Sərdar Cəlaoğlu: "Partiyalar bu bəyanatı verməklə müharibənin məsuliyyətini hakimiyyətlə bölüşdürür"

SİYASƏT 30 sen 2020, 23:10

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ali Baş Komandan İlham Əliyevi yekdilliklə dəstəkləyən və 50-dək siyasi partiyanın yaydığı bəyanatın mahiyyətindən danışıb. 


Demokrat.az-ın xəbərinə görə, Lalə Azərtaşın aparıcısı olduğu Xəzər TV-nin “Birinci studiya” verilişinin xüsusi buraxılışında qonaq olan S.Cəlaloğlu, həmin bəyanata onun da rəhbəri olduğu partiyanın imza atdığını qeyd edib. ADP sədri, bildirib ki, onlar bununla siyasi partiya olaraq öz dəstəklərini nümayiş etdiriblər:


"Bəyanatın yalnız hakimiyyətin iradəsi ilə başlanan bir müharibə olmadığını dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük əhəmiyyəti var. Yəni bu müharibənin ədalətli olması, cəmiyyətdən gələn sifarişlə bu müharibənin başladılmasını göstərən bir faktdır. İkincisi, ölkədə olan siyasi partiyalar bu bəyanatı verməklə müharibənin məsuliyyətini hakimiyyətlə bölüşdürür. Necə deyərlər, əlini daşın altına qoyur, çiynini yükün altına verir. Həm beynəlxalq ictimaiyyət qarşısında, həm də ölkə ictimaiyyəti qarşısında bu müharibənin bütün məsuliyyətini bölüşdürdüyünü bəyan edib. Təbii ki, bu həm də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar müharibədə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməklə bağlı özünün münasibətini ifadə etmiş olur”.


Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Prezident İlham Əliyevə dəstək olaraq bəyanat yayıblar. Bəyanatı imzalayan siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduğunu bildiriblər.


Zaur 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top