"Yenə aranı qarışdırıb qeyri-sabit vəziyyət yaratmaq istəyirlər" - Baş redaktor

TƏHLİL 28 yan 2019, 11:28

Dünyada baş verən istənilən ictimai-siyasi prosesin iştirakçısı xalqdır. Xalqın iradəsindən kənar baş verən heç bir hadisənin effekti olmur. Çünki seçkili siyasi sistemlərin idarə olunmasında iki tərəf var: xalq və hakimiyyət. Üçüncü qeyri-leqal tərəf isə müxalifətdir. Müxalifətin idarəçilikdə iştirak hüququ yoxdur, bu qrup yalnız ictimai nəzarət funksiyasını yerinə yetirə bilər. Əlbəttə, müxalifət seçkilərə qatılmaqla parlamentlərdə təmsil oluna, bələdiyyə institutlarına seçilməklə yerli özünüidarə orqanlarında iştirak edə bilərlər. Bütün hallarda yenə də bu onlara dövləti idarə etmək hüququ vermir.

 

Siyasi sistemlər dövlətlərin idarəçilik mexanizmini yaradırsa, hakimiyyətlər də öz növbəsində bu mexanizmlərin müvəqqəti icraçılarına çevrilirlər. Yəni dövlətin bütün məsuliyyəti onu idarə edən hakimiyyətin – daha doğrusu iqtidarın boynundadır.

 

Son illər dünyanın siyasi həyatında hökm sürən qeyri-sabit vəziyyəti bilərəkdən sabit ölkələrlə də “paylaşmaq” istəyirlər.  Təəssüf ki, bir zamanlar bu sabitsizliyi yaşayan ölkələrdən biri də Azərbaycan olub. Müstəqilliyin ilk illərində qeyri-sabit ictimai-siyasi vəziyyətin yaratdığı təhlükədən hər birimiz xəbərdarıq. Nələri yaşamadıq ki?! Vətəndaş müharibəsi, torpaqların itirilməsi, separatizm, acılıq, səfalət və s. Bütün bunların hamısı pis, qeyri-peşəkar idarəçiliyin nəticəsi idi.

 

Əlbəttə, hər dəfə bunları xatırlayanda kimlərinsə xoşuna gəlmir. Daha çox da yaşı 25-dən az olan gəncliyin qınaq obyektinə çevrilirik.  O gənclik ki, onlar 25 il əvvəl yaşananları görməyiblər. Gördükləri müasir, sabit və yaxşısı - pisi ilə günü-gündən inkişaf edən Azərbaycandır. Nə yazıqlar ki, bu şəraiti də bəyənmirlər, “çörəyi dizinin üstündə olanlar” daha ideal cəmiyyətə can atırlar. Haradadır o ideal cəmiyyət: Almaniyanın, Kanadanın, İsveçin mühacir düşərgələrindəmi? Sevindirici məqam ondan ibarətdir ki, bu cür düşünən gəncliyin sayı çox deyil.

 

Bu gün meydanlarda  gördüyümüz insanların böyük əksəriyyəti də 26 il bundan əvvəl hakimiyyətdə olanlar, sabitsizlik dövründə yaşadığımız təhlükələrin səbəbkarlarıdır. Çünki o zaman hakimiyyət onlarda olduğu kimi məsuliyyət sahibi də elə məhz onlar idi. Əlbəttə, deyə bilərlər ki, o zaman ictimai-siyasi vəziyyət başqa şeyləri diktə edirdi, yeni müstəqil dövlətin imkanları məhdud, büdcəsi boş idi, erməniyə rus kömək edirdi və s. Yəni məqsədin hər cür vasitələrə bəraət qazandırması misalı...

 

İndi Milli Şura adlanan qurumda təmsil olunan 1993-cü ilə qədərki iqtidarın dövlət katibi (AXCP sədri Əli Kərimli) yenə hakimiyyət istəyir. Hansı haqla? Xalq və onun seçdiyi iqtidar deyir ki, bir dəfə sizə etibar etdik, acı nəticəsini illərdir aradan qaldıra bilmirik. Tamam, sizin miras qoyduğunuz problemlərin böyük əksəriyyəti aradan qaldırılıb. Daha doğrusu Qarabağ problemindən başqa hər şey yolunda, iqtidar xalqın daha yaxşı yaşamasına çalışır...

 

Azərbaycan cəmiyyəti 1993-cü ildən hakimiyyətə gələn mövcud iqtidarın dövlətə özündən əvvəlkilərin yaratdığı və qoyub getdiyi problemlərə birgə sahibləndiyini unutmur. Ötən bir neçə ildə çox şeyə nail olunub:  atəşkəs əldə olundu, nizami ordu yaradıldı, beynəlxalq səviyyəli iqtisadi layihələr həyata keçirildi, neft-qaz müqavilələri imzalandı, regionların inkişafı istiqamətində zəruri addımlar atıldı, yollar, körpülər salındı, kənd təsərrüfatı inkişaf etdirildi, fabrik və zavodlar tikildi, korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirildi, işsizliyin səviyyəsi bir neçə dəfə azaldıldı, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.

 

Sadalanan işlər bu gün də davam etdirilir. Əlbəttə, bütün bunlar müharibə şəraitində olan, daxili və xarici düşmənlərlə mübarizə aparan bir ölkədə baş verir.

 

Bu hakimiyyətin ən böyük uğuru 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı almaq, dövlət müstəqilliyini qoruyub saxlamaq, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə bir dəfəlik son qoyulması oldu. Bütün bunlar baş verən zaman indiki müxalifət sadəcə olanları seyr edirdi...

 

İndi də deyirlər qurub-yaratdınız, artıq gedin, biz gələk, sonrasına baxarıq. Sonrası olacaqmı?  Əvvəla, biz özümüz üçün onu aydınlaşdırmalıyıq ki, bu sözü kim və kimlər deyir? O adamlar ki, bu cəmiyyət onların hakimiyyətlərini də, olmayan idarəçilik təcrübələrini də bir dəfə görüb. Əslində normal siyasətçi uğursuzluğunu qəbul edib ötən müddət ərzində başqa işin qulpundan yapışmalı idi. Amma bunların görə biləcəyi başqa iş də yoxdur. Ağılları kəsən zamanlarda imperiya dağıldı, bütün ittifaq ölkələri ilə bərabər Azərbaycan da müstəqillik əldə etdi, bunlar da hakimiyyətə gəldi. Amma çox keçmədi ki, elə gəldikləri kimi də getdilər.

 

O zamandan düz 26 il keçib, heç bir işin qulpundan yapışmayıblar. Amma insafən yaxşı yeyib-içib, geyinib-keçinib, bir sözlə pis yaşamayıblar. Bütün bu təminatı necə əldə ediblər, daha orası ilə işimiz yoxdur.

 

Ötən müddətdə əllərindən yalnız danışmaq, kiçik bir qrupa xitab etmək gəlib. Son zamanlar imdadlarına sosial şəbəkələr çatıb. Bu platformalar olmasaydı unudulub gedəcəkdilər. İndi “virtual küçə”də siyasi mədəniyyətsizlik nümayiş etdirir, insanları bir-birinə  söydürür, vətəndaş itaətsizliyinə səsləyirlər. Arada da bir sosial bazalarını yoxlamaq üçün mitinq keçirirlər. Artıq 26 ilə yaxın bir müddətdə 260 dəfə mitinq keçiriblər. Olmur, alınmır yəni, güc deyil ki?

 

Amma bunu düşünmürlər, yenə aranı qarışdırıb qeyri-sabit vəziyyət yaratmaq istəyirlər. Bu da mümkünsüzdür. Hələ də anlamırlar ki, bu xalq heç vaxt dibi görünməyən quyuya ip sallamaz...


"Azadinform" informasiya agentliyinin Baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü
Niyaz Niftiyev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top