"Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında böyük sülh razılığı əldə olunacaq" - Söyün Sadıqov

SİYASƏT 19 yan 2019, 17:56
"Robert Köçəryan və Serj Sarkisyan hakimiyyətdən getdiyi üçün Dağlıq Qarabağ probleminin həllində böyük imkanlar yaranıb".

Demokrat.Az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov bildirib.  

S.Sadıqov deyib ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan dövlətləri arasında böyük sülh razılığı əldə olunacaq:

"İndiyədək bu münaqişənin həllinə Robert Köçəryan və Serj Sarkisyan hakimiyyətləri ciddi mane olurdular. Çünki bu şəxslər hakimiyyətə Qarabağ kartı üzərindən gəlmişdilər. Ümumiyyətlə, Qarabağ münaqişəsi yeni yaranan zaman bu şəxslərin heç bir Ermənistan vətəndaşları olmayıb. Onlar Azərbaycan vətəndaşları idilər. Sadəcə olaraq ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ dağıldıqdan sonra bu ittifaqdan ayrılan ölkələrdə xaos hökm sürürdü, hər kəs prezident olmaq arzusuna düşmüşdü. Həmin dövrdə Roberty Köçəryan və Serj Sarkisyan da Qarabağda separatçılıq etməklə xalqları bir-birinə düşmən etdilər. Bunun nəticəsində də onlar hakimiyyətə gəldilər. Əgər Qarabağ problemi olmasaydı, nə Sarkisyan, nə də Köçəryan hakimiyyətə gələ bilməzdi".

Azərbaycanlı oliqarx qeyd edib ki, Ermənistanın indiki rəhbəri Nikol Paşinyan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maraqlıdır:

"Təkcə Paşinyana qalsa, günü bu gün işğal altında olan torpaqları geri qaytarar. Ancaq buna Ermənistan xalqını hazırlamaq lazımdır. İndi Nikol Paşinyan belə məqamın yaranmasını gözləyir. İndi Ermənistanın nə baş naziri, nə də prezidenti Dağlıq Qarabağ probleminin müharibə yolu ilə həllini istəmir. Onlar gözəl bilirlər ki, regionda uzun müddət  Azərbaycanla münaqişə şəraitində yaşamaq mümkün deyil. Bu səbəbdən də Ermənistan regionda Gürcüstan kimi Azərbaycanın inkişafından yararlanmaq istəyir. Paşinyan qərbpərəst siyasətçi olduğu üçün Qərbə inteqrasiya yolunu tutub. Ermənistanın Qərbi inteqtasiyası isə Azərbaycan dövləti ilə yaxşı əlaqələrin qurulmasından keçir. Bunu Ermənistan xalqı da artıq dərk edir. Ona görə də hesab edirəm ki, yaxın vaxtlarda Qarabağ problemi həllini tapacaq. Necə ki, ötən əsrin əvvəllərində də erməni və Azərbaycan xalqları arasında müharibələr olub, amma sonradan SSRİ dövründə iki xalqın münasibətləri normallaşıb. İndi də bu belə olacaq. Bunun üçün müəyyən zaman lazımdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top