Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin həbs müddəti artırıldı — QƏRAR

HADİSƏ 21 okt 2020, 13:59

Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrının bədii rəhbəri Lütfi Qədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb. 


Demokrat.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub. 


Lütfi Qədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılıb. 


Qeyd edək ki, bundan əvvəl Lütfi Qədirovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

 
İttihama görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan Lütfi Qədirov saxlanılıb. 


Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.


İstintaqla Lütfi Qədirovun Orkestrin hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə, Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.


İstintaq orqanı tərəfindən Lütfi Qədirovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.


Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq şöbəsində istintaq hərəkətləri davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top