Pambıq yığımı zəif olan rayonların adları açıqlandı

İQTİSADİYYAT 02 noy 2018, 09:35

Neftin qiymətinin dünya bazarlarında kəskin dəyişməsi qeyri-neft sektoruna marağı artırıb. Artıq ölkəmizdə də bu sektorun inkişafı prioritet məsələyə çevrilib.

 

Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi prioritet sahə hesab edilə bilər. 

 

Pambıqçılığın inkişafının ölkəyə əhəmiyyətli dərəcədə valyuta gətirməsi təcrübəsi var. Bu gün pambıq istehsalında tanınan ölkələrdən olan Özbəkistan büdcəsində bu sahənin inkişafının xüsusi payı var. Belə ki, Azərbaycanda Neft Fondu olduğu kimi, Özbəkistanda da Pambıq Fondu var.

 

Ölkəmizin sosial və iqtisadi inkişafında bu bitkinin zaman-zaman xüsusi əhəmiyyəti olub. Pambıqçılığın inkişaf etdirilməsi kənd əhalisinin daimi işlə təmin olunmasında, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, pambıq digər dənli taxıl, tərəvəz, bostan bitkiləri üçün əlverişli sələf bitkisi hesab olunur.

 

Prezident İlham Əliyev tərəfindən son son illər pambıqçılığın ikişafı ilə bağlı qəbul olunan qərar və sərəncamlar bu sahəyə maraq və diqqəti daha da artırıb. Ötən il ölkə başçısı rayonların birində keçirdiyi müşavirələrdə yaxşı və zəif pambıq yığan rayonların adlarını açıqlamışdı. 

Görəsən bu il pambıq yığımında vəziyyət nə yerdədi?

 

Modern.az məsələnin aktuallığını nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərib.

 

Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev saytımıza açıqlamasında bildirib ki, bu günə kimi respublika üzrə 188 min ton pambıq tədarük olunub. Bu rəqəm 2017-ci illə müqaisədə təxminən 35 min ton çoxdur. 


“Nəzərə alaq ki, keçən il 136 min hektardan çox pambıq əkilmişdi, bu il isə 132,5 hektar pambıq əkilib. Yəni keçən illə müqaisədə 4 min hektar az pambıq əkilib. Ötən illə müqaisədə əkin az olsa da, 35 min tondan çox pambıq yığılıb. Buna müvafiq olaraq, biz pambıq əkən rayonlardan qrafik almışıq. Yəni gündəlik hansı rayonlarda nə qədər pambıq yığıla bilər. 
Bizə göndərilən qırafiklərə baxanda bəzi rayonlarda yığım 100 faiz olur, bəzilərində isə bu, 10-15 faiz az. Bunun da müxtəlif səbəbləri var. Bildiyimiz kimi.  bu ildən bizdə pambığın 75-80%-i texnika vasitəsilə yığılır. Burda proses belədir ki, dərman vurulur, yarpaqlar tökülür və açılışın ən azı 80%-ə çatması gözlənilir və ondan sonra maşın sahəyə buraxılır. Kənd Təsərüfatı Nazirliyinin rəhbərliyinin xüsusi diqqəti əsasında pambıq əkən rayonlarda yığımla bağlı hər hansı bir problem yoxdur”. 

 

Nazirlik rəsmisi Ucar rayonundan başqa digər rayonlarda pambıq emalı zavodunun tikilməsinin nəzərdə tutulmadığını deyib:

 

“Ola bilsin ki, gələcəkdə ölkə başçısı tərəfindən bununla bağlı hər hansı bir addım atılsın. Amma yaxın gələcəkdə Ucarda tikiləcək zavoddan başqa hər hansı yerdə pambıq zavodunun tikilməsi planımızda yoxdur. Hazırda Ucarda pambıq toxumu və pambıq yağı emal edən zavodun tikintisi həyata keçirilir. Onların da açılışı yaxın zamanlarda olacaq”.

 

Pambıq yığımında aktiv və zəif olan rayonların adlarına toxunan şöbə müdiri deyib ki, hər bir regionun torpaq, iqlim şəraiti var:


“Hava şəraiti ilə əlaqadar olaraq bəzi rayonlarda bu iş bir az sürətli, bəzilərində isə zəif görülür. Ümumən isə deyə bilər ki, respublika üzrə Ucar, Ağsu, Hacıqabul rayonları pambıq yığımında digər rayonlardan geri qalırlar. Digər rayonlarda isə yığım demək olar ki, 100% faiz həyata keçirilib”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top