Siyasət meydanının döyüşkən əsgəri

TƏHLİL 09 okt 2020, 14:12

Geniş ictimaiyyət ilk dəfə onu - Hikmət Hacıyevi təxminən 6-7 il əvvəl tanımışdı. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri kimi.


Həmin vaxt deputat Asəf Hacıyevin oğlu olması barədə xəbərlər yayılmışdı. Lakin sonradan özü bu xəbərləri təkzib etdi: "Bu, tamamilə yanlış informasiyadır. Atamın adı Fərhaddır, özü də təqaüdçüdür".


2 il əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri təyin olundu. Ötən ilin noyabrından isə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisidir. Siyasətlə maraqlanmayan sıravi vətəndaş üçün dövlət başçısının yardımçılarından biri idi, vəssəlam. Geniş publika önünə daha çox koronaviruslu günlərdə çıxmağa başladı. Operativ Qərargahın keçirdiyi brifinqlərdə iştirakı maraqla qarşılandı. Səlis və aydın nitqi, hər sahədən məlumatlı olması, ətraflı və dəqiq cavabları, bəzən zarafatları ilə əksəriyyətin rəğbətini qazandı. Eləcə də təvazökarlığı, qarşı tərəfi dinləyə bilmə bacarığı göstərdi ki, Hikmət Hacıyev əsl diplomatdır.


İyul ayında ermənilərin Tovuz istiqamətində törətdikləri təxribat zamanı H.Hacıyev diqqəti yenidən üzərinə çəkdi. "Al Jazeera İnternational" beynəlxalq televiziya kanalında Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə debatdan açıq-aşkar qalib ayrıldı. Açıqlamaları ilə erməni naziri susduran Hikmət Hacıyev həm də qarşı tərəfin yalanlarını ifşa etmişdi.


Son günlər isə adından daha çox söz etdirir. Ordumuzun Qarabağda tarix yazdığı bu şanlı günlərdə Hikmət Hacıyev də siyasət meydanının döyüşkən əsgərinə çevrilib. İstər cəbhədəki son durumla bağlı brifinqlərdə, istərsə də beynəlxalq mediaya açıqlamalarında Azərbaycanın haqq səsini inamla dünyaya çatdırır.


Bəzən elə təəssürat yaranır ki, sanki Hikmət Hacıyev hər yerdədir. Bu gün İstanbulda Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı hansısa tədbirə qatılır, səhərisi isə Ali Baş Komandanın tapşırığına əsasən, hərbi hissədə əsgərlərimizə dəstəyini nümayiş etdirir. Baş verən hadisələrə anında, operativ reaksiya göstərməsi də Hikmət Hacıyevin üstünlüklərindən biridir. Onun xalqın gözündə dəyər qazanmasında rol oynayan amillərdən biri də qarşısındakının kim olmasından asılı olmayaraq, hər zaman haqqı deməsidir. Bir müddət əvvəl Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərbaycan Ordusunun Ermənistan baş nazirinin həyat yoldaşını əsir götürməyi səbirsizliklə gözlədiyi kimi yerinə düşməyən açıqlama vermişdi. Çox keçmədən Hikmət Hacıyev bəyan etdi ki, "Azərbaycan Ordusu heç vaxt qadınlarla və ümumiyyətlə, mülki şəxslərlə döyüş aparmayıb". Onu da əlavə etdi ki, "Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılaraq vəzifəsindən azad edilərdi". Təbii ki, prezidentin köməkçisi olan bir şəxsin hadisələrə belə reaksiyası onu xalqın gözündə ucaldır. Sıravi vətəndaşların sevgisini tutduğun kreslo ilə deyil, işinlə, zəhmətinlə qazana bilərsən. Hikmət Hacıyev də bunu bacarıb.


Cənab Prezident İlham Əliyevin də dediyi kimi, bu günlərdə biz xalqımızın və dövlətimizin yeni tarixini yazırıq. Əvvəl Suqovuşanı, onun ardınca Cəbrayılı düşmən işğalından azad etdik. İndi isə sıra Füzulidə, Zəngilanda, Ağdamda, Ağdarədə, Şuşada, Laçında, Kəlbəcərdədir. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ən yeni tarixi yazılır. Əlbəttə ki, hər bir azərbaycanlı üçün ən böyük hədiyyə Qarabağın işğaldan tamamilə azad olunmasıdır. Bu müqəddəs mücadiləni hərbçilərimiz cəbhədə, səngərlərdə apardığı kimi hər birimiz də öz işimzidə var gücümüzlə çalışmalıyıq. Hikmət Hacıyev də bu mücadiləni öz mövqeyində aparır. Bu gün Azərbaycanın qazandığı tarixi zəfərdə qəhrəman hərbçilərimizin döyüş meydanında rolu nə qədərdirsə, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında da Hikmət Hacıyevin o qədər önəmli rolu var.


Bu yolda mücadilə aparan hər kəsin işi avand olsun!...(525.az)


İbrahim CƏFƏROV 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top