Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vəzifəli şəxslərinin şok cinayətləri — Kimlər günahkardır?

KRİMİNAL 28 okt 2020, 10:06

Bakıda dələduzluq etməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Səyavuş Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Səyavuş Qasımov özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Anar Ələkbərovun ümumilikdə 55000 manat müqabilində Mərdəkan qəsəbəsi və Dübəndi qəsəbəsində boş torpaq sahələrini özəlləşdirib, çıxarış almağı vəd edib. O, 23 dekabr 201 7-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət" mərkəzinin inzibati binasının yaxınlığında 55000 manat pulu zərərçəkmiş şəxsdən alıb.


Daha sonra Siyavuş Ələkbərov Anar Ələkbərov və Emin Musayevə məxsus Mərdəkan qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin özəlləşdirilib, sonradan sataraq həmin pulu geri qayatarılacağına və əlavə 5000 manat gəlir əldə ediləcəyini vəd edib. O, 13 aprel 2018-ci il tarixdə “Qafqaz'' oteldə 65000 manat pulu alıb.


Daha sonra Siyavuş Qasımov Emin Bayramov və Fərid zalova qarşı da dələduzluq edib. O, həmin şəxslərə məxsus olan boş torpaq sahələrinə sənəd düzəldəcəyini vəd edib, amma vədinə əməl etməyərək dələduzluq edib.


Belə ki, Səyavuş Qasımov dələduzluq edən zaman özünü Dövlət Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşı kimi təqdim edib.


İstintaq orqanı tərəfindən Səyavuş Qasımovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səyavuş Qasımov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.


Səyavuş Qasımov qeyd edib ki, Anarı təxminən 2015-ci ildən tanıyır: “Həmin vaxt Anara Abşeron rayonunda yerləşən torpaq sahəsinin özəlləşməsi ilə bağlı köməklik etmişəm. O vaxtdan da etibarən Anarla münasibət saxlamışam. Anarla aramızda olan pul söhbətinin məbləği 92000 manat təşkil edib və həmin məbləğin 10000 manat pulunu 2018-ci ilin iyul avının 17-də qaytarmışam. Həmin pulu Anardan borca almışdım. Ərizədə qeyd olunan Emin Musayevi ümumiyyətlə tanımıram, zərərçəkmiş Emin Bayramovu isə Anarın yeznəsi olduğu üçün onunla bir neçə dəfə Anarın məsələsi ilə bağlı görüşmüşəm. Həmin pulu Anardan faizə borca almışdım. Bu barədə aramızda 2018-ci ilin təxminən iyun ayında qəbz də tərtib olunaraq imzalanmışdı. Tərəfimdən həmin pulu borca almağımı həmin müqavilənin bir daha təsdiq edirəm. Anarla aramızda torpaq sahələrini özəlləşməsi ilə bağlı heç bir razılaşma olmayıb. Mənə verilən bu ittiham şərdir”.


Siyavuş Qasımov qeyd edib ki, Mərdəkan qəsəbəsində yerləşən 6 sot torpaq sahəsinin özəlləşməsinə görə 65000 manat pulun onun tərəfindən ələ keçirilməsi də yalandır, bunu Anar həmin borcun məbləğini şişirmək üçün bildirib.


O, zərərçəkmiş Fərid Zalovla bağlı olan ittihamı etiraf edib. Bildirib ki, ehtiyacları olduğu üçün xərcləyib, lakin buna baxmayaraq həmin puldan 10000 manatını bir, 7000 manat bir, 4000 manat bir geri qaytarıb.


Zərərçəkmişlər ifadəsində bildiriblər ki, Siyavuş Qasımov özünü komitənin əməkdaşı kimi təqdim edib, pulu alan zaman əmlak komitəsinin vəzifəli şəxsləri ilə bu işləri həll edəcəyini vəd edib.


Zərərçəkmiş Anar Ələkbərov deyib ki, Siyavuş Qasımov onu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsinin adını xatırlamadığı mühəndisi ilə görüşdürüb və bundan sonra mühəndislə birlikdə xəritədə seçdiyi torpaq sahəsinə gedərək sahəyə baxış keçirib.


Bundan başqa, zərərçəkmişlərin ifadəsində bir neçə vəzifəli şəxslərin də adı keçib. Amma məhkəmə iclası zamanı bu faktlar təkzib olunub. Həmin vəzifəli şəxslər ifadələrində Siyavuş Qasımov ilə belə bir faktı müzakirə etmədiklərini söyləyiblər.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Siyavuş Qasımovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 5 il 7 ay 7 gün müddətinə şərti cəza təyin olunub.


Siyavuş Qasımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top