"Paşinyan Amerikanı münaqişəyə cəlb etməyə çalışır" — Ceyhun Bayramov

SİYASƏT 23 okt 2020, 19:16

“Ermənistan oktyabrın 16-dan 17-nə keçən gecə Azərbaycanın ikinci şəhəri - Gəncəyə SCUD raketləri atıb. Bu hücum insanlar yatarkən həyata keçirilib, yaşayış evləri və günahsız ailələr hədəf alınıb. 14 mülki şəxs həyatını itirib, 40 nəfər ağır yaralanıb”.

 

Demokrat.az APA-ya istinadən xəbər veriir ki, bu, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Washington times” qəzetində yayımlanan məqaləsində əksini tapıb.

 

Nazir bildirib ki, Gəncəyə hücumdan sonra Azərbaycan Ordusu Ermənistan ərazisində atəş üçün hazırlıq vəziyyətinə gətirilən raket komplekslərini zərərsizləşdirib: “Raket komplekslərini məhv etməkdən başqa seçim yox idi. Hərbi qurğuya zərbə vurmaqla uzun mənzilli SCUD-larla günahsız mülki insanları hədəf almaq arasında fərq var. Gəncə işğal altındakı münaqişə zonası Dağlıq Qarabağdan uzaqda yerləşir. Bu, hətta bəzilərinin istədiyi kimi sərhəd mübahisəsi, rəqib qlobal güclər üçün “proksi müharibə” adlandırılıb. Əslində bu, Azərbaycan ərazisindəki müharibədir. Münaqişə Ermənistanın Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal etməsi ilə başlayıb. Gəncənin dəfələrlə hədəfə alınması ilə Ermənistan münaqişə zonasının coğrafiyasını genişləndirməyə cəhd edir”.

 

XİN başçısının sözlərinə görə, Azərbaycanın 20 faiz ərazisinin qanunsuz işğalı ilə nəticələnən 1988-94-cü illər müharibəsindən sonra Azərbaycan torpaqlarının sülh yolu ilə qaytarılması üçün təxminən 30 ildir danışıqlar aparır: “Beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn aliliyinə riayət etməyərək işğalçını sakitləşdirməyə yönəlmiş yanaşma qəbul etməsi məyusedicidir. Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş sərhədləri daxilində ikinci bir Ermənistan dövlətinin - qondarma “Dağlıq Qarabağ Respublikası”nın gələcəyi yoxdur. Bu fikir deyil, faktdır. Bu, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd ardıcıl qətnaməsi ilə beynəlxalq hüquqda təsbit edilib. ABŞ-dan Rusiyaya qədər, hətta Ermənistanın özü də - hər bir ölkə Azərbaycanın ərazi bütövlüyünün qanuniliyini və Dağlıq Qarabağın onun tərkibindəki həll olunmaz yerini tanıyır. Bundan əlavə, Azərbaycan sülh əldə edildikdə Dağlıq Qarabağa mümkün olan ən yüksək muxtariyyət verilməsi barədə öhdəliyini dəfələrlə bildirib”.

 

Nazir qeyd edib ki, separatçılarla danışıqlar aparmağın mənası yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilərlə və bir milyona yaxın azərbaycanlı məcburi köçkünlərin Azərbaycanın ayrılmaz hissəsi kimi eyni torpaqda və sülh içində birgə yaşamaq üçün bir yol tapmaq ehtiyacını qorumaq lazımdır.

 

Bunun mümkünlüyünü vurğulayan C. Bayramov bildirib ki, Azərbaycanda sünni və şiələr, yəhudilər və xristian pravoslavlar, azərbaycanlılar, ruslar, ləzgilər, avarlar, talışlar, gürcülər, saxurlar və başqaları dinc şəraitində yanaşı yaşayırlar: “İşğal olunmuş ərazilərdən kənardakı Azərbaycan ərazisində yaşayan təxminən 30 min erməni Azərbaycanı vətən adlandırır. Azərbaycan nə monoetnik, nə də tək bir dinə sitayiş olunan yerdir. Hələ də, indiki zamanda Ermənistanın hazırkı hökuməti dağıdıcı ritorikasını saxlamağa davam edir. Moskvada baş verən son atəşkəs danışıqları zamanı, onların diplomatı on birinci saatda hər hansı bir razılaşma imzalanmadan əvvəl separatçıların danışıqlar masasına oturmasını israr etdi. Bu, Azərbaycan və ev sahibləri tərəfindən rədd edildi. Hər halda, maliyyələşdiriciləri artıq qarşı tərəfdə oturduğu halda “proksi”lərlə danışmağa heç bir səbəb yoxdur.

 

Ermənistan Baş nazirinin müxalifət liderlərinin və jurnalistlərin həbslərinin kəskin artdığı məqamda ölkə daxilində idarəetmədəki uğursuzluğundan diqqəti yayındırmaq üçün bu addımlarına şübhə etmirik. Münaqişədən əvvəl bu rəhbərliyin seçki vədlərini yerinə yetirmək üçün çətinlikləri sürətlə artmaqda idi. Bu, şahidi olduğumuz qarşıdurmanı genişləndirmək üçün onun motivasiyasıdır. İndi Paşinyan bunu yanlış bir şəkildə mövcudluğa bir təhdid olaraq göstərmək üçün Amerikanı, xüsusilə də ABŞ-da və dünyadakı erməni diasporunu münaqişəyə cəlb etməyə çalışır, sadəcə Ermənistan dövlətini deyil, dünyadakı bütün erməniləri.

 

Azərbaycan Ermənistanla qonşu olaraq sülh və firavanlıq içində yaşamaq istəyir. Bütün ümumi çətinliklərimiz Ermənistanın təcavüzü, işğalı və sülhün mümkün olan yeganə şərtinə riayət etməməyindən qaynaqlanır: onların öz qoşunlarını bizim torpaqlarımızdan çıxarması. Fərqli yaşamağı öyrənməliyik. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bu əsasda bu müharibəyə son qoya bilərik və barışığa gedə bilərik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top