Cenevrə görüşündən öncə cəbhədə nə baş verdi?

TƏHLİL 30 okt 2020, 15:46

Müharibə kilid mərhələyə keçib: Şuşa və Xankəndinin təmizlənməsi. Ermənilər ordumuzun Şuşanın 5-7 kilometrliyində çatdığını etiraf edir, Xankəndidə hərbi obyektlərin vurulması artilleriya atışı məsafəsindədir.

 

Və cəbhədə müharibənin şəhər döyüşünə keçdiyi ərəfədə Cenevrədə Qarabağ görüşünə hazırlıq gedir: bu gün xarici işlər nazirləri həmsədrlərin iştirakı ilə İsveçrə torpaqlarında “danışıqlar” aparacaq.
 

Bu görüşün əsgərimizin “yaydan çıxmış oxunun” qarşısını ala bilməyəcəyi bəllidir, Prezidentin dediyi kimi, “28 ildə belə mənasız danışıqlar çox olub, biri əskik, bri artıq, fərq etməz”.
 

Hərçənd, diqqətçəkən məqam dünənə planlaşdırılan Cenevrə görüşünün bugünə keçirilməsi, daha doğrusu, niyə bir gün uzadılmasıdır?
 

Bakı bir günlük təxirəsalma ilə taktiki gediş edir. Çünki danışıqlar masasına oturmamışdan öncə cəbhədə iki addımdan biri edilməlidir.
 

Birincisi, cənub cəbhəsi ilə şimal cəbhəsinin birləşməsi: bu, işğal olunmuş torpaqların Ermənistanla sərhədboyu xəttinin azad edilməsidir. Müharibə başa çatmasa belə, dövlət sərhədinin indiki məqamda azad edilməsinin hərbi və siyasi əhəmiyyəti var. 
 

Hərbi: iki cəbhənin birləşməsi – çəmbərin tamamlanması ilə Qarabağdakı erməni qüvvələrlə Ermənistanın əlaqəsi kəsilir və mühasirəyə alınan düşmənə üç seçim verilir: ya əraziləri tərk et, ya təslim ol, ya da məhv ediləcək.
 

Siyasi: iki cəbhənin birləşməsi Azərbaycanın Ermənistanla dövlət sərhədinin tam azad edilməsi deməkdir. Bununla:
 

- Azərbaycan BMT tərəfindən tanınmış sərhədlərini bərpa edir;
 

- Ermənistanın Qarabağa edəcəyi hücum artıq İrəvanın 30 ildir iddia etdiyi “separatçı rejimlə müharibə” kimi yox, iki ölkə arasındakı toqquşma olacaq;
 

- Qarabağ atılacaq istənilən raketin Azərbaycan ərazisinə atıldığını beynəlxalq hüquqa istinadən qəbul etdirmək asanlaşacaq;
 

- Və Ermənistanın Azərbaycan ərazisinə raket hücumları çətinləşəcək. İşğalçı indiyə qədər raket hücumları ilə Bakının bunu etməsini və KTMT-nin prosesə qoşulmasına əsasın yaranmasını istəyirdi. Azərbaycan Rusiyanın müdaxilə riskinə qarşı dövlət sərhədini bərpa etmədən buna getmir. Lakin dövlət sərhədinin azad edilməsindən sonra cavab zərbəsinin endirilməsi imkanı genişlənəcək və bu, Rusiya üçün riskli vəziyyət yaradacaq. Çünki ruslar müdaxilə edərsə, Türkiyə də prosesə qoşula bilər və Moskva bunu istəmir. Ərdoğanın Putinə dediyi “qırmızı xətt” də məhz bu idi. 
 

İkincisi, masaya oturmamışdan öncə Qarabağın mənəvi, həm də strateji açarı sayılacaq Şuşanı azad etmək. Ermənilərin “Azərbaycan ordusu Şuşaya çatıb” açıqlamaları iki mühüm addımdan – dövlət sərhədinin bərpa edilməsi, yaxud Qarabağın açarının düşməndən alınması – ikincisinin daha yaxın olduğu ehtimalını gücləndirir.
 

Azərbayca masaya Şuşanın tam azad olunması, ən azından mühasirəyə alınması ilə əyləşərsə, bu, işğalçının, həm də həmsədrlərin əvvəlki sülh planlarını irəli sürməsininin qarşısına sədd çəkir. 
 

Prezident son çıxışında “vasitəçilər 5 rayon deyirdi, 4-ü artıq bizdədir, bundan sonra nə edəcəklərini fikirləşsinlər” açıqlaması Bakının indiyə qədər mövcud planları masadan yerə endirdiyi deməkdir, amma həm də dövlət başçısının bunu xalqa açıqlaması həmsədrlərin məhz əvvəlki planlar üzərində israr etdiyini də göstərir. Xalqa son müraciətində Prezident buna işarə vururdu və mümkün təhlükələrə qarşı cəbhədə mövqelərin irəli çəkilməsi gedişi edildi.
 

Bunun nə olduğunu yalnız ehtimal etmək mümkündür, lakin Cenevrə görüşünün vaxtının bir gün uzadılması belə ehtimalları gücləndirir.
 

O ehtimal da istisna deyil ki, Prezident görüşdən öncə xalqa yeni və siyasi masada danışıqlara təsir edəcək müjdə versin, ilk Moskva görüşündən öncə Hadrutun azadlığını elan etdiyi kimi...
 

Asif Nərimanlı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top