Nazirlərin ABŞ görüşü ilə bağlı AÇIQLAMA

SİYASƏT 21 okt 2020, 09:22

Bu, əvvəldən hazırlanmamış bir görüşdür. Belə görüşlərə adətən ekspromt görüşlər deyirlər. Çünki müharibə gedir. Erməni tərəfini konstruktivliyə yönəltmək mümkün olmur. İndiyədək Rusiyanın bu istiqamətdə cəhdlər olub. Ancaq Ermənistanın qeyri-konstruktivliyi üzündən bu cəhdlər nəticəsi qalıb. Ona görə də indi ABŞ təşəbbüs göstərməyə başlayıb.


Bunu Xarici İşlər naziri Ceyhun Bayramovun oktyabrın 23-də ABŞ-a gözlənilən səfərini şərh edən politoloq Qabil Hüseynli bildirib.


O qeyd edib ki, görüş sırf atəşkəs məsələlərinin həll edilməsinə yönələcək:


“Yəni burada Dağlıq Qarabağ probleminin nizamlanması, bununla bağlı həmsədrlərin təklifləri, yaxud tərəflərin mövqelərində kompromislər axtarılması kimi məsələlərə diqqət yetirilməyəcək. Ola bilsin ki, səthi olaraq rəylər soruşulsun. Amma bu məsələ sırf bölgədə atəşkəsin əldə edilməsinə yönəlib. Bu məsələnin özü ilə də bağlı kompromisə gəlmək çətin olacaq. Birincisi, atəşkəsin elan edilməsinə razılıq verilməsi hələ atəşkəs deyil. Çünki atəşkəsə riayət edilməsinə dair mexanizm hazırlanmalıdır. Vəziyyətin qaynar fazada olduğu indiki dövrdə belə mexanizmin yaradılması, özü də qısa müddətdə yaradılması real hadisə kimi görünmür. Azərbaycanın şərtləri bəllidir. Rəsmi Bakı işğal olunmuş bütün torpaqlardan erməni qoşunlarının çıxarılmasını tələb edir. Yəni əsas tələb Azərbaycanındır. Ermənistanın belə bir tələbə razılıq verib-verməyəcəyi demək çətindir. Çünki ermənilər bütün görüşlərdə hər şeyi manevr edərək öz xeyirlərinə fırlatmağı, vaxt qazanmağı və yenidən təşkil olunaraq Azərbaycanın müzəffər ordusunu dayandırmaq məqsədi güdürlər. Bu səbəbdən danışıqların gərgin keçəcəyi qənaətindəyəm”.


Qabil Hüseynli qeyd edib ki, həmsədrlər də üzü ağ deyil:

 
“Onlar müharibənin davam etdiyi müddətdə Gəncənin və ətraf bölgələrin mülki əhalisinin raket atəşinə tutulmasını pisləyən bir bəyanatla çıxış etmədilər. Onlar əvvəldən “dişsiz” adamlar idilər. Hərbi əməliyyatların davam etdiyi dövrdə isə tamamilə prinsipsiz mövqe tutdular. Ona görə də həmsədrlərin Amerikada keçiriləcək görüşdə iştirak edib-etməməsindən asılı olmayaraq hadisələrə təsir etmək imkanları böyük deyil. Hətta mən deyərdim heç bir təsirləri yoxdur”.

 
Politoloq güman edir ki, Azərbaycan tərəfi öz tələblərini irəli sürəcək:

 
“Ermənistan tərəfi əlbəttə, müxtəlif manipulyasiyalardan istifadə edərək vəziyyəti mürəkkəbləşdirməyə çalışacaq, amma onların bu fəndinin həyata keçəcəyini güman etmirəm”.

 
Qabil Hüseynli ABŞ-n tutduğu mövqe ilə bağlı deyib: “ABŞ-ın Helsinki Yekun Aktının prinsiplərinə riayət etməsi məsələsinin nə dərəcədə gündəmdə olmasının özü də danışıqlar prosesinə təsir edə bilər. Amerika Azərbaycanın ərazi bütövlüyünü tanıyır. ABŞ Ermənsitanı işğalçı kimi tanıdığını bəyan etsə və işğal edilmiş ərazilərin geri qaytarılmasını tələb etsə, sözsüz ki, biz də Dağlıq Qarabağa unitar dövlət daxilində hansısa statusun verilməsinə razılıq verə bilərik”.

 
Qeyd edək ki, oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ Dövlət Katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.(teleqraf.com)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top