"Biz 1988-ci ildə meydanlara Azərbaycanın müstəqilliyinə görə çıxmamışdıq" - Araz Əlizadədən QALMAQALLI AÇIQLAMALAR

GÜNDƏM 23 okt 2018, 15:15

"18 oktyabr Dövlət Müstəqilliyi Gününün qeyri-iş günü olmamamasında heç bir qəbahət yoxdur. Mən buna çox normal baxıram. Yəni, bir gün artıq işləməklə heç bir qəbahət olmaz". 


Bu fikirləri Demokrat.Az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə bildirib. 


A.Əlizadə Azərbaycanda iş günü olmayan bayramların sayının artırılması əleyhinə olduğunu söyləyib:


Deputat deyib ki, bayram günü işləməyə normal baxılmalıdır:


"Bəzən belə yanaşmalar olur ki, bu gün bayramdır və işləməyək. Bu doğru deyil. Bayramda işləyərlər. Ona görə də 18 oktyabrın qeyri-iş günü olması mənim üçün prinsipial deyil. 18 oktyabr bayramdır və Azərbaycan cəmiyyəti üçün böyük nemətdir".


Tanınmış jurnalist Mir Şahin Ağayevin 18 oktyabr Müstəqillik Gününün bayram günü olmamamsı haqqında söylədiyi fikirlərə də toxunan A.Əlizadə bu cür yanaşmanın doğru olmadığını söyləyib:


"Mənim yaxşı yadıma gəlir. Biz Azərbaycanın Müstəqillik Aktını qəbul edəndə, buna ən çox sevinənlərdən biri Mir Şahin Ağayev, Vahid Naxış, Seyfulla Mustafayev, rəhmətlik Çingiz Mustafayev idi. Müstəqilliyimiz bizim üçün böyük nemətdir, böyük bayramdır. Bunun qədrini bilmək lazımdır. Mən də Azərbaycanın Dövlət Müstəqilliyi əldə etməsinə çalışan adamlardan biri olmuşam. Bəzən kimlərsə mənim ünvanıma çamur atmaq istəyir. Ancaq onlar bununla heç nəyə nail ola bilməz. Bu gün bir-birini qıran AXCP, Müsavat təsadüfi insanlardır. Biz 1988-ci ildə meydanlara Azərbaycanın müstəqilliyinə görə çıxmamışdıq. O vaxtı biz meydanlara Qarabağa görə çıxmışdıq. Əfsuslar olsun ki, bu gün biz müstəqil dövlət olsaq da, Qarabağı itirmişik. Mənim üçün əsl müstəqillik bayramı Qarabağ işğaldan azad ediləndən sonra olacaq. Torpağı işğal altında olan dövlət müstəqil ola bilməz. Biz torpaqlarımızı işğaldan azad etdikdən sonra tam müstəqil olacağıq".     


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top