məsələ olsa da, illər ərzində aktuallığını itirib. Hər iki ölkə ictimaiyyəti həmsədrlərin fəaliyyətini artıq ciddiyə almır”.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Xatırladaq ki, bundan əvvəl həmsədrlər İravanda rəsmi səfərdə olublar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top