"Qarabağda kim yaşayırsa, yolu da o çəkməlidir" — Bayram Səfərovdan ŞOK AÇIQLAMALAR

GÜNDƏM 19 okt 2018, 16:58

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov işğal altında olan Azərbaycan ərazilərində Ermənistan tərəfindən aparılan müxtəlif quruculuq və infrastruktur işlərindən danışıb.


Demokrat.Az xəbər verir ki, bunu B.Səfərov "Ölkə.Az"a açıqlamasında bildirib ki, işğal altında olan torpaqlarda ermənilər tərəfindən yaradılan infrastruktur Azərbaycan dövlətinə qalacaq:


"Allah qoysa, o yollar özümüzə qismət olacaq. Çünki vaxtında biz çox yolları tikib abadlaşdırmışdıq. Sonradan həmin yerlər ermənilər tərəfindən viran qoyulub. İndi yol çəkirlərsə, qoy çəksinlər də. Bununla nə olacaq? Onsuz da həmin yollardan biz istifadə edəcəyik. Orada kim yaşayırsa, yolu da çəkməlidir. İnşallah torpaqlarımız işğaldan azad olar, biz də gedib istifadə edərik".


İcma rəhbəri deyib ki, indi nə Ermənistanın, nə də Qarabağdakı separatçı rejimin işğal altında olan Azərbaycan ərazilərində yol çəkməyə pulları yoxdur: 


"Sadəcə olaraq, ermənilərə qrant yardımları verilir, onlar da həmin vəsaitlə yol çəkirlər. İndi ermənilər o pulları necə mənimsəsinlər? Ermənilər pul aldıqları yerlərə foto çəkdirib hesabat vermək üçün bu cür addımları atırlar. 


Ermənilərin bu cür addımları qətiyyən Azərbaycan xalqında ruh düşkünlüyü yarada bilməz. Çünki indiki güclü Azərbaycan möhtərəm Prezidentimizin sayəsində daha da inkişaf edir, dünyada böyük nüfuz sahibinə çevrilib. Bu yaxınlarda Almaniyada Dağlıq Qarabağ növbəti dəfə Azərbaycanın ərazisi kimi tanınıb. Bütün bunlara nail olmaq asan iş deyil. Bunların hamısı Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində mümkün olur. Bu gün dünyanın hər bir yerində Azərbaycan tanıdılır. Təsadüfi deyil ki, indi dünyanın əksər ölkələrində Azərbaycan xalqının yüksək mədəniyyəti və qonaqpərvərliyindən, ölkəmizin tarixindən danışılır. Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində bizə hörmətlər olunur. Bizi tanıyıb, sayırlar. Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərləri sürətlə inkişaf edir, ölkəmiz neft asılılığından qurtarmaq üzrədir. Ölkəmizdə kənd təsərrüfatı, turizm və digər qeyri-neft sektoru sahələri inkişaf etdirilir. İnsanlarımızın sosial rifahı gün-gündən yüksəlir, dövlətin öz vətəndaşlarına qayğısı hər kəs tərəfindən bilinir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top