"Suriyadan gələn xarici muzdlular barədə məlumatlar dezinformasiyadır" — Ceyhun Bayramov

SİYASƏT 29 okt 2020, 19:33

Dağlıq Qarabağda Suriyadan gələn xarici muzdlular, yaxud silahlılar haqqında məlumatlar dezinformasiya və “fake”dir.

 

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə açıqlamasında belə deyib.

 

Onun sözlərinə görə, Suriyadan gələn xarici muzdlular və ya silahlılarla əlaqəli hekayələr bəzi ölkələr tərəfindən yayılmış dezinformasiya nümunələridir.

 

“İndiyə qədər bu “fakenews”ları yayanlar tərəfindən heç bir dəlil irəli sürülməyib. Neçə ildir ki, demoqrafik böhrandan əziyyət çəkən və ölkənin silahlı qüvvələrini doldura bilməyən Ermənistandan fərqli olaraq Azərbaycan peşəkar və güclü, tam təchizatlı silahlı qüvvələrə malikdir. Ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün xarici qüvvələrə, o cümlədən qeyri-qanuni birləşmələrə ehtiyacı yoxdur”, - deyə o qeyd edib.

 

Eyni zamanda o bildirib ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin işğalı zamanı hərbi əməliyyatlarında terrorçu qrupların və muzdluların istifadəsi ilə bağlı Bakının bir çox faktı var.

 

“Bizdə PKK (Kürdüstan Fəhlə Partiyası - red.) terrorçularının, həmçinin Avropadan və Yaxın Şərqdən gələn ermənilərin Ermənistan tərəfində döyüşdüyünə dair bir neçə mənbəyə əsaslanan etibarlı kəşfiyyat məlumatlarımız var”, - deyə Azərbaycan XİN rəhbəri vurğulayıb. /Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top