Professorun plagiatlığa HAQQ QAZANDIRMASI — Vasif Həsənli YAZIR

TƏHLİL 11 yan 2019, 11:31

Saytımızın plagiat faktları aşkar etdiyi “İzahlı dilçilik terminləri lüğəti”  (müəllifləri Sayalı Sadıqova və başqaları) ilə bağlı qalmaqallar davam edir. Biz AMEA-nın Dilçilik institutu Elmi Şurasının qərarı ilə və həm də dövlət vəsaiti hesabına çap olunmuş 900 səhifəlik bu kitabda  plagiat faktını konkret nümunələrlə göstərmişik, lüğəti hazırlayanların hansı kitablardan eynilə köçürdüklərini yazmışıq. 


Qeyd etmişik ki, “müəlliflər” köçürməyə o qədər aludə olublar ki, hətta terminlərin izahı ilə bağlı verilmiş misalları belə dəyişməyiblər. Məsələn, SSRİ, Lenin və başqa sovetizmlərin kitabda geniş yer alması sübut edir ki, lüğət üzərində heç bir yaradıcılıq işi aparılmayıb, sadəcə, mexaniki köçürmə baş verib. Buna görə də ölkənin tanınmış dilçi alimləri, o cümlədən professor Fəxrəddin Veysəlli və filologiya elmləri doktoru İdris Abbasov kimi nüfuzlu dilçilər bu lüğətin plagiat olmasını təsdiqləyiblər. 


Bu yaxınlarda  həmin lüğətin köçürüldüyü daha bir mənbə də aşkar edilib. Məlum olub ki, Sayalı xanımın komandası M.İ.Adilov və A.Paşayevin müəllifi olduqları “ Azərbaycan onomastikası” (Bakı, Nurlan: 2005) kitabından da bir çox səhifələri olduğu kimi öz lüğətlərinə köçürüblər. Bu faktın növbəti dəfə qınağa səbəb olmaması üçün zirək tərpənən institut rəhbərliyi 80 yaşlı Aydın Paşayevdən yazılı izahat (həm də bir növ halallıq) alıb və mətbuata verib ki, guya bu kitabdan köçürməyiblər. 


Əldə etdiyimiz məlumata görə, nə qədər paradoksal olsa da, AMEA-nın Dilçilik institutu biabırçı plagiat faktını etiraf edib kitabı yenidən işləmək əvəzinə plagiat faktını ört-basdır etməyə, “Lüğətdə plagiat olmur” (?!) kampaniyasına başlayıb. İnstitutun bütün əməkdaşlarına professor Sayalı Sadıqovanın lüğətini müdafiə etmək tapşırığı verilib. 

Mətbuatdakı açıqlamalar göstərir ki, plagiat faktını bilən və elmi vicdanı olan həqiqi alimlər biabırçı lüğəti müdafiə etməkdən çəkinirlər.  Onlar ən yaxşı halda “plagiat barədə mətbuatdan xəbər tutmuşam,  kitabla tanış deyiləm, görmədiyim kitab haqda danışa bilmərəm" kimi canqurtaran ifadələrlə yaxalarını kənara çəkirlər.

 

 

Amma plagiat kitabın qızğın müdafiəçiləri də var. Bu məsələdə 900 səhifəlik kitabın dövlət vəsaiti hesabına çap olunması barədə əmr vermiş institut direktoru, adademik Möhsün Nağısoylu öndə gedir. O, kitabın plagiat olduğunu söyləyənləri qərəzçilikdə ittiham edib.  Alim adının məsuliyyətini unudan institutun  şöbə müdirləri, professorlar Mayıl Əsgərov və İsmayıl Məmmədli isə birmənalı şəkildə israr edirlər ki, kitabda heç bir plagiat yoxdur. Özünə “qocaman” lüğətçi deyən professor İsmayıl Məmmədli (sonuncu və biabırçı “Orfoqrafiya lüğəti”nin redaktoru) isə bir az da qabağa gedərək “Plagiat elmi əsərdə, monoqrafiyada olar. Lüğətdə plagiat söhbəti ola bilməz” (?!) deyib.  


Biz Dilçilik institutunun gənc və “qocaman” professorlarına xatırladırıq ki,  Azərbaycan Respublikası Müəllif Hüquqları agentliyi 2003-2012-ci illərdə 30 nəşrin plagiat olması faktını aşkarlayıb. Onlardan 2 ədədi lüğət olub. Qəribə deyilmi? Ölkənin nüfuzlu bir qurumu iki lüğətin plagiat olmasını elan edir, Dilçilik institutunun rəhbərliyi isə “İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olmasını ört-basdır etmək üçün “lüğətdə plagiat olmur” kimi qeyri-elmi tezislərlə özlərini gülüş hədəfinə çevirirlər. 


Ay alimlər, necə yəni lüğətdə plagiat olmur? Siz Azərbaycan dilçilik elmini niyə bu səviyyə ilə təmsil edirsiniz?


Vasif Həsənli
Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top