"Gedirik Tərtərə, atırlarsa qoy atsınlar..." — Prezidentin köməkçisi Ermənistana SƏSLƏNDİ

GÜNDƏM 29 okt 2020, 13:19

Azərbaycan erməni təxribatlarına qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır, amma biz mülki əhaliyə qarşı savaş aparmırıq.


Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev düşmənin dünən raket atəşinə tutduğu Bərdə şəhərində sakinlərlə görüşündə deyib.


Onun sözlərinə görə, Azərbaycan ancaq hərbi hədəflərə qarşı döyüşür:


“Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir. Torpaqlarımız işğaldan azad ediləcək. Düşmən döyüş meydanından şərəfsizcəsinə qaçır. Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq. Xocalı soyqırımını törədənlərin də çoxunun döyüş meydanında cavabı verilib”.


H. Hacıyev bildirib ki, bu, bir daha Ermənistanın əsl simasını göstərir: "Onların gücü yalnız qadınlara, uşaqlara çatır. Bura Bərdənin mərkəzidir. Burada hərbi obyekt yoxdur. Şəhərin mərkəzinə 5 "Smerç" raketi atanın məqsədi başqa nə ola bilər? Bu, hərbi cinayətdir. Bu cinayəti törədən də Ermənistanın baş naziri Nikol Paşinyandır. Baş verənlərə baxmayaraq, Bərdədə insanlarımız Prezidentimizin yanındadırlar. İndi gedirik Tərtərə. Atırlarsa qoy atsınlar..."


Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar...


Hikmət Hacıyev əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı Xarici İşlər naziri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə və digər beynəlxalq təşkilatlara məlumat verilib.


Onun sözlərinə görə, bu hadisə Vaşinqtonda keçirilmiş görüşdən sonraya təsadüf edir: “Qarşıdan Cenevrə görüşləri gəlir. Həmin görüşlərdən öncə Ermənistan tərəfindən növbəti dəfə xəyanətkar, alçaq və şərəfsiz hücum həyata keçirilib. Bərdə şəhərinin mərkəzində hər hansı bir hərbi məntəqə yoxdur. Onların ancaq gücü mülki insanlara çatır. Onların məqsədi mülki insanlar arasında qətlə səbəb olmaqdır. Ancaq bunlar Azərbaycan xalqını qorxutmur. Əgər onlar düşünürlər ki, bununla Azərbaycan xalqının əzmini sındıra bilərlər, yanılırlar. Əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar. Döyüş meydanından şərəfsizcəsinə qaçırlar. Gücləri ancaq raket atmaqla qadın və uşaqlara çatır. Biz onları iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq”.


"Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"


Prezidentin köməkçisi deyib ki, Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Xocalı soyqrımını törədənlərin cavabını verir.


Onun sözlərinə görə, artıq qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb: “Digərləri də öz payını alacaqlar”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top