"Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini kriminal pullar təşkil edir" — PA-nın şöbə müdiri

SİYASƏT 12 yan 2019, 23:42
"Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi kimi, Ermənistan tərəfindən açıq şəkildə “konyak diplomatiyası” həyata keçirilir. Bu yolla Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası, həmçinin bəzi Qərb ölkələrinin qanunverici orqanlarındakı korrupsioner siyasətçilər ələ alınır və həmin şəxslər tərəfindən də Azərbaycana qarşı iyrənc şəkildə şər-böhtan və saxta məlumatlar əsasında təxribat həyata keçirilir".

Demokrat.Az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

Bununla bağlı bir nümunəni qeyd edən şöbə müdiri deyib:

“Kriminal rejim tərəfindən 2017-ci ildə Ermənistanda keçirilmiş parlament seçkilərini müşahidə edən sözügedən təsisatların müşahidəçiləri yekun hesabatlarında seçkilərdə fundamental azadlıqların təmin olunduğunu iddia edirdilər. Həmin seçkilərdə kriminal xunta rejiminin nümayəndələri 50 faizdən çox səs almışdılar, son parlament seçkilərində isə 5 faiz səs belə yığa bilmədilər. Ermənistan xalqı sonradan həmin kriminal xunta rejimini siyasi səhnədən biabırçı şəkildə rədd etdi. Mənzərə tam aydın olur ki, sözügedən təsisatlarda təmsil olunan bir çox siyasətçilər Ermənistanın kriminal rejimi ilə müəyyən maddi maraqların, yəni, “konyak diplomatiyası”nın müqabilində şərik olaraq seçkilərin saxtalaşdırılmasında iştirak edir, sonra saxta hesablarla ona “demokratik” don geyindirirlər. İndi hansı əsasla həmin şəxslər demokratik dəyərlərdən danışırlar? Kriminal xunta rejiminə bu kimi hesabatlarla legitimlik verən həmin siyasətçilərin bir qismi hələ də sözügedən təsisatlarda təmsil olunmaqda davam edirlər. Brüsseldə Serj Sarkisyanla bir masa ətrafında oturub siyasi xarakterli kriminal əməlləri müzakirə edən, kriminal xunta rejiminin seçkilərini dəstəkləyən, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən Avropa Parlamentinin üzvləri Yaroslav Stetina və Frank Engel kimi siyasətçilər indi hansı mənəviyyatdan danışa bilərlər? Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini isə kriminal pullar təşkil edir. Burada kriminal fəaliyyətlə siyasi lobbizm bir-birini tamamlayacaq şəkildə inkişaf edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top