"Ermənistandakı referendum Zəngəzurun taleyini həll edə bilər" — Politoloq

SİYASƏT 18 fev 2019, 14:58

"Rusiya ilə Belarusun münasibətlərindəki müəyyən aspektlər hətta ən pessimist Qərb ekspertlərinin diqqətini cəlb edib. İndi Avropada hamı inanır ki, Belarus öz müstəqilliyini qorumaq uğrunda mübarizə aparmaq yolundadır. Rusiyanın yuxarı dairələri təkzib etsələr də  Putinlə Lukaşenkonun Soçidə bir günlük görüşündən sonra bəlli oldu ki, həqiqətən Rusiya ilə Belarusun İttifaq dövlətinin yaradılması istiqamətində addımlarını intensivləşdirmək niyyətləri var".


Demokrat.az xəbər verir ki, bu fikirləri politoloq Mübariz Əhmədoğlu bildirib.


Onun sözlərinə görə, vaxtilə ittifaq dövləti yarananda ilk olaraq o dövlətə qoşulanlar sırasında Ermənistanın da adı çəkildi: “İndi Ermənistanın “müstəqil” siyasəti və ya Rusiyanın tərkibindən kənarda qalması Moskva üçün kifayət qədər ciddi təhlükə yaradır. Kreml bu təhlükələri aradan qaldırmaq üçün konkret addımlar atır: Rusiya Ermənistanın hərbisini öz hərbisinə birləşdirməklə böyük təxribat potensialını neytrallaşdırdı. Geosiyasi baxımdan da vəziyyət belədir. Amma Rusiya Ermənistanın iqtisadiyyatını birləşdirməkdə o qədər də uğur əldə edə bilməyib. Çünki Rusiyanın Ermənistan istiqamətində qurduğu bütün iqtisadi körpüləri Paşinyan yandırdı. Rusiyanın təsirindən çıxmaq üçün Ermənistan təkcə Qərb və İranla deyil, o cümlədən Çinlə də danışıqlar aparmağa başlayıb. İqtisadiyyatının vacib seqmentlərini, xüsusilə AES-nin tikilməsini Çinə tapşırmaq istəyir”.


M. Əhmədoğlu deyib ki, Rusiyada “məxməri inqilab” etmək üçün Ermənistanda təlim məşq toplantıları başlayıb və bu işin də başında Paşinyanın dayandığı təəccüblü deyil: “Paşinyan Rusiyada liberal müxalifətin lideri N.İsayevlə görüşüb, əməkdaşlıq platforması yaratdı. Məhz bu platforma vasitəsilə Qərb Rusiyanın daxilində özünə ciddi rıçaq əldə edəcək”.


Politoloqun dediyinə görə, Rusiya hər gün nadinc uşaq kimi Ermənistanın əlinin üstündən vura bilməz, onu etmə, bunu etmə-deyə bilməz: “Ona görə Rusiya Ermənistan istiqamətində fundamental addımlar atdı. Rusiya və Belarus prezidentlərinin verdiyi bəyanatın daha vacib ünvanı məhz Ermənistandır. Bu  istiqamətdə çoxdan görülən hazırlıqlar yəqin yenidən başlanacaq. Ermənistanın Rusiyanın tərkibinə daxil olması üçün vaxtilə hətta referendum qrupları da yaradılmışdı”.


Ekspert bildirib ki, yalnız Rusiyanın tərkibinə daxil olduqdan sonra Ermənistanın anti-Rusiyaçılığı tamamilə neytrallaşdıra bilər.


“Kreml Ermənistanı Rusiyanın tərkibinə daxil edirsə “Gülüstan” və “Türkmənçay” müqavilələrindəki dövr yada düşür. Çar Rusiyasının tərkibində “Ermənistan” yaradılarkən Zəngəzurda azərbaycanlılar məskunlaşmışdı və mahal olaraq müstəqil idi, İrəvan xanlığına tabe deyildi. Beləliklə Ermənistandakı referendum Zəngəzurun da taleyini həll edə bilər. Zəngəzur Azərbaycana qayıtdıqdan sonra Ermənistanın geosiyasi destruktiv aktivliyinə son qoyulacaq”, - deyə politoloq Mübariz Əhmədoğlu vurğulayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top