Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəli şəxsinin adından rüşvət alındı — İstintaq sənədləri

KRİMİNAL 21 okt 2020, 12:45

Özünü Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəli şəxsinin qohumu kimi təqdim edərək dələduzluq etməkdə təqsirli bilinən Tariel Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tariel Qocayev miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirməyə cəhd edib, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özünün vasitəsilə maddi nemət olan pulu vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini təhrik edib.


Belə ki, o, sahibliyində və istifadəsində olan əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmasında köməklik göstərilməsi ilə bağlı müraciət etmiş tanışına Əmlak Məsələləri Dövlət Komitəsində daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın verilməsi səlahiyyətlərinə malik vəzifədə işləyən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə ona fərdi yaşayış evinin, torpaq sahəsinin dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın verilməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib.


Tariel Qocayev tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmlakına sənəd düzəldəcək şəxsin xeyrinə edəcəyi hərəkətə görə özünün vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan 60.000 manat məbləğində pul vəsaitinin rüşvət kimi verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini vəd edib. Belə ki, o, tanışına Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin “Fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılması barədə” qərarı və həmin tarixli “Torpaqların alqısatqısına dair” aktı əsasında sonuncunun adına sənədləşdirilmiş faktiki olaraq Bilgəh qəsəbəsi, Mir Cəlal küçəsində yerləşməklə, Abşeron rayonunun inzibati ərazisində yerləşən 2198 kv.m torpaq sahəsi, həmin torpaq sahəsində tikilərək Abşeron Rayon İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında akt əsasında istismara qəbul edilmiş ümumi sahəsi 290 kv.m olan yaşayış evi üzərində yaranmış hüquqlarının dövlət qeydiyyatının rəsmiləşdirəcəyinə, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış verdirəcəyinə dair yalandan vəd edib.


Tariel Qocayev görüntü yaratmaq, həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün ondan zəruri sənədlərin əsillərini almaqla görəcəyi işlərdə özünə inam yaradıb, bununla da alınacaq pulun müqabilində həmin məsələlərin həll ediləcəyini yalandan deyib.


Tariel Qocayev 2018-ci ilin sentyabr ayının ortalarında Bakı şəhərində yerləşən “Olimpik star” əyləncə mərkəzinin yaxınlığında həmin tanışına məxsus 10.000 manat, bir neçə gün sonra 2018-ci ilin sentyabr ayının ortalarında istintaqa məlum olmayan gündə isə “Cavanşir” körpüsünün yaxınlığında 50.000 (əlli min) manat alıb.


Daha sonra Rariel Qocayev həmin şəxsin “Whatsapp” ani mətn mübadiləsi mobil əlavəsi vasitəsilə fonoqrafik ismarıc göndərərək qeyd edilən məsələnin həlli ilə əlaqədar həyətyanı sahədə yerləşən tikililərin ölçüsündə müəyyən edilmiş fərqə görə çətinlik yarandığından vəzifəli şəxslərə əlavə olaraq özünün vasitəsilə birbaşa yolla şəxsən maddi nemət olan 2500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirib.


Tanışın isə artıq vəd edilən müddətin uzandığını, hər dəfə yeni bəhanələrin deyildiyini görüb və aldadıldığını başa düşərək həmin məbləği verməkdən imtina edib.


İstintaq orqanı tərəfindən Tariel Qocayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 29,178.3.2-ci (külli miqdarda dələduzluq törətməyə  və 32.4, 312.1-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham elan edilib.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tariel Qocayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.


Tariel Qocayev bildirib ki, onun tanışı, özünü “Əmlak Komitəsi yanında Reyestr Xidməti” nin əməkdaşı kimi təqdim etmiş Fərid adlı şəxs, ona əgər torpaq sahəsinə, evə Reyestr Xidmətindən çıxarış lazım olsa Fəridə müraciət etməsini bildirib. Fəridin digər anket məlumatlarını, soyadını, atasının adını, yaşadığı ünvanı və telefon nömrəsini bilmirəm. Bir neçə dəfə xatırlamadığım tanışlarıma Fərid pul müqabilində həmin sənədləri təşkil etmişdi. Bu barədə müxtəlif tanıdığım şəxslərin məlumatı olub və hərdən mənə müraciət ediblər”.


Təqsirləndirilən şəxsin sözlərinə görə, təqribən 2018-ci ilin sentyabr ayında Mürsəl adlı şəxsin vasitəsilə tanıdığı qohumuna məxsus Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən bağ evi üçün daşınmaz əmlakın dövlət reyesterindən çıxarış düzəldə biləcəyini Əkbər ondan soruşub: “Əkbərə bildirdim ki, bu barədə soraqlaşaram. Bu barədə tək Fəridin, hal-hazırda xatırlamadığım telefon nömrəsinə zəng vuraraq həmin sənədləri düzəldə biləcəyini soruşdum. Fərid 60.000 manat müqabilində sənədi hazırladığını bildirdi. Mən də sənəd düzəltmək istəyən şəxslə tək görüşərək həmin işin 60.000 manata düzəldəcəyimi bildirdim. Bununla əlaqədar həmin şəxslə dəfələrlə görüşdüm və telefon vasitəsilə də danışdım, torpağa və evə aid sənədlərin surətini Əkbərin özündən aldım”.


Tariel Qocayev bildirib ki, 2018-ci ilin sentyabr ayında Fərid işin həll olunması üçün ilkin olaraq 10.000 manat pul lazım olduğunu dediyindən o, Əkbərlə telefon vasitəsilə əlaqə saxlayaraq bu barədə deyib: “Həmin 10.000 manat pulu Əkbərin sürücüsü Bakı şəhəri, Həsən Əliyev küçəsində gətirib mənə verdi. Mən də həmin gün pulu elə həmin ərazidə Fəridə verdim. Təxminən iki həftə sonra Fərid mənə zəng edərək sənədlərin əsillərini və 50.000 manat pulu da istəyib. Mən də bu barədə Əkbərə bildirdim. Əkbərin qohumu Kənan Bakı şəhəri, Xətai rayonu ərazisindəki “Cavanşir” körpüsünün altında yerləşən dayanacağın yaxınlığında mənimlə görüşdü, 50.000 manat pulu və evinə aid sənədlərin əslini mənə verdi. Mən də həmin 50.000 manat pulu Bayıl qəsəbəsində yerləşən köhnə bazarın yaxınlığında Fəridə verdim. Qeyd etmək istəyirəm ki, 60.000 manat puldan 5000 manatı mənim, 5000 manatı isə Fəridin olmalıymış. 50.000 manat pulu isə Fərid guya işin düzəlməsi üçün xərcləməliymiş. Həmin vaxt Fərid mənə çatacaq 5000 manat pulu sonra verəcəyini bildirdi. Bundan sonra Fərid Əkbərin evinin eskiz layihəsini çəkdirdir. Sonradan Fəridlə nə qədər danışsam da, Fərid işin həllinin çətinə düşdüyünü dedi. Fərid bunu onunla izah etdi ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən 2 sot yarım torpaq sahəsinə dair Sabunçu rayon Bilgəh qəsəbəsi Bələdiyyəsinin 2007-ci il tarixli qərarı saxta çıxdı. Buna baxmayaraq, məsələni həll edəcəyini bildirdi. Fərid hər dəfə vaxt lazım olduğunu və uzandığını dedi. Fəridin mənə dediyi yalanları Əkbərə və Kənana öz adımdan demişəm. Nə Əkbər, nə də Kənan işi Fəridin həll etdiyini bilməyiblər. Əkbərlə Kənan elə bildilər sənədləri özüm düzəldəcəm. Bu səbəbdən Fəridlə mübahisə etmişəm və aramızda olan davadan sonra bir daha Fəridi tapa bilməmişəm. Beləliklə özümə faktiki olaraq ziyan dəyib”.


Tariel Qocayevin sözlərinə görə, özü heç yerdə işləməyib: “Fəridlə Mürsəlin işlətdiyi restoranda olanda söhbət əsnasında Fərid dedim ki, həmin evin sənədlərini düzəldə bilər. Fəridin faktiki harada işləməsini bilməmişəm. Fəridin kimə Reyestr Xidmətindən sənəd düzəltməsini hal-hazırda xatırlamıram”.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tariel Qocayev 10 il müddətinə azadlıqdan məhrum edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top