Müslüm Maqomayevin anım günüdür

GÜNDƏM 25 okt 2020, 18:35

Bu gün Azərbaycanın görkəmli opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anım günüdür.


Həyat yoldaşı Tamara Sinyavskaya, azərbaycanlı iş adamı Araz Ağalarov, Azərbaycanın xalq artisti Emin Ağalarov və incəsənət xadimləri Moskva şəhərində bəstəkarın xatirəsinə ucaldılmış abidəni ziyarət edib.


Qeyd edək ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.


19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.


1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib.


1970-ci illərdən həyatını estrada ilə bağlayıb və populyarlıq qazanıb.


Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.


O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır.


1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin Xalq artisti adını qazanıb.


Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də vəfat edib və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.


Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli Sərəncamına əsasən görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top