"Səmimi olmaq lazımdır..." Ekspertdən Hacıbala Abutalıbova

GÜNDƏM 17 okt 2018, 18:15
"Evlərin tikildiyi torpağın alınmasından tikintisinə qədər müvafiq yerli İcra Hakimiyyəti orqanları ilə müxtəlif formada anlaşmalar, hətta korrupsiya elementləri olub".
 
Demokrat.Az xəbər verir ki, bu sözləri EkoNews-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O, sürüşmə ərazisindəki evlərin hansı əsaslarla tikilməsi haqda da danışıb:
 
"Son illərdə bu məsələ çox ciddi müzakirə mövzusuna çevrilib. Aparılan araşdırmadan görünür ki, hər 7-8 ailədən biri bu problemi yaşayır. O ki, qaldı evlərin sənədsiz olmağı məsələsinə, Hacıbala Abutalıbov da, bir neçə rayonun icra başçısı işləmiş Eldar Əzizov da gözəl başa düşür ki, bunlar qanunsuz yox, sənədsiz tikililərdir. Bunu cənab Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında bildirib. Doğrudur, bu gün o evləri sənədsiz olduğu üçün qanunsuz adlandıra bilərik, amma əsas mahiyyət bundadır ki, evlərin sadəcə sənədi yoxdur.  Bir daha deyirəm, sənədsiz olsalar da, tikintilər İcra Hakimiyyətinin icazəsi ilə tikilib”.
 
Ramil Osmanlı Bakı-Abşeron ərazisində sənədsiz tikilərin 500-600 mindən çox olduğunu bildirib:
 
"Belə tikililərin sayı Bakı, Abşeron yarmadasında 500-600 mindən çoxdur. Bu problemin aradan qaldırılması üçün heç də onların sökülməsinə ehtiyac yoxdur”.
 
Ekspert baş nazirin birinci müavini Hacıbala Abutalıbovun sökülməsi nəzərdə tutulan sənədsiz evlərlə bağlı fikirinə münasibət də bildirib:
 
"Hacıbala Abutalıbovun poetik fikirləri haqda isə onu demək istəyirəm ki, Dostluq parkı ərazisində söküntü aparılarkən Hacıbala Abutalıbov eyni ssenari üzrə hərəkət edirdi və ərazidə sökülən bir neçə evin sənədi Hacıbala Abutalıbovun şəxsi imzası ilə verilmişdi. İnsan gərək belə bəyanatlar verərkən səmimi olsun”.
 
Qeyd edək ki, Hacıbala Abutalıbov dünən jurnalistlərə açıqlamasında həmin ərazidəki torpaqların onun mer olduğu dövrdə satılmadığını və bu evlər qanunsuz tikildiyindən onların heç birinə kompensasiyanın verilməyəcəyini  bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top